Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Acından ölürük” iddiaları yanlışdır

Əslində bu şoudan siyasi məqsədlər üçün istifadə edirlər

30.08.2023 10:25
146
A+
A-

 

“Qarabağda erməni əsilli sakinlər yaşayan əraziyə 40 ton humanitar yük aparılıbsa, bu, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar addımıdır. Təbii ki, bu yükün qəbul edilməməsi, ermənilərin buna əngəl törətmələri deməyə əsas verir ki, “acından ölürük” iddiaları yanlışdır. Əslində bu şoudan siyasi məqsədlər üçün istifadə edirlər. Onlar necə olur-olsun, Azərbaycana reinteqrasiyada maraqlı olmadıqlarını göstərirlər”.

 Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili  Arzu Nağıyev deyib. Bildirib ki, Azərbaycanın göndərdiyi humanitar yükün ermənilərə çatdırılmasında Rusiya sülhməramlıları maraqlı olmalıdır. Qondarma separatçı qurumun rəhbərləri öz icmalarının qayğısını çəkirlərsə, doğrudan da, ermənilər “humanitar təhlükə” ilə üz-üzədirlərsə, o zaman bu yükü qəbul etməli idilər.

Bir müddət əvvəl Ermənistan Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti absurd bəyanatla çıxış etmişdi ki, guya Azərbaycan Qızıl Aypara Cəmiyyəti siyasi məsələlərlə məşğuldur. Bunun, əlbəttə, heç bir əsası yoxdur. Azərbaycan Qızıl Aypara Cəmiyyəti siyasətə qoşulmayan, öz humanitar missiyasını yerinə yetirən bir təşkilatdır. Qurum öz üzərinə düşən vəzifələrin icrasında yüksək səviyyədə iştirak edir.

A.Nağıyev əlavə etdi ki, hansısa xarici dövlətin, təşkilatın “humanitar yardım” adı altında sərhədə yüklər gətirməsi, Laçın yolundan keçirməyə cəhd göstərməsi doğru addım deyil. Bu, onların  məsələni siyasiləşdirmək niyyətindən xəbər verir. Doğrudan da, problem varsa, bu problemin həllində Azərbaycan birincidir. Bu istiqamətdə də addım atılacaq.

Son günlər Fransa rəsmilərinin Azərbaycana qarşı təxribatlarının artdığını görürük. Ölkənin prezidenti və xarici işlər naziri Azərbaycana qarşı gülünc və saxta ittihamlarla dolu bəyanatlar səsləndirib.

Yerli mətbuatın məlumatına görə, rəsmi Paris Qarabağ ermənilərinə yardım üçün BMT Təhlükəsizlik Şurasına yeni qətnamə təqdim etməyə hazırlaşır.  Bundan başqa, Paris meri Anna Hidalqonun rəhbərliyi altında bir qrup Fransa rəsmisi Qarabağa guya “humanitar yük” aparmaq üçün 10 yük maşını kirayələyib və Azərbaycan-Ermənistan sərhədinə göndərib.

Millət vəkili bildirib ki, Azərbaycan ərazi bütövlüyü ilə bağlı hər hansı təxribatın baş tutmasına icazə verməyəcək: “Orada, həqiqətən, humanitar problem varsa, Azərbaycan tərəfindən göndərilən TIR-lar qəbul olunmalıydı.  “TIR”lar birmənalı şəkildə həmin əraziyə məhz Ağdam-Xankəndi yolu ilə daxil olmalıdır. Dünən Fransa Prezidenti Emmanuel Makron cənab Prezidentə telefon zəngi edib. Telefon danışığı zamanı regionda baş verən hadisələrin müzakirəsi aparılıb. Biz yenə də bildirmişik ki, ərazi bütövlüyü ilə bağlı hər hansı təxribata yol verilməyəcək. Fransanın indiki yardımda göndərdiyi avtomobillərin üzərində “Artsax” sözü yazılıb. Bu, ən böyük təxribat idi. Çünki “Artsax” adında qurum yoxdur. Azərbaycan bunu qəbul etmir. Məhz bu, sülh prosesinə ən böyük manelərdən biridir. Düşünürəm ki, BMT TŞ-nin üzvü olan və  vaxtilə ATƏT-in həmsədrliyində iştirak etmiş dövlət belə təxribata əl atmamalıdır”.

A.Nağıyev vurğuladı ki, Fransa belə təxribatçı addımları ilə Türkiyə və Rusiyanın regiondakı nüfuzunu azaltmaq istəyir:

“Beləliklə, Fransa öz nüfuzunu artırmaq istəyir. Onlar orada nə ermənilərin “aclığını” sayır, nə də onların problemləri Fransa üçün maraqlıdır. Onların atdığı bu addımlar siyasi təxribat və şoudur.

Biz Fransaya cavabımızı vermişik. Cavab verməyə də davam edirik. Bura bizim öz ərazimizdir və bizimlə razılaşdırılmadan heç bir addım atıla bilməz. Hər bir addım bizimlə razılaşdırılmalıdır”.

 

ƏSLİ TELMANQIZI

ETİKETLƏR:

Foto