Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu”

AHİK sədri Səttar Möhbalıyev tələbələrə bir sıra tövsiyələr verib və növbəti tədris ilində uğurlar arzulayıb.

08.09.2023 00:17
18
A+
A-

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.

Tədbirdə müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

AHİK sədri Səttar Möhbalıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısıdır və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı    (çıxışın tam mətni 2-ci və 3-cü səhifələrdə verilib).

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur     Rzayev çıxışında “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə, o cümlədən Xaçmazda təşkil olunan tədbirlərdən, həyata keçirilən layihələrdən danışıb, Ulu Öndərin xilaskarlıq missiyasından və gənclər siyasətindən söz açıb. Bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövlətçiliyimizin təməllərini elə mükəmməl formalaşdırdı ki, bu, yüzilliklər boyu Azərbaycanın uğurlu inkişafının təminatçısıdır: “Ulu Öndər az müddətdə ölkəmizi hərtərəfli inkişaf məkanına çevirdi. Öncə vətəndaş müharibəsinin qarşısını alaraq respublikanı parçalanma təhlükəsindən xilas etdi. Müdrik idarəçilik keyfiyyətləri sayəsində ictimai-siyasi sabitliyi bərpa edən Ümummilli Lider demokratik vətəndaş cəmiyyətinin əsasını qoydu”.

Elnur Rzayev vurğulayıb ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi hesab edən Ulu Öndər gənclərə diqqət göstərilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib.

Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov Ulu Öndərin təhsil siyasətindən, bu sahə üzrə keçirdiyi islahatlardan, əsasən peşə təhsilinin inkişafına verdiyi töhfələrdən bəhs edib. Onun sözlərinə görə, Ümummilli Liderin uğurlu təhsil siyasətinin nəticəsi olaraq artıq 2003-cü ildə dünyanın nüfuzlu ali təhsil ocaqlarında 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı: “Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial vəziyyəti hər zaman Ulu Öndərin diqqətində idi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Heydər Əliyev ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir”.

Daha sonra Vətən müharibəsi qazisi, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Xəyyam Qədiməliyev, Azərbaycan Dillər Universitetinin tələbəsi Zeynəb Salmanova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Leyla Məmmədli, Bakı Mühəndislik Universitetinin tələbəsi Səbuhi Rüstəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Rəşid Əliyev və digərləri çıxış edərək Ümummilli Liderin milli dövlətçilik siyasətindən, ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində atdığı addımlardan, ordu quruculuğundan, onun müdrik rəhbərliyi sayəsində ölkəmizin qazandığı fundamental nailiyyətlərdən, həmçinin hazırda Azərbaycanda gənclərin inkişafı üçün yaradılmış şəraitdən və 44 günlük Vətən müharibəsində gənclərin rəşadətindən danışıblar.

Sonda AHİK sədri Səttar Möhbalıyev tələbələrə bir sıra tövsiyələr verib və növbəti tədris ilində uğurlar arzulayıb.

***

Tələbələrin keçirilən konfrans ilə bağlı     qəzetimizə müsahibəsini sizə təqdim edirik:

-Bakı Mühəndislik Universitetinin  tələbəsi Səbuhi Rüstəmov konfransla bağlı danışaraq qeyd edib ki, Ulu Öndər tələbələrin, gənclərin gələcəyini, ölkənin inkişafının əsas məğzini təhsildə görürdü və bunun üçün zamanında dəyərli yatırımlar etmişdir. Hakimiyyətdə olduğu dövrlərdə ali təhsilin inkişafını hər zaman diqqətdə saxlamış, milli kadrların hazırlığına xüsusi önəm vermişdir.     Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri də 1970-80-ci illərdə Azərbaycandan kənarda, keçmiş SSRİ daxilindəki nüfuzlu ali məktəblərdə respublikamız üçün ehtiyac duyulan ixtisas üzrə minlərlə gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaratmasıdır. Ulu Öndərin respublikadan kənarda milli kadr hazırlığı sahəsində apardığı siyasətin mühüm istiqamətlərindən biri də milli hərbi kadrların yetişdirilməsidir. Həmin illərin ən əhəmiyyətli hadisələrindən biri kimi keçmiş SSRİ-nin ali hərbi məktəblərinə azərbaycanlı gənclərin sistemli şəkildə göndərilməsidir.

Müstəqillik illərində də Ümummilli Lider tərəfindən ali təhsilin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilmişdir.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi uğurla davam etdirilərək Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili ilə bağlı dövlət proqramları təsdiq edilmişdir.

Qürurla deyə bilərik ki, həm ölkə daxilində, həm də xaricində universitetimiz ilə digər universitetlər arasında sıx təmaslar var. Bu əlaqələr intellektual yarışlar formasında, hətta təhsilin digər universitetlər ilə inteqrasiyası formasında da baş verir. Bu tək ölkədaxili deyil, ölkəxarici universitetlərlə də mümkündür. Xatırladım ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında ikili diplom proqramının həyata keçirilməsi haqqında əməkdaşlıq müqaviləsi imzalanıb. Sözügedən müqaviləyə əsasən, bakalavr təhsil pilləsi üzrə İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisaslarında ikili diplom proqramının həyata keçirilməsi də nəzərdə tutulub. Və bu, tələbələrimiz üçün yüksək bir uğurdur.  Tələbələr təhsillərinin bir qismini Koreyada ala bilirlər, o cümlədən Bakı Mühəndislik Universitetində Koreyadan dəvət olunmuş müəllimlər tərəfindən yüksək və peşəkar səviyyədə dərslər keçirilməkdədir.

Universitetimizdə Tələbə Həmkarlar İttifaqı Komitəsi də yüksək təşkilati fəaliyyətinə görə fərqlənir. THİK tərəfindən həyata keçirilən tədbirlər, intellektual yarışlar tələbələrin asudə vaxtlarının səmərəliliyi, intellektual düşüncəsinin artırılmasında böyük rol oynayır.

Belə bir konfransı təşkil etdiyinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına dərin minnətdarlığımı bildirirəm.

- Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura və doktorantura mərkəzinin Beynəlxalq münasibətlər və dünya iqtisadiyyatı fakültəsinin 2-ci kurs tələbəsi Xəyyam Qədiməliyev qürur hissi ilə 44 günlük Vətən müharibəsində iştirak etdiyini bildirdi. Qeyd etdi ki, Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda gedən hərbi əməliyyatlarda döyüşüb. Xocavənddə yaralanıb. 2-3 ay müalicə aldıqdan sonra yenidən xidmətə davam edib. Ölkə başçısının sərəncamına əsasən, Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə və    “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

X.Qədiməliyev dedi ki, magistraturaya girdikdən sonra  təhsilini dondurararq könüllü  hərbi xidmətə gedib. Xidməti bitirdikdən sonra təhsilinə davam edib: “İqtisad Universitetinin rəhbərliyi və Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) təhsilimlə bağlı mənə çox yardımçı olublar. THİK-in universitetimizdə fəaliyyətini yüksək qiymətləndirirəm. Hər zaman mənə mənəvi dayaq olublar. Təşkil olunan tədbirlərdə məni heç vaxt diqqətdən kənarda qoymurlar. Şəhid ailələrinə, qazilərə hər zaman vaxt ayırır, onlarla bağlı istənilən tədbirdə yaxından iştirak edirlər”.

Ölkəmizdə gənclər üçün görülən işlər təqdirəlayiqdir. Həm təhsil, həm də təhsildən sonra gənclərin ixtisaslarına uyğun işlə təmin olunması məqsədilə ardıcıl siyasət aparılır. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizdə insan kapitalına ön sıralarda yer verilir. Gənclər də bundan istifadə edib öz güclərini ortaya qoymalıdırlar.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR: