“Uşaq mənimdir, baba, dəxli nədir sizlərə?
Kim sizi qəyyum edib hökm edəsiz bizlərə?” M.Ə.Sabir

Qısa araşdırmaya əsasən, dünyaca məşhur mütəxəssislərin vahid məktəbli formalarının məktəbin ruhunu təbliğ etdiyini və şagirdlərin “birlik, bərabərlik” hiss etmələri üçün vacib olduğu qənaətinə gəldiklərini qeyd etmək istəyirəm. Uniforma qürur hissi yaratmağa kömək edir və şagirdləri komanda kimi fəaliyyət göstərməyə həvəsləndirirmiş. Onlar məktəblərini hər hansı bir müsabiqədə və ya məktəblərarası tədbirlərdə təmsil etdikdə, forma onlara stimul verirmiş.
Paytaxtda və eləcə də digər şəhərlərdə orta ümumtəhsil məktəblərində vahid formadan istifadə edilsə də, bu qayda bütün bölgəni, rayon və kəndləri əhatə etmirdi. Bu ildən Azərbaycanda 4447 orta ümumtəhsil məktəbinin hər birində uniformadan istifadə ediləcək. Bəs bu sahədə narahatedici, təkmilləşdirilməli olacaq məqamlar nələrdir? Ölkəmizdə satılan uniformaların və ümumiyyətlə, digər məktəb ləvazimatlarının qiyməti ailələrin orta aylıq əməkhaqqına uyğundurmu? Bəs keyfiyyət necədir?
Qeyd edim ki, qiymətlər barədə araşdırma elədik və məlum oldu ki, lisey məktəblər üçün valideyn 130 azn ( polo qısaqol-27 azn, polo uzunqol-28 azn, jaket 40 azn, şalvar-ətək isə 35 azn) ödəməlidir. “Bakı Tikiş Evi” ASC-nin verdiyi məlumata əsasən isə, digər məktəblilər üçün ətək və şalvarlar yun tərkibli parçalardan ibarətdir və qiyməti 25 manatdır. Qısaqol və uzunqol köynəklər 17 manatdır. Yerli istehsal olan jaketlər 25, Türkiyədən gətirilən jaketlər isə 30 manatdır.
Buraya ayaqqabı, çanta və digər məktəb ləvazimatlarını da əlavə etsək, məbləğ minimum 150- 200 azn olur. Bir ailədə tək uşaq üçün bu qiymət normaldır. Lakin 2- 3 məktəbli övladı olan ailə üçün eyni sözü deyə bilmərik. Yəqin ki, onlar aylıq əməkhaqlarının çox hissəsini xərcləməli olacaqlar, əgər işləyirlərsə... aylıq qazanc yerləri varsa...
Bu prosedur bölgələrdə yeni tətbiq olunduğu üçün formanın orada necə qarşılanmasını aydınlaşdırmaq istədik. Məlum oldu ki, əksər şagird və valideynlər qərarı sevinclə qarşılasa da, aztəminatlı ailələr narazıdır. Məktəb rəhbərləri bu qərarın Nazirlər Kabineti tərəfindən verildiyini və hər kəsin riayət etməli olduğunu bildirib. Amma aztəminatlı ailələrdən bir neçəsi məktəb rəhbərliyinə müraciət edərək məktəbli formasını almağa imkanı olmadığını, almayacağını bildirib. M. Ələkbər Sabirin dediyi kimi, “Uşaq mənimdir, baba, dəxli nədir sizlərə?
Kim sizi qəyyum edib hökm edəsiz bizlərə?”
Bəs belə halda nə olacaq? Aztəminat
lı ailələrə hər hansı güzəştin tətbiqi gözlənilirmi?
Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, tədris ili üçün məktəbli formalarını valideynlər istənilən halda almalıdır. Bu qərar qeyri- qanuni yox, Nazirlər Kabinetinin göstərişinə əsasən verilib. Nazirlər Kabineti tərəfindən sonuncu verilən qərara əsaslansaq, orada üç ildən bir formaların dəyişilməsi nəzərdə tutulur. Xarici ölkələrlə müqayisə aparsaq, orada da məktəbli formaları ya hər il, ya da 3-5 ildən bir dəyişir. Düşünürəm ki, hər il məktəbli formaları dəyişilməkdənsə, 3 ildən bir dəyişilməsi daha məqsədəuyğundur. Artıq bu yöndə yekun qərar verilməlidir. Vahid məktəbli forması müəyyənləşdirilməli, ondan kənara çıxılmamalıdır. Hər il eyni formanı almaq, dəyişmək və yaxud tikdirmək, sözsüz ki, həm şagirdi, həm valideyni çıxılmaz vəziyyətə salır və maddi sıxıntı yaradır. Hər il geyim dəyişdikcə valideyn məcbur olub yeni forma alır. Amma bu, standart olsa, valideyn əvvəldən tədbirini görər. Yəni övladının hər il müəyyən qədər boy artımını nəzərə alar.
Elçin müəllim dedi ki, bölgələrdə mütləq aztəminatlı ailələrin maddi vəziyyəti nəzərə alınmalıdır. Amma, hələ ki, bu haqda heç bir qərar yoxdur. Ümid edirəm, formanı heç almaq imkanı olmayan valideynlər üçün müəyyən güzəştlər tətbiq edilər ki, onların övladları digər şagirdlərdən seçilməsin. Uniforma “birlik, bərabərlik” hissi aşılayırsa, şagirdlər arasında formasız qalan olmamalıdır.
ƏSLİ