Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hər bir vətəndaşımızın mənəvi borcu

Qarşıdan gələn 15 Sentyabr - Bilik Günü münasibətilə şəhid ailələri ilə növbəti görüş Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsində (BHİK) baş tutdu.

13.09.2023 11:59
5
A+
A-

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritetidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. Prezidentin imzaladığı müvafiq fərman və sərəncamlar şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayır. Dövlət başçısı çıxışlarında hər zaman bu insanların problemlərinin həllinə diqqət yetirilməsinin vacibliyini vurğulayır.

Qarşıdan gələn 15 Sentyabr - Bilik Günü münasibətilə şəhid ailələri ilə növbəti görüş Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsində (BHİK) baş tutdu. BHİK nümayəndələri şəhid övladlarına məktəbli çantası və ləvazimatları hədiyyə etdilər. Məlumat üçün qeyd edək ki, Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi ənənəvi olaraq hər il Bilik Günü ərəfəsində respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan şəhid ailələri ilə görüşərək onların övladlarına məktəbli çantası və ləvazimatları hədiyyə edirlər. Komitə üzvləri ənənəyə sadiq qalaraq bu il də ümumilikdə 15-dən çox ailənin 40-a yaxın uşağını sevindiriblər.

Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Zakir Müslümov şəhid ailələrini salamlayaraq dövlətimizin onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirdiyini bildirdi. Dedi ki, Azərbaycanda müharibə əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqustun 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənilməsi istiqamətində atılan ilk addımdır. Həmin dövrdən başlayaraq bu sahədə yüksək səviyyədə işlər aparılır. Prezident İlham Əliyevin bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Dövlət başçısının müvafiq göstərişlərinə əsasən, dövlət qurumları onların problemləri ilə yaxından maraqlanır, aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirir, aidiyyəti orqanlar tərəfindən şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına qayğı və diqqətin artırılması məqsədilə sistemli işlər görülür.

Çıxışına davam edən BHİK sədri bildirdi ki, şəhid ailələrinə və müharibə veteranlarına diqqət göstərmək, onların qayğıları ilə maraqlanmaq hər bir vətəndaşımızın mənəvi borcudur: “Şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. Sizin yoldaşlarınızın, övladlarınızın igidliyi, şücaəti sayəsində biz firavan həyat yaşayırıq. Otuz ilə yaxın işğalda olan torpaqlarımız onların döyüş əzmi, mübarizliyi və canları bahasına azad olundu. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun əks-hücum əməliyyatı Böyük Qələbəmizlə başa çatdı. Mərd oğullarımız zəfər tariximizi öz qanları ilə yazdılar. Bu müqəddəs yolda canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar, gələcək nəsillərə örnək olacaq ömür yadigar qoydular. Onların qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olacaq”.

Görüşün sonunda çıxış edən şəhid ailələri AHİK üzvlərinə təşəkkürlərini bildirdilər. Belə görüşlərin və tədbirlərin keçirilməsinin onlara dövlətimiz və xalqımız tərəfindən göstərilən yüksək qayğının nəticəsi olduğunu qeyd etdilər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirdilər. Rəşadətli Ordumuzun şanlı qələbəsindən, işğaldan azad olunan torpaqlarımızda üçrəngli Azərbaycan bayrağının dalğalanmasından təsəlli tapdıqlarını diqqətə çatdıraraq dedilər ki, var olsun Vətənimiz, var olsun Azərbaycan Ordusu!

ETİKETLƏR:

Foto