Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ali məktəblərə yüksək balla qəbul olmuş şəkili məzunlar mükafatlandırılıb

Görüşdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, təhsil işçiləri, şəhid ailələrinin üzvləri, qazilər, valideynlər iştirak ediblər.

13.09.2023 12:02
6
A+
A-

Sentyabrın 8-də Şəki Heydər Əliyev Mərkəzində 2022-2023-cü tədris ilinin yekunlarına görə Şəki rayonu üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlar, respublika fənn olimpiadalarının və digər müsabiqələrin respublika turunun qalibləri ilə görüş keçirilib.

Görüşdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, təhsil işçiləri, şəhid ailələrinin üzvləri, qazilər, valideynlər iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyev 2022-2023-cü tədris ilinin yekunları ilə bağlı Şəki rayonunda təhsil sahəsində əldə olunmuş nəticələrə dair məruzə ilə çıxış edib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında Prezident  İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Şəkidə elmə, təhsilə həmişə böyük maraq olduğunu vurğulayıb. Ali məktəblərə daxil olaraq tələbə adını qazanan məzunları təbrik edib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev regionda təhsil sahəsində qazanılmış uğurlardan danışıb. Tələbə adını qazananlara gələcək təhsil illərində uğurlar arzulayıb.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri      Ziyafət Xasiyeva çıxışında təmsil etdiyi qurum adından tələbə adını qazanan, respublika fənn olimpiadası, müsabiqəsi və digər yarışların respublika turunda qalib olmuş şagirləri təbrik edib.

Tədbirdə həmçinin Vətən müharibəsi veteranı, İbrahimkənd kənd tam orta məktəbin direktoru Cəlal Bayramov, 665,5 bal toplayaraq ali məktəbə qəbul olmuş, respublika fənn olimpiadasının bürünc mükafatçısı, Şəki şəhər 7 №-li tam orta məktəbin qızıl döş nişanlı məzunu Zəhra Sadıqlı, Kimya-biologiya təmayüllü liseyin müəllimi Sevinc Ziyəddinova, şahmat üzrə dünya çempionatının gümüş mükafatçısı Süleyman Süleymanlının anası, Əməkdar məşqçi-müəllim Gülnarə Süleymanova çıxış ediblər.

Sonra ali məktəblərə qəbul olmuş məzunların və respublika fənn olimpiadalarının və digər müsabiqələrin respublika turunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Yeni tədris ilinin başlanması ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və yerli iş adamı Rahim Calalovun dəstəyi ilə Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları üçün hazırlanmış məktəbli geyimi və ləvazimatlarından ibarət hədiyyələr uşaqların valideynlərinə təqdim edilib.

Tədbir bədii hissə ilə başa çatıb.

 

ETİKETLƏR:

Foto