Rəqabət Məcəlləsi -
həm biznesin, həm də müştərilərin güvəndiyi qanun

Hökumət uzun müddətdir ki, üzərində işlədiyi mühüm iqtisadi sənədi -Rəqabət Məcəlləsinin layihəsini yekunlaşdıraraq Milli Məclisə təqdim edib. Layihə yaxın günlərdə parlamentin müvafiq komitələrində müzakirə olunduqdan sonra plenar iclasa tövsiyə olunub. 12 fəsil, 83 maddədən ibarət olan Məcəllə azad rəqabət mühitinin təmin olunduğu qabaqcıl Avropa ölkələrinin mövcud təcrübəsinə əsaslanmaqla hazırlanıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə görə, Rəqabət Məcəlləsinin layihəsində “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar və digər hüquqi aktlar yeni, vahid sənəddə birləşdirilib. Beləliklə, Məcəllə qeyd olunan qanunlarda və digər hüquqi aktlarda əks olunmuş bütün hüquqi məsələləri, eyni zamanda azad rəqabətlə bağlı yeni yanaşma və prinsipləri özündə əks etdirməklə vahid hüquqi sənədlər toplusu olacaqdır.
T.Mirkişili hesab edir ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasına səbəb olacaq. Həmçinin ölkəmizin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasının təkmilləşməsində mühüm rol oynayacaq.
Sənədin hazırlanmasında əsas təşəbbüskar və icraedici orqanlardan biri olan İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranov qeyd edib ki, sənəd hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Layihə, Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.
Məcəllədə yeniliklər nədir, hansı iqtisadi-hüquqi məsələlər öz əksini tapıb?
X.Seyranov bildirib ki, Məcəllədə təbii inhisar sahələrinə nəzarət alətləri təkmilləşdirilib, onların fəaliyyətində şəffaf və çevik nəzarəti təmin edən müddəalar əks olunub. Bununla yanaşı, bazar paylarının müəyyənləşdirilməsinin yeni qaydaları, habelə hökmran mövqenin yeni meyarları qeyd olunub. Sənəddə rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması halları, rəqabəti məhdudlaşdıran müqavilələrə dair tələblər, təsərrüfat subyektlərinin bazar payı, haqsız rəqabət, iqtisadi təmərküzləşmələr, dövlət orqanları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi və təbii inhisarların fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı müddəalar öz əksini tapıb.
Məcəllə əsas etibarilə kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələrin ortadan qaldırılmasına xidmət edir. İlk növbədə biznesin maraqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli detallar öz əksini tapıbdır ki, bura ədalətli rəqabət mühitinin təmin olunması, inhisarçılığa qarşı təsirli mübarizə mexanizmlərinin tətbiqi, haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı hədəflər daxildir.
Məcəllənin 15-ci maddəsinə (Bazarda hökmran mövqe) əsasən, bir təsərrüfat subyektinin 50 faiz və daha çox bazar payı ola bilməz, əks halda o, hökmran mövqe, yəni inhisraçı hesab edilir Eləcə də 2 və 3 təsərrüfat subyektinin birgə birləşərək 50 faiz bazar payına sahib olmasına da icazə verilmir, bu da inhisarçılıqdır. Bununla yanaşı, bazarda 35 faiz payı olan, ancaq dolayı yollarla bazara digər təsir imkanları olan təsərrüfat subyekti də hökmran mövqe tutmuş və rəqiblərinin fəaliyyətini sıxışdırmış kimi hesab edilir.
İkincisi, istehlakçıların hüquq və mənafelərinin qorunmasına yönəlik tədbirlərdir. Belə ki, istənilən adda və növdə bir məhsulun mənşəyi, hazırlanma üsulu və texnologiyası, istifadəyə yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti, ümumiyyətlə, istehlakçını çaşdıran və ya aldadan bütün hallar qanunsuzluq hesab edilir və bununla bağlı müvafiq cərimə və cəza tədbirləri nəzərdə tutulur. Bundan başqa, elektron ticarət kanallarında, sosial şəbəkələrdə malın qiyməti və keyfiyyəti, xüsusiyyətləri barədə reklam üsullarından istifadə olunarkən aldadıcı məlumatların yayılması da məsuliyyət yaradan hal hesab edilir. Bunlar 19-cu maddədə (Haqsız rəqabətin formaları) əks olunmuş müddəalardır.
Məcəllədə satıcı şirkət və müəssisə tərəfindən müştərinin heysiyyatına toxunmaq, onun təkliflərinə qeyri-etik davranış sərgiləmək və s. hallar da məsuliyyət yaradır. Əgər satıcı və ya tədarükçü müştərilərə qarşı aqressiv davranış nümayiş etdirərsə, vətəndaşın həmin şəxs barəsində şikayət etmək hüququ vardır (Maddə 20. Müştərilərə qarşı aqressiv davranış).
Vətəndaşları ən çox düşündürən mağaza və ticarət şəbəkələri tərəfindən bazar qiymətlərinin qoyulmasıdır. Hazırda istehlakçıların ən çox gileyləndiyi məsələ də məhz süni qiymət artımlarıdır. Məcəllənin 17-ci maddəsində (Aşağı və yüksək inhisar qiymətləri) qiymətin aşağı və ya yüksək inhisar qiyməti meyarları müəyyənləşib. Belə ki, ticarət müəssisəsi satdığı məhsulun qiymətini gömrük rüsumları, vergi və digər tariflər nəzərə alındıqdan sonra müəyyən edilmiş gəlirlilik marjasından yuxarı təyin edə bilməz. Yəni məhsulun bütün meyarlar nəzərə alınmaqla maya dəyəri xərcləri, tutalım ki, 1 manata başa gəlirsə, onun satışı 1 manat 25 qəpikdən çox olmamalıdır. Əks halda bu, inhisar qiyməti hesab edilir.
Bəs qanun pozuntuları və rəqabətin məhdudlaşdırılması halları ilə bağlı tədbirləri hansı qurum həyata keçirəcək?
Səlahiyyətli orqan kimi müəyyən edilmiş İstehlak Bazarına Nəzarət və Antiinhisar Xidmətinin rəisi Məmməd Abbasbəylinin fikrincə, Rəqabət Məcəlləsinin qəbul edilməsi zamanı qanun pozuntuları ilə bağlı tətbiq edilən maliyyə sanksiyaları və cərimələr daha da ciddi xarakter daşıyacaq. Yeni formalaşacaq struktur - Rəqabət Komissiyası azad rəqabəti pozan şəxslərə qarşı maliyyə sanksiyalarını müəyyən edəcək. Sanksiyanın məbləği əldə edilmiş qanunsuz gəlirin məbləğinin 50 faizi həcmində nəzərdə tutulub. Yəni hansısa aptek müəssisəsi, yaxud market malın satışından nəzərdə tutulmuş satış qaydalarından kənara çıxaraq 500 manat gəlir əldə edibsə, ona birinci dəfə 250 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Növbəti dəfə sanksiyanın məbləği mütənasib olaraq artırılacaq. Həmin müəssisələrin cəzalandırılması üçün, daha doğrusu, qanunsuz gəlir əldə etməsini sübut etmək üçün istehlakçı, yəni müştəri mütləq tutarlı fakt və dəlilləri, sənəd və məlumatları Rəqabət Komissiyasına təqdim etməlidir.
Elbrus CƏFƏROV