Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ölkə vətəndaşları tərəfindən valideynləri olan uşaqların övladlığa götürülməsinin xüsusiyyətləri

Ölkə vətəndaşları tərəfindən valideynləri olan uşaqların övladlığa götürülməsinin xüsusiyyətləri

14.07.2021 02:11
45
A+
A-

 Hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir (BMT-nin”Uşaq hüquqları haqqında” Konvensiyası maddə,27)Uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizdə əhatəli normativ baza mövcuddur. Ölkəmiz Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarından, fərman və müvafiq Qaydalardan ibarət milli qanunvericilik bazasını yaratmaqla bərabər, həm də BMT-nin”Uşaq hüquqları haqqında” Konvensiyasına, “Ölkələrarası övladlığagötürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının “Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair” Fakültativ Protokoluna qoşulmuşdur.
Hər bir uşağın ailədə yaşamaq, onlardan  qayğı görmək hüququ vardır. Belə bir deyim var: “Övlad işıqdır”. Amma işığın parlaması, onun mənəvi və fiziki inkişafı, cəmiyyətin layiqli bir üzvü olması üçün ailənin - hər halında onu başa düşən dayağının olması əsas amillərdən biri və  birincisidir. Çünki bəşər tarixinə nəzər salınarsa,  ailə tərbiyəsindən yüksək tərbiyə formasına rast gəlinməz. Övladlığa götürmə uşağın ailədə yaşamaq, valideynlərdən qayğı görmək hüququnun həyata keçirilməsində böyük rol oynayır.
Qanunverciliklə (Ailə Məcəlləsində, “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda) övladlığa götürmə qaydası dəqiq müəyyən edilmiş, “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli 1 nömrəli qərarı ilə qanunvericiliyin məhkəmələr tərəfindən düzgün tətbiq olunması və vahid məhkəmə təcrübəsinin formalaşması məqsədilə tövsiyələr verilmişdir.
Qanunvericiliklə övladlığa götürmə, uşağın mənafeyi üstün tutulmaqla, müəyyən istisnalarla həyata keçirilir: 
 - Uşağın doğumu Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələrində qeydə alındıqdan sonra övladlığa götürməyə yol verilir.
- Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz.
- Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər.
- Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.
Övladlığa götürmə üç mərhələdə həyata keçirilir:
- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
- övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
- övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.
Ölkə rəhbərinin “Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli 393 saylı Fərmanına əsasən, övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılmasını, övladlığa götürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini, övladlığa götürmə sahəsində vahid nəzarəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) həyata keçirir. Bu məqsədlə Nazirliyin aparatında və DOST Agentliyində övladlığa götürmə ilə məşğul olan struktur bölmə yaradılmışdır.
Nazirlik vahid informasiya bazasını yaratmaq məqsədilə elektron informasiya sistemində “e-sosial” internet portalı üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu elektron formada aparır.
Qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları), eləcə də ögey ata (ögey ana) tərəfindən övladlığa götürmə zamanı vahid informasiya bazasında övladlığa götürən şəxslərə dair yalnız onların məhkumluğu və sağlamlıq vəziyyəti haqqında məlumatlar əks olunur.
Ölkə vətəndaşları tərəfindən övladlığa götürmə barədə müraciət necə olmalıdır və hansı sənədlər təqdim edilməlidir?
Övladlığa uşaq götürmək istəyən şəxs notariusa müraciət etdikdən sonra notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra - Ədliyyə Nazirliyi) “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürülür. Bundan sonra övladlığa götürmək istəyən şəxs övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial” internet portalında qeydiyyatdan keçərək öz şəxsi kabinetini yaradır. Ərizə altsistemə daxil edildiyi andan övladlığa götürmək istəyən şəxs  uçota alınır.

Qanunvericilikdə övladlığa götürmək istəyən şəxsin ərizəsində qeyd edilməli məlumatlar dəqiq göstərilmişdir. Belə ki, ərizədə aşağıda qeyd edilən məlumatlar  mütləq göstərilməlidir:

- övladlığa götürmək istəyən şəxsin özünün və ərinin (arvadının), habelə ailə üzvlərinin hər birinin soyadı, adı, atasının adı, yaşayış yeri və ya faktiki yaşadığı ünvan, vətəndaşlığı (şəxsiyyətini təsdiq edən sənədə dair məlumatlar);

- övladlığa götürmək istəyən şəxsin və onun ərinin (arvadının) uşağı övladlığa götürməyə dair razılığı;

- övladlığa götürmək istəyən şəxsin və onun ərinin (arvadının) özləri və ailə üzvləri barədə fərdi məlumatların, sağlamlığı və məhkumluğu barədə, habelə gəlirləri, xərcləri və öhdəlikləri barədə məlumatların nazirlik tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilməsinə dair razılığı;

- övladlığa götürmək istəyən şəxsin və onun ərinin (arvadının), habelə ailə üzvlərinin övladlığa götürüləcək uşaqla eyni ünvanda yaşamağa dair razılığı;

-imza, tarix, əlaqə vasitələri (elektron poçt ünvanı, telefon (ev, iş, operatorun kodu göstərilməklə mobil telefonu).

Valideynləri olan uşaq övladlığa götürüldükdə isə uşağın valideynlərinin razılığı da altsistemə daxil edilməlidir. Övladlığa götürmək istəyən şəxs övladlığa götürülən uşağın qohumu (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) və ya ögey atası (anası) olduqda, ərizədə həmçinin bu barədə məlumat da öz əksini tapmalıdır.

ƏƏSMN övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsində vahid informasiya bazasında uçota alınmış məlumatların monitorinqini aparmaq hüququna malikdir.

Övladlığa götürmək istəyən şəxs uçota alındıqdan sonra 10 iş günü müddətində sosial işçi onun yaşayış yerində müsahibə keçirir.

Müsahibə zamanı sosial işçi tərəfindən onun həyat şəraiti, maraqları, ailə tərkibi barədə məlumatlar, habelə ailə üzvlərinin övladlığa götürməyə münasibəti öyrənilir, eyni zamanda övladlığagötürmə ilə bağlı şəxs məlumatlandırılır və müsahibənin nəticələrinə dair 2 iş günü müddətində ilkin qiymətləndirmə rəyi hazırlanaraq altsistemə ötürülür.

Müsahibə başa çatdıqdan sonra uşaqlarla iş üzrə sosial işçi tərəfindən övladlığa götürmək istəyən şəxsin maddi-məişət şəraiti uşağın mənafeyinə uyğunluq baxımından müayinə edilir. Nəticəsi barədə akt tərtib edilir və həmin gün akt altsistemə daxil edilir. Nazirlik aparılan müsahibəyə dair sosial işçilərin ilkin qiymətləndirmə rəyi və maddi-məişət şəraitinin müayinəsinin nəticələrinə dair akt əsasında müsahibənin nəticələrinə dair qərar qəbul edir. Müsahibədən keçmiş şəxs təlimlərə cəlb edilir. Nazirlik  övladlığagötürmə ilə bağlı bütün mərhələlərin nəticəsinə uyğun olaraq övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy hazırlayır.

 Nazirliyin uşağın övladlığa götürülməsi ilə bağlı rəyi müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) həmin rəylə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq xüsusi icraat qaydasında ərizə ilə övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə müraciət edir.

Övladlığagötürülmə barədə ərizədə övladlığa götürənlərin (götürənin) soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri, məşğuliyyət növü, övladlığa götürülən uşağın soyadı, adı, atasının adı, onun yaşayış yeri (olduğu yer), valideynləri, qardaş və bacılarının olub-olmaması barədə məlumat, övladlığagötürülmə xahişini əsaslandıran hallar, bu halları təsdiq edən sübutlarla bərabər həm də uşağın soyadının, adının, atasının adının, onun doğulduğu tarixin (1 yaşınadək uşaqlar övladlığa götürüldükdə) dəyişdirilməsi, övladlığa götürənlərin (götürənin) valideynlər (valideyn) kimi uşağın doğulması haqqında akt qeydində yazılması barədə xahiş də öz əksini tapmalıdır.

Mülki Prosessual Məcəllədə ərizəyə əlavə olunmalı sənədlərin siyahısı da dəqiqləşdirilmişdir. Belə ki, MPM-in 347-ci maddəsinə əsasən, ərizəyə:

- uşaq nikahda olmayan şəxs (Azərbaycan Respublikasının vətəndaşı, habelə qohum (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) olan əcnəbi və vətəndaşlığı olmayan şəxs) tərəfindən övladlığa götürüldükdə - övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti;

- uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə - övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti;

- uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə - digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda, ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir;

- övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy;

- övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əməkhaqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd;

-yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd;

- ƏƏSMN-in övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəyi.

İşə qapalı məhkəmə iclasında, övladlığa götürənin, ƏƏSMN-in nümayəndəsinin, zəruri hallarda isə digər maraqlı şəxslərin və on yaşına çatmış uşağın özünün iştirakı ilə 1 ay müddətində baxılır və həll edilir.

Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.

     Övladlığa götürənlər övladlığagötürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci 1 ay ərzində övladlığa götürməni qətnamənin çıxarıldığı yer üzrə Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat idarələrində qeyd etdirməklə “Övladlığagötürmə haqqında” şəhadətnamə almalıdırlar.

Məhkəmə qətnaməsinə uyğun olaraq uşağın doğum haqqında şəhadətnaməsində dəyişikliklər edilir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında yeni şəhadətnamə verilir.

Övladlığa götürmənin sirri qanunla gizli saxlanılır, övladlığa götürənlərin, onlar öldükdə isə müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan övladlığagötürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından bu barədə çıxarışlar vermək qadağan edilir.

Övladlığa götürənin razılığı olmadan övladlığa götürmə sirrini yaymış şəxslər Cinayət Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunurlar.

Övladlığa götürən şəxslər ƏƏSMN-in tövsiyəsi, onun nümayəndəsinin və psixoloqun iştirakı ilə 4-6 yaşında olan övladlığa götürülən uşağa onun övladlığa götürüldüyü barədə məlumat verə bilər.

Onu da qeyd etmək lazımdır ki, övladlığa götürülmənin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması və övladlığa götürülməni təsdiqləyən sənədləri almaq üçün notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu ödənilmir.

 

L.ACALOVA,
AHİK-in Hüquq şöbəsinin müdiri

ETİKETLƏR: