Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İqlim dəyişikliyi və sərt qənaət tədbirləri təsirini göstərir

İqlim dəyişikliyi və sərt qənaət tədbirləri təsirini göstərir

11.08.2021 22:46
6
A+
A-

 

Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Birliyi (EPSU) Avropa qitəsində son həftələr müşahidə olunan təbii fəlakətlər, meşə yanğınları və onları doğuran fəsadlar, ictimai xidmət işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün görülməli olan işlər barəsində hesabat yayıb. 

Hesabatda deyilir ki, günlərlə davam edən yüzlərlə meşə yanğını, Yunanıstan, Türkiyə, Finlandiya, İtaliya, Balkan ölkələri və Rusiya da daxil olmaqla, bir çox ölkəni viran qoymuşdur. Yanğınsöndürənlər, təcili yardım işçiləri, tibb işçiləri və digər peşə sahibləri fədakarlıq göstərərək fəlakət zonasında olan yaşayış evlərini və təsərrüfatları xilas etdilər. Yanğınla mücadilə aparan bu fədakar insanlar arasında başqalarının həyatının xilası naminə öz həyatlarını itirənlər oldu. Bu yanğınlar qlobal xarakter daşıdığına görə ona qarşı mübarizə əksər dövlətlərin gündəlik işinə çevrildi.

Avropa Birliyi Mülki Müdafiə Mexanizmi vasitəsilə Avropanın hər yerindən yanğınsöndürənlərə köməyə gəldilər. Yanğınsöndürmə təyyarələri səfərbər edilib Albaniya, Yunanıstan, İtaliya, Şimali Makedoniya və Türkiyədə yerləşdirildi. Onlara təhlükəli işlərində güc və cəsarət diləyirik.

Bu yanğınlar Belçika, Almaniya, Hollandiya və digər ölkələrdə baş verən daşqınların dəhşətli təsirlərindən bir neçə həftə sonra meydana gəldi. Çoxları öldü. Sel evlərə, iş yerlərinə və ictimai infrastruktura (məsələn, yollar, dəmir yolları, elektrik təchizatı, tullantıların atılması, su təchizatı və s.) ziyan vurdu. Yanğınsöndürənlər və digər ictimai xidmət işçiləri kömək göstərdilər və hələ də ziyanın aradan qaldırılması üzərində işləyirlər.

Birbaşa səbəblərə gəlincə, araşdırma davam edir və bəzi yanğınların insanlar tərəfindən törədildiyi görünür. Amma yanğınlara başlıca səbəb iqlim dəyişikliyidir. Bu, ekstremal hava şəraitinin tez-tez dəyişməsini və daha şiddətli olmasını labüd edir. Bir tərəfdən Yunanıstan və Türkiyədə isti hava axını və quraqlıq hökm sürür, bu da meşə yanğınlarını şiddətləndirir. Digər tərəfdən şiddətli yağışların böyük daşqınlara səbəb olduğunu görürük. Bunu İqlim Dəyişikliyi üzrə Beynəlxalq Ekspertlər Paneli təsdiqləyir. Yeni “İqlim Dəyişikliyi 2021” adlı hesabatda da bildirilir ki, dəniz səviyyəsinin yüksəlməsi ilə sahil bölgələri də daha ekstremal hadisələr yaşayacaq. Qlobal istiləşmənin Paris Anlaşması çərçivəsində qalması üçün daha çox iş görülməlidir.

EPSU işçilərin və icmaların transformasiyasının ədalətli və dərin olmasını təmin edərək milli, qitə və daha qlobal səviyyədə ekoloji və sosial sövdələşmələrə olan ehtiyacı tam şəkildə dəstəkləyir. Təsiri azaltmaq və qlobal istiləşmənin qarşısını almaq irəliyə gedən yoldur. İnsanları və planetimizi mənfəətdən üstün tutan yeni bir istiqamətə ehtiyacımız olduğu üçün iqtisadi sistemin necə işlədiyini düşünməliyik. Bu o deməkdir ki, uyğunlaşa bilmək üçün, yanğınsöndürmə xidmətləri daxil olmaqla, əlavə dövlət investisiyalarına ehtiyac var. Yanğınsöndürənlərimizi və dövlət işçilərimizi problemlərin həlli işində vəsaitsiz buraxa bilmərik.

EPSU sərt iqtisadi siyasətin ictimai xidmətlərin həssaslığını necə pozduğunu da vurğulayıb. Yanğınsöndürmə xidmətləri maliyyələşdirilməsə, stansiyalar bağlanar. Yük maşınlarına, təyyarələrə və yanğınsöndürənlərə kifayət qədər sərmayə qoyulmazsa, insanlar və icmalarımız daha az qorunar. İqlim dəyişikliyinin təsirlərinə hazırlaşmaqdan ötrü uyğunlaşmaya sərmayə qoymasaq və ictimai xidmətlər üçün milli və Avropa strategiyalarını inkişaf etdirməsək, xərclər daha yüksək olacaq. Bu səbəbdən bəzi Avropa ölkələri hökumətlərinin yeni sərt qənaət siyasətini ən qısa zamanda necə tətbiq etməyi müzakirə etmələri də dəhşətlidir.       EPSU, ETUC və başqa qurumlar, “Avropanın Gələcəyi” adlı konfransda da söylənildiyi kimi, sərt qənaətə geri dönüşün mümkün olmadığını açıq şəkildə ifadə etdilər. Cəmiyyətimiz üçün yeni bir baxışa ehtiyacımız var.

 

Azər MUSTAFAYEV