Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə, gördüyü nəcib və humanist işlərlə Azərbaycanı dünyada uğurla təmsil edir”

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

25.08.2021 09:34
19
A+
A-

“Avqustun 26-sı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə öz adımdan, həmçinin çoxminli həmkarlar ittifaqlarının üzvləri adından Mehriban xanımı səmimi-qəlbdən təbrik edir, ona xalqımız və dövlətimiz naminə fəaliyyətinin bütün istiqamətlərində uğurlar və möhkəm cansağlığı arzulayıram.

Mehriban xanım müasir tariximizin ən dəyərli simalarından biridir. Onun dövlətimizin və xalqımızın həyatında gördüyü işlər təkcə ölkə vətəndaşları tərəfindən deyil, eyni zamanda dünya ictimaiyyəti tərəfindən təqdir olunur və yüksək səviyyədə qiymətləndirilir. Fəaliyyətinin hər bir məqamında Vətənə tükənməz sevgi və sədaqət, milli dəyərlərə hörmət, humanizim, xeyriyyəçilik, insanlara böyük qayğı və məhəbbətlə yanaşmaq prinsipləri durur”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, tarixən xalqımızın qurub yartdığı dövlətlərin və cəmiyyətlərin həyatında qadınlarımızın rolu böyük olub: “Ədəbi-mədəni mühütün yaranmasında və formalaşmasında, cəmiyyətin ictimai-siyasi taleyində, Vətənin müdafiəsində xüsusi xidmətlər göstəriblər. Heç də təsadüfü deyil ki, tariximiz boyu Vətən və Ana anlayışları bərabər tutulub. Tomris ana, Nüşabə, Sara xatun, Tuti Bikə, Xurşudbanu Natəvan, Zərifə xanım və digər bu kimi fədakar qadınlarımızın sayəsində Ana adı Vətən qədər müqəddəsləşib. Qədirbilən xalqımız onun həyatında xidmətləri olan insanları heç vaxt unutmur, həmişə layiq olduqları qiyməti verir. Öz tarixinə və soykökünə bağlı olan Mehriban xanım bu ənənəni uğurla davam etdirir. Ölkəmizin ictimai həyatının bütün sahələrində Mehriban xanımın müsbət izləri görünməkdədir”.

“Xalqımızın milli-mənəvi dəyərlərinin inkişafında, qeyri-maddi irsin təbliğində, adət-ənənələrinin qorunmasında əzmkarlıqla çalışan Mehriban xanım insanların böyük sevgi və sonsuz məhəbbətini qazanıb. Müstəqilliyimizin ilk illərində mədəniyyətimizin incisi, musiqi tariximizin kökü hesab olunan muğama diqqət azalmışdı. Demək olar ki, muğam ifaçıları unudulmuşdu. Məhz Mehriban xanımın diqqət və qayğısı, irəli sürdüyü təşəbbüslər, həyata keçirdiyi layihələr sayəsində muğamın əvvəlki nüfuzu özünə qaytarıldı. Ölkəmizin bəzi şəhər və rayonlarında muğam mərkəzləri açıldı, cənab Prezident İlham Əliyev və Mehriban xanım həmin açılışlarda şəxsən iştirak edərək bu sənətin nümayəndələri ilə görüşüb söhbətlər etdilər. Ard-arda muğam müsabiqələri təşkil olundu, bu sahədə istedadı olan gənclər aşkar edilərək üzə çıxarıldı. Bu gün həmin müsabiqələrin iştirakçılarının böyük qismi muğam sənətinin mahir ifaçıları sırasında layiqli yer tuturlar”, - deyə AHİK sədri bildirib.

Millət vəkili qeyd edib ki, Mehriban xanım hələ Milli Məclisin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşlər keçirib, onların qayğıları ilə maraqlanıb, rəy və təkliflərini öyrənib, sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görüb: “Seçicilərin dərin hörmət və rəğbətini qazanan Mehriban xanım parlamentdə dövlətimiz və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edib. Vətəninə sonsuz sevgisi, milli-mənəvi dəyərlərə dərin hörməti, ölkənin ictimai-siyasi həyatındakı xidmətləri, xalqa olan tükənməz sevgisi onun ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdəndir. Bacarıqlı siyasi fəaliyyəti, yüksəksəviyyəli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyətləri, humanist yanaşma tərzi sayəsində Mehriban xanım bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir “.

S.Möhbalıyev deyib: “Onun siyasi fəaliyyətinin kökündə humanizm dayanır, ölkənin sosial problemlərinin həllinə daha çox diqqət ayırır. Hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür. Mehriban xanımın təşəbbüsü ilə dövlət, milli, dini bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onlara sovqatlar,  hədiyyələr göndərilir. Xüsusilə şəhid ailələrinin və qazilərin, demək olar ki, bütün problemlərinin həllinə şəxsən dəstək olur, evlə, avtomobillə təmin olunmalarında yaxından iştirak edir. Həmçinin biz şahidi oluruq ki, Mehriban xanıma səhhəti, təhsili və digər sosial problemləri ilə yüzlərlə insan müraciət edir. Bütün bunlara dərhal reaksiya verilir, qarşılaşdıqları problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.

Pandemiya ilə əlaqədar ölkəmizdə tətbiq edilən sərt karantin dövründə də Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, həmişə olduğu kimi, yenə də öndə idi. Bütün sosial layihələrin icrasında, demək olar ki, Fondun adı keçirdi. Körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edildi. Hamıya məlumdur ki, Azərbaycan COVID-19 virusu ilə mübarizədə nümunəvi ölkə olaraq bütün dünya dövlətləri tərəfindən təqdir olundu. Bu barədə hətta beynəlxalq təşkilatların iclaslarında da söz açıldı. Bu uğurlarda Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanımın da xidmətləri danılmazdır”.

“Ölkə gənclərinin yüksək səviyyədə təhsil alması, müasir elmlərə yiyələnməsi, savadlı, bilikli gənclərimizin sayının artırılması üçün davamlı olaraq Mehriban xanımın təşəbbüsü ilə müəyyən proqramlar və layihələr icra olunur. Bu sahədə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını xüsusi qeyd etmək istərdim. Bu proqram çərçivəsində üç mindən çox məktəb müasir tələblərə uyğun olaraq əsaslı təmir olunub və ya yenidən tikilib, lazımi invertarlarla təmin olunub, gənclərin normal mühitdə təhsil alması üçün hər cür şərait yaradılıb. Bundan başqa, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrası da uğurla icra olunub ki, bütün bunlar dövlətin təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malikdir. Tədris prosesində əlverişli şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirib və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olub”, - deyə deputat əlavə edib.

   “Bu gün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Gənclərin sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ümumiyyətlə, ölkədə bədən tərbiyəsinin hərtərəfli inkişafı prioritet təşkil edir. Bu gün əminliklə deyə bilərik ki, dövlətimizin bütün dünyada tanınmasında, təbliğində Prezident İlham Əliyevin uğurla tətbiq etdiyi idman siyasətinin xüsusi yeri olub. Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyeva da bu sahədə böyük işlər görüb, idman hərəkatının davamlılığına əvəzsiz töhfələr verib. Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Gimnastika üzrə dünya kuboku yarışlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi məhz onun adı və yüksək təşkilatçılıq keyfiyyətləri ilə bağlıdır. Təbii ki, bu cür beynəlxalq yarışlar ölkəmizin məxsus olduğu mədəniyyətin təbliğinə, idman ölkəsi kimi beynəlxalq miqyasda tanınmasına, beləliklə, ölkəmizə böyük turist axınına səbəb olub”.  

   “Mehriban xanım öz fəaliyyəti ilə Azərbaycan qadınının müsbət obrazını yaradıb. O, istər ölkə həyatında, istərsə də beynəlxalq səviyyədə gördüyü nəcib və humanist işlərlə Azərbaycanı bütün dünyada uğurla təmsil edir. Bu xeyirxah əməlləri ilə Azərbaycan qadını adını ucalara qaldırıb. Onun beynəlxalq səviyyədə əldə etdiyi uğurlar həm də Azərbaycan qadınının uğurudur. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan qadını UNESCO və ISESCO-nun Xoşməramlı səfiridir. Bu gün Azərbaycan qadınının təşəbbüsü ilə müsəlman ölkələrində xeyriyyə aksiyaları keçirilir, müsəlman uşaqlarının təhsili və sağlamlığı ilə bağlı davamlı layihələr reallaşdırılır, xarici ölkələrdə məktəblər tikilir. Görülən bu işlər xeyirxah və tərəqqipərvər missiyanın bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir və dünya insanının savadlanmasına xidmət edir. Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanımın timsalında budur Azərbaycan qadınının xidmətləri”, - deyə S.Möhbalıyev fikrini tamamlayıb.

 

AHİK-in Mətbuat və

 ictimaiyyətlə əlaqələr şöbəsi

ETİKETLƏR:

Foto