Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Erməni təxribatlarının arxasında nə durur?

Belə ki, əgər Ermənistan tərəfi Azərbaycanın beynəlxalq səviyyədə müəyyən olunmuş sərhədlərini tanımaqdan imtina edərsə, o zaman Azərbaycan da öz tarixi torpaqları olan Zəngəzur, Göyçə və İrəvanı əldə etmək üçün taktiki əməli addımlar ata bilər.

25.08.2021 09:58
44
A+
A-

Son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhəddində erməni təxribatlarının sayının intensiv xarakter daşıdığının şahidi oluruq. Nə baş verir? Ermənilərə bu təxribatları törətməyə cəsarətləndirən nədir? Bunların arxasında hansısa qüvvələrmi dayanır? Hətta Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində rus sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə yaşanan hadisələrə öz münasibətini bildirərək dedi ki, bu ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilir. Bu, 10 noyabr üçtərəfli bəyanatına ziddir.

Deputat Elman Məmmədov mövzu ilə bağlı açıqlama verərək bildirdi ki, ermənilər hər zaman olduğu kimi, bu gün də tarixi xəstəliklərindən əl çəkmək istəmirlər: “Nədir bunların tarixi xəstəlikləri? Bunlar həmişə yaşadıqları ərazilərdə qonşu dövlətlərə qarşı ərazi iddiasında olublar, “böyük Ermənistan” xəstəliyi ilə yaşayıblar. Lakin, təəssüflər olsun ki, düşdükləri vəziyyətdən, başlarına gələn fəlakətlərdən, məğlubiyyətlərdən bu gün də düzgün nəticə çıxara bilmirlər”.

Millət vəkili Arzu Nağıyev isə dedi ki, son vaxtlar rus sülhməramlı hərbçiləri öz səlahiyyətlərinə uyğun olmayan işlərlə məşğul olurlar. Bu, Rusiya və Ermənistanın hərbi-strateji tərəfdaş olduğunu ortaya qoyur: “Prezident İlham Əliyev son müsahibəsində Rusiyanı Azərbaycanın tərəfdaşı kimi deyil, qonşusu kimi xarakterizə etdi. Bu, Rusiyanın hərbi cəhətdən mövqeyi, atdığı addımlarla bağlıdır. Hazırda Rusiya və onun sülhməramlı qüvvələri üzərinə düşən vəzifələrdən kənar işlərlə məşğul olurlar. Rusiya tərəfi başa düşməlidir ki, bu cür addımların sonu heç bir statusu olmayan erməni terrorçularına qarşı anti-terror əməliyyatına gətirib çıxara və regionda yeni münaqişənin alovlanmasına səbəb ola bilər. Sülhməramlı hərbçilər öz vəzifələrini unutmamalı və səlahiyyətləri çərçivəsində hərəkət etməlidirlər”.

A.Nağıyev onu da qeyd etdi ki, Ermənistanın Azərbaycanla sərhədi qorumağa gücü çatmaz. Ermənistan tərəfi ötən ilin 10 noyabr bəyanatından sonra-dekabrdan başlayaraq davamlı təxribatlar törətməklə Rusiya qoşunlarını bu istiqamətə cəlb etməyə  çalışır. Bu, ölkə  daxilindəki siyasi çaxnaşmanın qarşısını almaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rotasiya qaydasında edəcəyi sədrlik imkanından istifadə edəcəyini bildirir. Bütün bunlar 10 noyabr bəyanatına uyğun olmayan addımlardır, yəni təxribatdır. Birmənalı şəkildə Ermənistan başa düşməlidir ki, diktə edən və qalib tərəf Azərbaycandır. Zəngəzur dəhlizi də açılacaq, sərhəddə mövqelərimiz bərpa edilib və bundan sonra da ediləcək. Bu istiqamətdə Azərbaycan Ordusu çox ciddi addımlar atacaq.

Məsələ ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynovun da fikirlərini öyrəndik: “Qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan arasında xüsusilə cari ilin may ayından etibarən gərginlik davam edir və bu gərginliyin yaradılmasında birbaşa olaraq Ermənistanın hərbi və siyasi rəhbərliyi məsuliyyət daşıyır. Eyni zamanda Ermənistanın əsas məqsədi budur ki, bölgəyə müasir beynəlxalq münasibətlər sisteminin güc mərkəzlərini cəlb etsin və bununla da beynəlxalq təhlükəsizlik zəmanəti qazansın. Ermənistanın baş naziri Nikol Paşinyan 20 iyun tarixində keçirilən növbədənkənar parlament seçkisi zamanı bildirmişdi ki, onların əsas məqsədləri ATƏT-in Minsk qrupunun həmsədrlik institutunu Ermənistan-Azərbaycan sərhəddinə cəmləşdirməkdir. Lakin seçkilərdə qalib gələndən sonra Paşinyan öz dediklərini təkzib etdi və bildirdi ki, onun fikirləri KTMT-nin nümayəndələrindən ibarət müşahidəçilər qrupunu  Ermənistan-Azərbaycan sərhəddində toplamaq məqsədi daşıyırdı. Və bu da onu göstərir ki, Ermənistan istənilən dövləti Ermənistan-Azərbaycan sərhəddinə cəmləşdirməklə çıxış variantları axtarır. Lakin bu qüvvələrin sərhəddə cəmləşdirilməsi tamamilə absurddur. Çünki hadisələrin kökündə dayanan əsas məsələ Azərbaycanla Ermənistanın öz beynəlxalq səviyyədə tanınmış sərhədlərini müəyyənləşdirməkdən ibarətdir. Bunun yeganə çıxış yolu beynəlxalq hüquqda geniş yayılmış delimitasiya və demarkasiya prosesinin həyata keçirilməsidir. Lakin davamlı olaraq biz müşahidə edirik ki, Ermənistan bu danışıqlara etinasız yanaşır və danışıqlar masası arxasında oturmaqdan boyun qaçırır. Çünki onlar bilir ki, nəticədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qəbul etməlidirlər və yalnız bundan sonra böyük sülh müqaviləsi haqqında danışmaq olar.

Digər tərəfdən, Ermənistanı sürətli şəkildə silahlanmaya sövq edən bəzi tərəflərin təşəbbüsləri var. Bu da regionda təhlükəsizliyə təhdid törətməklə yanaşı, sülhü və sabitliyi də təhdid altında saxlayır. Bölgədəki təhlükəsizliyi və sülhü təmin etmək üçün yeganə çıxış yolu diplomatik siyasi danışıqlar prosesinə başlamaqdır. Bununla bağlı Paşinyan öz çıxışında bildirsə də, biz onun fikirləri ilə əməlləri arasında bir bağlılıq görmürük. Çünki davamlı olaraq Laçın və Kəlbəcər ərazilərinin atəşə tutulmasını müşahidə edirik”.

İ.Hüseynov bildirdi ki, ölkəmiz qarşısında yeni geostrateji prioritetlər dayanmışdır. Belə ki, əgər Ermənistan tərəfi Azərbaycanın beynəlxalq səviyyədə müəyyən olunmuş sərhədlərini tanımaqdan imtina edərsə, o zaman Azərbaycan da öz tarixi torpaqları olan Zəngəzur, Göyçə və İrəvanı əldə etmək üçün taktiki əməli addımlar ata bilər.

Politoloq Azərbaycan tərəfinin İrana nota verməsi, eləcə də Müdafiə Nazirliyinin Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş sülhməramlıların qanunsuz fəaliyyəti və bölgəyə yeni terrorçu qrupların gətirilməsi ilə bağlı məsələyə laqeyd yanaşması haqqında verilən açıqlamasına münasibət bildirərək dedi ki, bu, çox təqdirəlayiq bir yanaşmadır: “Çünki Azərbaycan ictimaiyyətində bu məsələ ilə bağlı münasibət birmənalı deyil və sülhməramlıların həyata keçirdiyi fəaliyyət-Laçın dəhlizinə səthi yanaşılması və bu sahədə nəzarətin gücləndirilməməsi bölgədə təhlükəsizliyə təhdid törətməklə yanaşı, həm də Azərbaycan vətəndaşlarına, eləcə də hərbi qulluqçularımızın sağlamlığına və təhlükəsizliyinə təhdid törədir. Ona görə də sülhməramlıların fəaliyyəti 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 4-cü maddəsinə uyğun təşkil olunmalıdır. Bu maddəyə əsasən, sülhməramlılar Azərbaycan ərazisinə erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Təəssüflər olsun ki, sülhməramlılar yerləşdirilsə də, bu ərazilərdə düşmənin silahlı qüvvələrinin tör-töküntüləri hələ də qalmaqdadır, onlar döyüş postları qurur, səngərlər, xəndəklər qazırlar. Bundan başqa, Muxtarkənd və Şuşakənd ətrafında, eyni zamanda Kəlbəcər və Laçın rayonlarının Ermənistan tərəfinin şərq istiqamətində düşmən postlarının təchiz olunması narahatedici bir məqamdır. Buna görə də artıq sülhməramlılara ciddi hüquqi mesaj verilməsi şərt idi.

Onu da qeyd edim ki, İlham Əliyevin Laçın və Kəlbəcərə, yəni şərqi Zəngəzura səfəri mühüm mesaj daşımaqla yanaşı, həm də bir tarixi səfər idi. Belə ki, bu ərazilər işğaldan azad olunduqdan sonra Prezidentin ora ilk səfəri idi. Bundan başqa, bölgədəki yenidənqurma işləri, ərazinin baş planının hazırlanması, su elektrik stansiyası, eyni zamanda aeroportun təməlinin qoyulması onu göstərir ki, Azərbaycan bölgədə davamlı olaraq formalaşır, biz öz dədə-baba torpaqlarımıza əsaslı və müasir şəhərsalma qaydalarına uyğun olaraq qayıdırıq”.

Aliyə SƏMƏDOVA