Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK-in VI Məclisində “Azərbaycan Respublikasının Layiqli Əmək üzrə Ölkə Proqramı və həmkarlar ittifaqlarının rolu” mövzusunda  AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevin məruzəsi

-Hörmətli Məclis  iştirakçıları! Xanımlar və cənablar!

27.09.2023 23:04
62
A+
A-

Bu gün müzakirə edəcəyimiz məsələ dövrümüzün ən aktual sosial problemlərindən biri olan layiqli əməyin təmin olunması və bu istiqamətdə həmkarlar ittifaqları qarşısında duran  vəzifələrdir.

Dünya iqtisadiyyatında baş verən təlatümlərə rəğmən cənab Prezident  İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar əhalinin rifahının yaxşılaşdırılması üçün etibarlı və möhkəm təməl yaratmışdır. Məhz bu islahatlar nəticəsində ölkəmizdə bazar iqtisadiyyatı münasibətləri möhkəmlənir, qeyri-neft sektorunun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı stimullaşdırılır, yoxsulluğun, işsizliyin azaldılması üçün yeni iş yerləri açılır, minimum əməkhaqqının və sosial ödənişlərin, pensiyaların məbləğinə mütəmadi olaraq yenidən baxılır.

Belə ki, son beş ildə ölkəmizdə orta aylıq əməkhaqqı 1,7 dəfə artaraq, 2018-ci ildəki 544,6 manatdan 2023-cü ilin birinci yarısında 921,9 manata, aylıq minimum əməkhaqqı isə 130 manatdan 345 manata yüksəlmişdir, yəni 2,7 dəfə artmışdır.

Xarici təsirlərə və təhdidlərə baxmayaraq, Azərbaycan inkişafda olan dövlət kimi iqtisadi artıma nail olmuş, yuxarı ortagəlirli ölkəyə çevrilmişdir. 2022-ci ildə əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul əvvəlki illə müqayisədə 4,6 faiz çoxalmışdır. Ötən ildə iqtisadiyyatımızın inkişafında qeyri-neft sektorunun payının 9,1% artması, neft sektorunun payının isə 2,7% azalması da önəmli haldır.

Ölkənin neft-qaz hasilatından asılılığının zəifləməsi, müxtəlif regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin cəmi 20 il  ərzində 2001-ci ildəki 49%-dən 5,5% səviyyəsinə endirilməsi böyük nailiyyət hesab olunmalıdır.

Hörmətli həmkarlar!

Əhalinin sosial-iqtisadi mənafelərinin qorunmasında Layiqli Əmək üzrə ölkə proqramlarının özünəməxsus rolu vardır. 2016-2020-ci illəri əhatə edən əvvəlki Proqramın həyata keçirilməsi nəticəsində  “Azərbaycan gəncliyi 2017-2020-ci illərdə” Dövlət Proqramı, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”, “Gənclərin məşğulluğu üzrə Milli Tədbirlər Planı” hazırlanmış, icbari tibbi sığorta, qəzalar və peşə xəstəlikləri ilə əlaqədar icbari sığorta üzrə müvafiq hüquqi baza yaradılmışdır.

Mühüm sosial problemlərdən olan işsizliyin azaldılması məqsədilə 2017-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair tədbirlər planı”nda nəzərdə tutulmuş öhdəliklər Azərbaycan Hökuməti tərəfindən, demək olar ki, tam həcmdə yerinə yetirilmişdir.

Proqramda nəzərdə tutulan tədbirlərin icrası kimi, 2020-ci ildə “elektron hökumət”in yaradılması əmək münasibətlərinin leqallaşdırılmasında vacib addımdır. Bununla bağlı qeyd etməliyəm ki, Müstəqil Dövlətlər Birliyi məkanında əmək müqavilələrinin elektron qeydiyyatı sistemi ilk dəfə Azərbaycanda tətbiq olunmuşdur. Bu sistem işəgötürənlər tərəfindən əmək müqavilələrinin bağlanmasına daha məsuliyyətlə yanaşılmasını, qeyri-formal məşğulluğun azaldılmasını təmin etmişdir.

Bunun nəticəsidir ki, 2022-ci ildə iqtisadiyyatda məşğul əhalinin sayı əvvəlki illə müqayisədə 68 min nəfər artaraq 5056,2 min nəfər olmuşdur.

Azərbaycan hökuməti dünyada tüğyan edən “COVID-19” pandemiyası zamanı əhalisini uğurla müdafiə etmiş ölkələrdən biri oldu. Həmin dövrdə iqtisadi inkişaf templərinin nisbətən zəifləməsinə baxmayaraq, əhalinin təqribən yarısını əhatə edən təcili tədbirlər planı hazırlandı və 600 mindən çox şəxsə nağd şəkildə pul yardımı, 50 min fərdi sahibkara 12,5 milyon manat məbləğində birdəfəlik maliyyə vəsaiti verildi.

Azərbaycan həmkarlar ittifaqları da COVID-19 pandemiyası dövründə həssas əhali qruplarının qayğısına qalmış, onların sosial problemlərinin həllinə çalışmışdır. Pandemiya dövründə AHİK və onun üzv təşkilatları tərəfindən təqribən 20 milyon manat məbləğində pul və  ərzaq şəklində yardımlar, o cümlədən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manata yaxın vəsait köçürülmüş, ehtiyacı olanlara, imkansız həmkarlar ittifaqı üzvlərinə 10 milyon manat məbləğində maddi yardım göstərilmişdir.

Hörmətli Məclis iştirakçıları!

Sözsüz ki, cəmiyyətin tərəqqisi və dinamik proseslər qarşıya daim yeni vəzifələr qoyur. Bu gün vətəndaş cəmiyyətinin əsas institutlarından biri kimi çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkənin ən kütləvi təşkilatıdır. Həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi hüquqlarının müdafiəsi bizim üçün hər zaman gündəmdə olan vacib məsələdir. Zamanın çağırışları məsuliyyətimizi daha da artırır, fəaliyyətimizin  daha səmərəli təşkilinə, nüfuzunun artırılmasına, sosial harmoniya və tərəfdaşlıq ruhunun gücləndirilməsinə şərait yaradır. Bununla yanaşı, gələcəkdə də güvənli iş yerlərinin yaradılması, təhlükəsiz əmək şəraitinin təşkili, layiqli əməkhaqqı və yeni iş yerləri uğrunda mübarizəyə xüsusi önəm verməliyik.

Sosial tərəfdaşlarımızla bağladığımız son Baş Kollektiv Sazişdə 2023-2025-ci illərdə layiqli iş yerlərinin yaradılması, layiqli əməkhaqqı, gənclərin məşğulluğu, gender bərabərliyinin təmin olunması və digər məsələlərə xüsusi diqqət yetirilmişdir.

Biz Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığa da xüsusi diqqət yetiririk. Azərbaycan Respublikası ilə BƏT arasında əməkdaşlıq çərçivəsində hazırlanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” uğurla icra olunmuşdur və orada müəyyənləşdirilmiş əsas hədəflərə - sosial tərəfdaşlığın və sosial dialoqun təmin edilməsinə, sosial müdafiə sisteminin təkmilləşdirilməsinə, özünüməşğulluq layihələrinin həyata keçirilməsi sayəsində qeyri-formal məşğulluğun azaldılmasına, gender və gənclər siyasətinin gücləndirilməsinə nail olunmuşdur.

Bu təşkilatla birlikdə 2016-2022-ci illərdə layiqli əmək məsələlərinə həsr edilmiş 8 beynəlxalq seminar və subregional konfrans təşkil olunmuşdur. Tədbirlərdə sosial tərəfdaşlarımızın nümayəndələri ilə   yanaşı, beynəlxalq ekspertlər də iştirak etmişlər.

Hazırda Beynəlxalq Əmək Təşkilatının və onun Azərbaycandakı tərəfdaşlarından biri olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının iştirakı ilə 2024-2028-ci illəri əhatə edən yeni Proqramın hazırlanması üzərində yekun işləri aparılır. Bu Proqram Beynəlxalq Əmək Təşkilatının 2008-ci ildə qəbul etdiyi “Dürüst Qloballaşma naminə Sosial Ədalət” və 2019-cu ildə qəbul etdiyi “Əməyin gələcəyinə dair Yüzillik Bəyannaməsi”nin müddəalarını özündə ehtiva edir.

Azərbaycan BƏT-in 59 Konvensiyasına qoşulmuşdur.  Bu ilin fevral ayında BƏT-in “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 saylı Konvensiyasının ratifikasiya olunmasına xüsusi diqqət çəkməliyik. Konvensiya növbəti ildə qüvvəyə minəcəkdir. Bu, ölkəmizdə layiqli əməyin təmin edilməsi istiqamətində atılan mühüm addım hesab oluna bilər. Hazırda Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimal normaları haqqında” 102 saylı Konvensiyanın ratifikasiyasının sürətləndirilməsi, “Məşğulluğa köməklik və işsizlikdən müdafiə haqqında” 168 saylı Konvensiyasının  ratifikasiya imkanlarının araşdırılması istiqamətində də işlər aparılır.

168 saylı Konvensiyadan söz düşmüşkən, AHİK məşğulluq məsələlərinə xüsusi diqqət yetirir. Özünüməşğulluğun təmin edilməsinə köməklik göstərilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Memorandum imzalamışıq. Memoranduma uyğun olaraq Məşğulluq Agentliyinə 2021-2023-cü illər ərzində 900  min manat, o cümlədən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 150 min manat, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 300 min manat vəsait köçürülmüşdür. Nəticədə 2022-ci ildə 16 mindən çox işsiz özünüməşğul proqramlarına cəlb olunmuşdur. Bu proseslərdə AHİK-in əməkdaşları da iştirak etmişlər.

Əziz dostlar!

Bildiyiniz kimi, BƏT-in dəstəyi ilə 30 sentyabr 2016-cı ildə ölkəmizdə İqtisadi və Sosial Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılmışdır. Komissiyanın əsas vəzifələrindən biri Layiqli Əmək üzrə Ölkə Proqramının məqsədlərini təşviq etmək, öhdəliklərin icrasının və problemlərin həllinin gedişatını izləmək və qarşıya qoyulan hədəflərə çatmağa yardımçı olmaqdır. Komissiyanın fəaliyyəti nəticəsində əmək qanunvericiliyində dəyişikliklər edilmiş, hüquqi bazanın müvafiq beynəlxalq standart və normalara uyğunlaşdırılması sahəsində vacib addımlar atılmışdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrasını təmin etmək üçün öz Konsepsiyasını qəbul etmişdir. Konsepsiyada ölkə Proqramdan irəli gələn vəzifələr və onların yerinə yetirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Bu tədbirlər layiqli əməyin təmin edilməsi istiqamətində həmkarlar ittifaqlarının əsas prioritetlərini müəyyənləşdirmişdir. Bunlar işçilər üçün təhlükəsiz və erqanomik iş şəraitinin yaradılması və sağlamlığının qorunması, onların sosial və əmək hüquqlarının müdafiəsi, yerinə yetirdiyi funksiyaya adekvat əməkhaqqının ödənilməsi, gender bərabərliyi, gənclərin məşğulluğu, sosial tərəfdaşlarla münasibətlərin genişləndirilməsi, müəssisə və təşkilatlarda həmkarlar ittifaqı təşkilatlarının yaradılmasının motivasiyası və digər məsələləri əhatə edir.

Göründüyü kimi, qəbul etdiyimiz Konsepsiyanın əsas məramı hər bir işçinin iş yerində yaradılan şəraitdən, aldığı əməkhaqqından məmnun, sosial və əmək hüquqlarının qorunduğuna əmin olmasıdır.

Layiqli əməyin ən mühüm göstəricilərindən biri də əməyin təhlükəsizliyinin təmin edilməsidir. Bu məqsədlə 2020-ci ildə sosial tərəfdaşlarımızın təşəbbüsü ilə “Əməyin Təhlükəsizliyinin Standartlaşdırılması üzrə Texniki Komitə” yaradılmışdır və AHİK həmin qurumun üzvüdür. Bu Komitənin qarşısında duran əsas vəzifələr istehsalatda ölüm və zədələnmə ilə nəticələnən halların orta sayının Avropa ölkələrinin göstəriciləri səviyyəsinə endirməkdir.

AHİK özü də bu məsələlərdə fəallıq göstərir. Bu məqsədlə hər il “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə respublika müsabiqələri keçirilir. Son 5 il ərzində bu müsabiqələrdə 11096 idarə və müəssisə iştirak etmiş, onlardan 669-u qalib elan olunmuşdur.

Müsabiqələrin keçirildiyi dövrdə aparılan monitorinqlər nəticəsində aşkar edilmiş 9316 nöqsanın 91%-i aradan qaldırılmış, təhlükəsiz iş şəraiti yaradılmış, işçilərin fərdi mühafizə vasitələri ilə təminatı yaxşılaşdırılmış, sanitar-gigiyenik normalara əməl edilməsinə nəzarət gücləndirilmişdir.

Eyni zamanda həmkarlar ittifaqlarının əməyin texniki müfəttişlərinin fəaliyyəti də gücləndirilmiş, ictimai nəzarətin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilmişdir.

Hörmətli Məclis üzvləri!

Bu gün ölkəmizdə həssas əhali qruplarının sosial müdafiəsinin təmin edilməsi, onların maddi və məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstəriş və tövsiyələrini diqqətdə saxlayan AHİK bu insanların, o cümlədən  44 günlük Vətən müharibəsində öz canlarından keçmiş qəhrəman şəhidlərin  ailələrinin və qazilərin ehtiyaclarının ödənilməsində yaxından iştirak etmişdir.

Həmkarlar ittifaqları “Silahlı Qüvvələrə Yardım Fondu”na, “YAŞAT” Fonduna, “Qarabağ Dirçəliş Fondu”na, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan sakinlərə, Naxçıvan Muxtar Respublikasının həmkarlar ittifaqlarına, şəhid ailələrinə və qazilərə 16 milyon manata yaxın vəsait ayırmışdır. 

Şəhid ailələrinə və qazilərə yardım göstərmək,  eyni zamanda dövlətimizin bu sahədə yükünün bir hissəsini öz üzərinə götürmək məqsədilə AHİK-in İcraiyyə Komitəsinin qərarları ilə döyüş əməliyyatlarında şəhid olmuş 202 hərbçinin 347 övladı himayəyə götürülüb. Onların hər biri 18 yaşına çatana qədər maddi yardımla təmin olunacaq. Himayəyə götürülmüş uşaqlara təqribən 5 milyon manatdan çox vəsait xərclənəcək.

Şəhid ailələri üzvlərinin və qazilərimizin istirahətinin, müalicəsinin təşkili məqsədilə onların müraciətlərini nəzərə alaraq, ötən ildən bəri 2500-ə yaxın pulsuz yollayış verilmişdir. Bundan əlavə, həmin məqsədlə 500 min manatlıq yollayış alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmişdir.

AHİK-in İcraiyyə Komitəsinin qərarları ilə tarixi və bayram günlərində respublikamızın paytaxtı və 76 rayonunda, Naxçıvan Muxtar Respublikasında yaşayan 46.465  şəhid,  qazi və aztəminatlı ailələrə 2020-ci ilin aprel ayından bu günədək 3,7 milyon manatlıq bayram sovqatı göndərilmişdir. Bundan əlavə, AHİK və üzv təşkilatları ehtiyacı olan həmkarlar ittifaqı üzvlərinə ümumilikdə 4,7 milyon manata yaxın maddi yardım göstərmişdir.

Hörmətli tədbir iştirakçıları!

2021-ci ilin iyununda “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın yerinə yetirilməsinin yekunları,  2022-ci ilin iyun ayında isə yeni, “2024-2028-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın prioritetlərinin müəyyən edilməsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Sosial tərəfdaşlarımızla aparılan müzakirələr zamanı yeni Proqramda aşağıdakı üç prioritet müəyyən edilmişdir:

- həssaslığı azaldan, davamlılığı artıran və işin gələcəyinə yönəlmiş inklüziv artım;

- dövlət və sosial xidmətlərinin daha yaxşı göstərilməsi üçün daha güclü institutlar;

- sosial dialoq vasitəsilə siyasətdə və praktikada tətbiq edilən beynəlxalq əmək standartları.

Bu prioritetlər Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı inkişaf üzrə əməkdaşlıq çərçivəsi”nin müddəalarına uyğunlaşdırılmışdır.

Bu prioritetlərlə bağlı qeyd etmək istərdim ki, əhalinin xüsusilə həssas hissəsi gənclər və qadınlardır. Son statistik məlumatlara görə, işsiz əhalinin sayı 289,8 min nəfərdir. Onlardan 35,7 min nəfərinin ali, 36,8 min nəfərinin orta ixtisas təhsili, 23,2 min nəfərinin peşə təhsili vardır. Beləliklə, 95,7 min nəfər, yaxud ümumi işsizlərin 33 faizi kifayət dərəcədə təhsillidir. İqtisadiyyatda rəqəmsallaşdırma prosesinin sürətləndiyini, yeni texnologiyaların tətbiqini nəzərə almaqla, həmin şəxslər əmək bazarı üçün böyük potensialdır. Buna görə də, hesab edirəm ki, ölkədə təhsil sistemində aparılan islahatlar sürətləndirilməli, tədrisdə gələcəkdə daha çox tələb olunacaq ixtisaslar üzrə mütəxəssislərin hazırlığı prioritetə çevrilməlidir.

Bildirməliyəm ki, Azərbaycan 2030-cu il Gündəliyinə nail olmaq istiqamətində xeyli nailiyyət əldə etmişdir. Hökumət 17 Dayanıqlı İnkişaf Məqsədlərinin hamısını, 88 hədəfi və 119 göstəricisini prioritetləşdirmişdir. Layiqli əmək gündəliyinin mərkəzi hissəsi olan 8-ci - “Layiqli əmək və iqtisadi artım” məqsədi çərçivəsində hökumət seçilmiş hədəf və göstəriciləri qəbul etmişdir.

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirən keçmiş sovet dövlətləri arasında yeganə ölkədir ki, Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumunda 3 dəfə (2017,  2019 və 2021-ci illərdə) Könüllü Milli Hesabat təqdim edib və bu göstəriciyə görə ilk onluqda yer alır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da öz növbəsində 2021-ci ildə Dayanıqlı İnkişaf Məqsədlərinin öhdəliklərini yerinə yetirmək üçün Azərbaycanda həyata keçirilən tədbirlərə dair öz könüllü qiymətləndirmə hesabatını hazırlayıb. Burada 5 il ərzində görülən işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumatlar verilmişdir.

“Azərbaycan Respublikasının 2024-2028 ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın hazırlanmış layihəsində biznes aləmində baş verən köklü dəyişikliklərin və əməyin gələcəyinə insanın mənafeləri baxımından  yanaşma Beynəlxalq Əmək Təşkilatının 2019-cu il “Əməyin Gələcəyinə dair Yüzillik Bəyannaməsi”nin əsas müddəalarıu nəzərə alınmışdır.

Qeyd etməliyəm ki, bu Proqramın layihəsində  AHİK-in çoxsaylı təkliflərinin əksəriyyəti nəzərə alınmışdır. Bizim təkliflər BƏT-in dəstəyi ilə keçirilən konfranslarda,  seminarlarda müzakirə obyekti olmuş, beynəlxalq  ekspertlər tərəfindən müsbət qarşılanmışdır.

Ölkə Proqramının prioritetləri və nəticələrini nəzərdən keçirərkən hesab edirik ki, layiqli əmək Azərbaycanın iqtisadi və sosial siyasətinin əsas məqsədlərindən biri olmalıdır. BƏT-in mandatına və BƏT-in müqayisəli üstünlük sahələrinə uyğun sektorlarda mövcud vəziyyət nəzərə alınaraq, inklüziv artım üçün layiqli əmək imkanlarının və keyfiyyətli iş yerlərinin təşviqi, sosial müdafiənin və iş şəraitlərinin təkmilləşdirilməsi, əməyin idarə edilməsinin və sosial dialoq mexanizmlərinin gücləndirilməsi üçün müvafiq addımlar atılmalıdır.

Əməyin Mühafizəsi və Təhlükəsizliyi Sisteminin beynəlxalq əmək standartlarına uyğun olaraq müasirləşdirilməsi, iş yerinin  zamanın tələblərinə uyğunluğunun gücləndirilməsi məqsədilə Dövlət Əmək Müfəttişliyinin və sosial tərəfdaşların potensialı yüksəldilməlidir. Sosial dialoq üzrə yaradılan milli üçtərəfli komissiyanın imkanlarından səmərəli istifadə olunmasına diqqət artırılmalıdır. Sosial dialoqun daha da gücləndirilməsini və müəssisələr səviyyəsində kollektiv danışıqların aparılması istiqamətində sosial tərəfdaşlara dəstək verilməsini də məqsədəuyğun hesab edirik.

Ölkə Proqramının layihəsindəki bəzi məsələlərlə bağlı iradlar bildirilməklə yanaşı, bu istiqamətdə atılan addımlar da müsbət qiymətləndirilir. Layihədə göstərilir ki, xəstəlik, analığın mühafizəsi və işsizlikdən sığorta ödənişlərinin BƏT-in 102 saylı Konvensiyasının müddəaları ilə uyğunlaşdırılması üçün səylər vardır. Hesab edirik ki, bu sahədə qeyri-formal məşğulluğun monitorinqi üzrə işlər davam etdirilməli, bu statusda işləyənlərin fəaliyyətinin leqallaşdırılması üçün stimullaşdırıcı mexanizmlər yaradılmalıdır.

Təbii ki, yeni ölkə Proqramı qəbul edildikdən sonra onun həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının öhdəlikləri yaranacaqdır. Bizim əməkdaşlar ilk növbədə işçilər arasında əmək hüquqlarına dair maarifləndirmə işlərinin aparmasına diqqət yetirməlidirlər. Kiçik və orta sahibkarlıq müəssisələrində və qeyri-formal iqtisadiyyatda məşğul olan həssas qrupların, ilk növbədə isə qadınların, şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi veteranlarının, gənclərin sosial müdafiəsinin təşkili məsələlərinə də xüsusi önəm verməlidirlər.

Həmkarlar ittifaqı təşkilatlarının qarşılıqlı əlaqələrinin gücləndirilməsinə üstünlük verilməli, kiçik və orta sahibkarlıq subyektlərində həmkarlar ittifaqlarının yaradılmasına diqqət artırmalıdır. Sosial dialoqun və kollektiv sazişlərin təşviqində, hazırlanmasında, gender bərabərliyinin təmin olunmasında, ayrı-seçkiliyin qarşısının alınması sahəsində sosial partnyorlarla qarşılıqlı əməkdaşlıq da gücləndirilməlidir. BƏT-in 204 saylı “Qeyri-rəsmi İqtisadiyyatdan Rəsmi İqtisadiyyata Keçid” Tövsiyəsi təbliğ olunmalı və bu sahədə BƏT-lə əməkdaşlıq davam etdirilməlidir.

Biz BƏT-in AHİK-ə struktur islahatlarına dair məsləhət xidmətlərini təqdim etməsini, üzv təşkilatlara qeyri-formal sektorlarda çalışanlarla işləmək və müdafiə olunmayan əhali qruplarına münasibətdə daha açıq olmaq üçün metodoloji dəstək göstərəcəyini alqışlayırıq.

Bütün bunlar həmkarlar ittifaqı təşkilatları üzvlərinin maraqlarını effektiv təmsil və müdafiə etmək, sosial-iqtisadi siyasətə təsir qabiliyyətini artırmaq sahəsində AHİK-in potensialını bir daha gücləndirəcəkdir.

AHİK “Azərbaycan Respublikasının 2024-2028-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın layihəsinin hazırlanmasında olduğu kimi, qəbul edildikdən sonra həyata keçirilməsində də fəal rol oynayacaqdır. Proqramın icrası ilə bağlı milli və beynəlxalq səylər qarşılıqlı və sıx əməkdaşlıq şəraitində həyata keçiriləcəkdir.

Diqqətinizə görə sağ olun!

ETİKETLƏR: