PARŞ İcraiyyə Komitəsinin onlayn iclası
PARŞ-ın Baş katibi Ester Linç dünyada baş verən hadisələrə münasibət bildirib, həmkarlar ittifaqı üzvlərinin üzləşdikləri problemlərə toxunub.

Oktyabrın 17-də Pan Avropa Regional Şurası (PARŞ) İcraiyyə Komitəsinin onlayn iclası keçirilib. İclası PARŞ-ın prezidenti İrakli Petriaşvili açıb, gündəlikdə duran məsələlər barədə məlumat verib. BHİK-in yeni seçilmiş Baş katibi Luk Trianqla təbrik ünvanlayıb.
Qeyd edək ki, tədbirə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev də qoşulub və müzakirələrdə iştirak edib.
PARŞ-ın Baş katibi Ester Linç dünyada baş verən hadisələrə münasibət bildirib, həmkarlar ittifaqı üzvlərinin üzləşdikləri problemlərə toxunub. Ukraynadakı müharibənin törətdiyi fəsadları, Belarusda həmkarlar ittifaqı təşkilatına göstərilən təzyiqləri narahatlıqla diqqətə çatdırıb: “Biz ötən il Ukraynaya dəstək üçün missiya səfəri təşkil etdik, yerdəki vəziyyətlə əyani tanış olduq. Bu il əlimizdən gələni edəcəyik ki, sosial tərəfdaşlarımızla danışıqları davam etdirək və Ukraynanın Avropa Birliyinə daxil olmasına nail ola bilək. Dekabr ayında biz böyük miqyaslı tətil keçirməyi planlayırıq. Tətildə əsas şüarımız “Layiqli həyat üçün layiqli əməkhaqqı” tələbi olacaq.
PARŞ-ın fəaliyyətini davam etdirə bilməyimiz üçün Avropa Həmkarlar İttifaqları Konfederasiyası (ETUC) bizə yenə də maddi yardım edəcək. Ancaq onu da bildirməliyəm ki, bizim daha ciddi və davamlı maddi resurslar tapmağımız lazımdır. Çünki PARŞ ETUC-dan tamamilə fərqli bir qurumdur və onun region üçün fəaliyyəti əhəmiyyətlidir. Mən də həmkarım İraklinin təbrikinə qoşularaq, Luk Trianqla uğurlar arzulayıram”.
Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin (BSPSH) nümayəndəsi Arjola Alika bildirib ki, ölkəmizdə hökumət nümayəndələri və sosial tərəfdaşlarımız tərəfindən qəbul edilmirik. Əmək məsələləri, minimum əməkhaqqı məsələləri barəsində bizimlə heç bir danışıqlar aparılmır. Albaniyada sosial dialoq yox dərəcəsindədir. BHİK və PARŞ-a verdikləri dəstəyə görə təşəkkür edirəm. Burada onu da vurğulamaq istərdim ki, ötən ay biz PARŞ Qadınlar Komitəsinin Azərbaycanda keçirilən iclasında iştirak etdik. Daha sonra BHİK-lə birgə AHİK-in təşkil etdiyi qadın hüquqlarının müdafiəsi ilə bağlı başqa bir tədbir keçirildi, bu tədbirlər çox məhsuldar idi və mən qonaqpərvərliyinə və təşkilatçılığa görə azərbaycanlı həmkarlarımıza, xüsusən də AHİK sədri, BHİK və PARŞ-ın vitse-prezidenti Səttar Möhbalıyevə təşəkkür edirəm.
Digər çıxışlar da dinlənildi.
Sonra E.Linç PARŞ-ın Nizamnaməsində edilməsi nəzərdə tutulan dəyişiklikləri iştirakçıların nəzərinə çatdırıb.
İclasda 2020-2023-cü illərdə qurumun fəaliyyəti ilə bağlı hesabat dinlənildi. 2023-2027-ci illər üçün fəaliyyət proqramı, 2024-cü ilin iş planı, Baş Assambleyanın çağırılması və gündəliyinin müəyyən edilməsi, həmçinin digər cari və təşkilati məsələlərlə bağlı müzakirələr aparıldı, rəy və təkliflər dinlənilib, müvafiq qərarlar qəbul olundu.
PARŞ-ın Baş Assambleyasında keçiriləcək seçkilər üçün namizədliyini irəli sürmüş şəxslərin adları təqdim edildi. Qeyd edək ki, PARŞ-ın prezidentliyinə namizəd Moldova Həmkarlar İttifaqları Milli Konfederasiyasının sədri İqor Zubku, vitse-prezidentliyə namizəd 5 qadın və 6 kişi nümayəndə qeydə alınıb.
Tədbirdə BHİK-in yeni seçilmiş Baş katibi Luk Trianqlın da videomüraciəti səsləndi.
PARŞ-ın İcraçı katibi Anton Leppik görülən işlər barəsində məlumat verib. O, PARŞ-ın fəaliyyətində üzv təşkilatlardan AHİK-in göstərdiyi dəstəyi xüsusilə vurğulayıb. Qeyd edib ki, AHİK PARŞ-ın bütün toplantılarında fəal iştirakı ilə yanaşı, bir neçə tədbirə də ev sahibliyi edir, maddi və mənəvi dəstəyini əsirgəmir. A.Leppik də bu təşəbbüsünə görə Səttar Möhbalıyevə təşəkkürünü bildirib.
Sonra PARŞ Qadınlar Komitəsinin və Gənclər Şurasının birillik hesabatı dinlənildi. PARŞ Qadınlar Komitəsinin hesabatı Komitə sədri, AHİK-in nümayəndəsi-Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Röya Qarayeva tərəfindən təqdim edildi.