Göz yaşardan soğanın cib yandıran qiyməti
Məsələn, ötən il ölkədə daha az soğan istehsal olunduğunu müəyyənləşdirib, soğan ixracatına məhdudiyyətlər, kvota təyin olunmalıdır. Lazım gəldikdə embarqo və yaxud rüsum da qoya bilər”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qəzetimizə verdiyi müsahibədə bildirdi ki, Azərbaycanda soğan azsaylı qida məhsullarından biridir ki, ölkəmizin yerli istehsal tələbatını tamamilə ödəyir. “Hər il Ağcabədi, Beyləqan, Ağdam, Bərdə rayonlarında 2000 hektara yaxın ərazidə yazlıq və payızlıq soğan əkilir. Builki mövsümdə əkilən soğanın cəmi istehsalı təxminən 250 min tona çatır. 220 min tonu daxili bazarda satılır. 20-25 min tonu isə Gürcüstana, Rusiyaya, Avropa ölkələrinə ixrac edilir. Yerli məhsulun ixrac mövsümü adətən dekabr-yanvar aylarına təsadüf edir. Bu, fermerlərin mənfəətini artıran amillərdən biridir”, - deyə A. Nəsirli bildirdi.
Soğanın qiymətinin bahalaşmasına gəldikdə isə, ekspert söylədi ki, bu, fermerlərin daxili bazara maraqlarının azalması ilə bağlıdır. Fermerlər daha çox soğanı ixrac üçün anbarlara yığırlar. Hazırda dünyada soğanın qiyməti kəskin şəkildə bahalaşıb. Bunu Azərbaycan fermerləri də, yəqin ki, izləyir və bahalaşmaya görə daha çox məhsulunu ixrac üçün saxlayır. Beləliklə, bazarda soğanın miqdarı azalıb, azalmaya görə də qiymət artıb. Bu o halda baş verir ki, xırda fermerlər sıxışdırılaraq bazardan çıxarılır. Soğan istehsalında böyük fermerlər fəaliyyət göstərirlər. Onların soğanın qiymətinin qaldırılması barədə ümumi razılığa gəlmələri istisna deyil. Bazarda soğanın qiyməti tələbatdan daha çox, daxili inhisarçıların diqqəti və dünya bazarında mövcud qiymətlər əsasında tənzimlənir, daha doğrusu, formalaşır. Nəticədə soğan mövsümü dövründə belə süni qiymət artımı ilə rastlaşırıq. Artıq 3-4 ildir ki, ölkədə kənd təsərrüfatı məhsullarının müxtəlif seqmentləri üzrə inhisarlaşma meyilləri davam edir. Beləliklə, bu gün bunun “töhfələrini” müşahidə etməkdəyik. Təəssüf ki, bu, təkcə soğana yox, eyni zamanda pomidor və digər məhsullara da aiddir.
Ekspert vurğuladı ki, hökumət bazarı tənzimləməlidir: “Məsələn, ötən il ölkədə daha az soğan istehsal olunduğunu müəyyənləşdirib, soğan ixracatına məhdudiyyətlər, kvota təyin olunmalıdır. Lazım gəldikdə embarqo və yaxud rüsum da qoya bilər”.
Hökumətin kənd təsərrüfatı məhsullarının istehsalını, satışını, ixracatını tənzimləməsi zəruridir.
Ekspert onu da etiraf etdi ki, fermerlərin öz məhsullarını daha baha satmaq istəyi təbiidir. Çünki ölkədə hər şeyin qiyməti qalxır. Əgər ölkədə yağın, ətin, qeyri-ərzaq məhsullarının qiyməti qalxırsa, fermerdən bazara ucuz məhsul çıxarmağı tələb etmək mümkün olmayacaq.
Günel RAFAYILQIZI