Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bakıya tramvay gəlir?

Bəs, görəsən, bu məsələ yenə də təşəbbüs, təklif olaraq  qalacaqmı?

18.10.2023 14:19
38
A+
A-

1924-cü il fevralın 8-də Bakı küçələrində Dəmiryol vağzalı ilə “Azneft” meydanını birləşdirən ilk tramvay göründü. 1939-cu ildə Bakıda tramvay sisteminin uzunluğu 117 km-ə çatırdı. 1960-cı illərdə Bakıda tramvay sisteminin inkişafı ictimai nəqliyyatın digər növlərindən zəif idi, əsas diqqət metro tikintisinə, avtobusların artırılmasına yönəldilirdi. Şəhərin tramvay şəbəkəsi tədricən azalırdı. 1980-ci ildə Bakı tramvay şəbəkəsinin uzunluğu 70 km-ə düşdü. XX əsrin 90-cı illərindən Bakının ictimai nəqliyyat sistemindən tramvay intensiv surətdə sıxışdırılmağa başlandı. 2004-cü ildə tramvay şəbəkəsinin son xətti - metronun “Xətai” stansiyasından Montin bazarınadək olan hissəsi tamamilə bağlandı və söküldü. Beləcə, Bakı şəhərinin ayrılmaz hissəsi olan Bakı tramvayının 80 illik tarixi sona yetdi.

Son illər tramvay xətlərinin yenidən çəkilməsi tez-tez gündəmə gəlsə də, ancaq bir nəticəsi olmurdu. Bu günlərdə bu məsələ yenə ölkə gündəminə gədi. Belə ki, Bakının yeni Baş Planında nəzərdə tutulan ərazinin zonalaşdırılması, yeni mühəndis-kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklərdən biri də tramvay xətlərinin yenidən çəkilməsidir. Hətta bu yolların çəkilməsi üçün paytaxtda 150-yə yaxın binanın sökülməsi də nəzərdə tutulur.

Bəs, görəsən, bu məsələ yenə də təşəbbüs, təklif olaraq  qalacaqmı?

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı dedi ki, Baş Planda tramvay xətlərinin çəkilməsi 2040-cı ilə qədər nəzərdə tutulur və belə tez bir zamanda bunun baş tutacağı, hələ ki, mümkün deyil: “Ola bilər ki, yaxın 3-5 il ərzində hansısa nöqtədən çəkilməyə başlanılsın, ancaq onu da deyim ki, köhnə sistem üzərindən bunu bərpa etmək çətin olacaq. Çünki əvvəllər mövcud olan tramvay xətlərinin keçdiyi yollar çox daralıb, buna səbəb isə şəhərdə həddindən artıq tikilinin olmasıdır. Amma bir çox küçədə, prospektdə bunu təşkil etmək mümkündür. Məsələn, Neftçilər, Babək, Heydər Əliyev, Ziya Bünyadov, Qara Qarayev prospektlərində çəkilə bilər. Hətta Bakı kəndlərini də bu marşrutlara daxil etsələr, çox möhtəşəm bir layihə olar. Bir sözlə, təhlillər aparıb müəyyən küçələrdə, prospektlərdə bərpa etmək mümkündür. Ümumiyyətlə, yeni Baş Plana əsasən, paytaxtda 50 km-ə qədər tramvay xəttinin çəkilməsi nəzərdə tutulub”.

Elməddin müəllim dedi ki, tramvayların ekoloji təmiz nəqliyyat vasitəsi kimi bərpa olunması arzuolunandır: “Tramvaydan istifadənin üstünlükləri hədsizdir. Əvvəla, tramvay sisteminin yaradılması üçün tələb olunan xərclər metro tikintisinə sərf olunan vəsaitin məbləğindən dəfələrlə azdır. Belə ki, 1 km. metro xəttinin tikintisi 50-100 milyon dollara başa gəlirsə, 1 km. tramvay xəttinin tikintisinə 10-30 milyon dollar kifayət edir. İkincisi, tramvayın istismarı avtobusun istismarından xeyli ucuz başa gəlir. Üçüncüsü, əgər orta ölçülü şəhərdə avtobus saatda 4 mindən artıq sərnişin daşıyırsa, tramvay 7 min sərnişini daşımaq iqtidarındadır. Bundan əlavə, pik saatlarında tramvaya əlavə vaqonlar qoşmaq mümkündür. Dördüncüsü, tramvayın istismar müddəti daha uzundur, təxminən 40 ildən artıq. Məsələn, Belçikada XX əsrin 70-ci illərində buraxılmış vaqonlardan indi də istifadə olunur. Milanda isə 1928-ci ildə buraxılmış retro vaqonları görmək olar. Beşincisi və ən başlıcası isə, tramvaylar havanı çirkləndirmir, ətraf mühitə mənfi təsir göstərmir”.

Məsələyə əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov da münasibət bildirdi. Dedi ki, tramvay yolları çəkilərkən həmin yolların düşdüyü ərazilər söküləcək: “Bu, təkcə bizim ölkədə deyil, bütün dünyada belədir. O ki qaldı həmin evlərin sakinlərinə, onlara iki seçim veriləcək: ya digər ərazilərdən evlə təmin olunma, ya da evlərinin dəyəri məbləğində pul. Düşünürəm ki, əhalini narazı salmamaq şərtilə bütün bunların fonunda şəhərimiz üçün vacib nəqliyyat vasitəsi olan tramvayın bərpası məsələsi həll olunacaq”.

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: