Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Azərbaycanın müstəqillik illərində keçdiyi yol həm də qadın hərəkatının keçdiyi yoldur”

Oktyabrın 19-da Bakıda Azərbaycan Qadınlarının VI Qurultayı keçirildi.

25.10.2023 11:58
29
A+
A-

Müxbirimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşüb. Qurultayda müzakirəyə çıxarılan məsələlər, irəli sürülən təkliflər və gender problemlərinin həllində dövlət-həmkarlar ittifaqı əlaqələrinin əhəmiyyəti barədə suallarla müraciət edib.

- Bahar xanım, Respublika Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunda deyildiyi kimi, 25 il əvvəl Ümummilli Liderin təşəbbüsü ilə baş tutmuş Azərbaycan Qadınlarının I Qurultayı ölkəmizdə qadın hərəkatının keyfiyyətcə yeni mərhələsinin başlanğıcı oldu. Bu barədə fikirləriniz maraqlı olardı.

- Bəli, tam doğru vurğulayırsınız. Çünki Ulu Öndər Heydər Əliyev elə həmin qurultaydakı çıxışında Azərbaycan qadınlarının fəallığını yüksək qiymətləndirdi. Bu ali məclisin yeni qadın hərəkatının başlanğıcını qoyduğunu qeyd etdi. Müstəqil Azərbaycan dövlətinin qadınlarının vətəndaş kimi üzərlərinə düşən vəzifələrin nədən ibarət olduğunu vurğuladı.

Ötən 25 il onu göstərdi ki, Ümummilli Liderin tövsiyələrinə əsaslanan Azərbaycan qadın hərəkatı böyük  inkişaf yolu keçməyi bacardı.

Azərbaycanın müstəqillik illərində keçdiyi yol həm də qadın hərəkatının keçdiyi yoldur.

Bu illər ərzində biz yalnız qadınları maraqlandıran məsələləri deyil, bir Azərbaycan vətəndaşı kimi üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışdıq. Qarabağ məsələsi ilə əlaqədar proseslərdə Azərbaycana qarşı ədalətsiz mövqelərin sərgiləndiyi bir dönəmi yaşadıq. Bu dönəmdə, əlbəttə ki, bütövlükdə xalqımız əziyyət çəkirdi. Ancaq ən çox əziyyət çəkən qadınlar idi.

Buna baxmayaraq, hamımız, ev-eşiyindən didərgin düşmüş, çətin şəraitdə yaşamaq məcburiyyətində qalmış Azərbaycan qadınları ölkənin düşdüyü ağır durumdan çıxması, inkişaf etməsi üçün səylərini əsirgəmədilər. İctimai təşkilatlarda, siyasi partiyalarda aparıcı mövqe tutdular. Azərbaycanın ictimai, siyasi həyatında fəal fəal mövqe tutdular. Hər biri peşəsinə, məşğuliyyət növünə uyğun sahələrdə cəmiyyətə töhfələr verdilər.

Siz bilirsiniz ki, Azərbaycan qadınları həm də beynəlxalq qadın hərəkatının tərkib hissəsidir. Xatırlayıram ki, Pekin Konfransına Azərbaycandan 100 nəfərdən ibarət bir nümayəndə heyəti getmişdi. Ona qədər Heydər Əliyevin Azərbaycanda qadın hərəkatının inkişafı üçün verdiyi bir sıra qərarlar, qəbul etdiyi proqramlar var idi, bununla bağlı müvafiq dövlət orqanı yaradılmışdı. Pekin Konfransında iştirakın özü Azərbaycan qadın hərəkatının beynəlxalq qadın hərəkatının tərkib hissəsinə çevrilmək istiqamətində atılan çox ciddi bir addım idi. Və ondan sonra daha da fəallaşan qadınlarımız, demək olar ki, bütün bu istiqamətlərdə vəzifələrinin öhdəsindən layiqincə gəldilər.

Hər 5 ildən bir toplaşdılar, ölkədə gedən proseslərə qiymət verdilər, ümumi inkişafı dəyərləndirdilər, eyni zamanda Qarabağ məsələsi ilə bağlı prosesə töhfə verdilər.

Xatirimdədir ki, əvvəlki 5 qurultayın hər birində ən vacib mövzular sırasında məhz Qarabağ məsələsi - torpaqlarımızın işğal altında olması və onun azad edilməsi uğrunda mübarizədə qadınların üzərlərinə düşən vəzifələr ön yerlərdən birini tuturdu. Eyni zamanda cəmiyyətdə qadınların və onların ailələrinin həyatına təsir göstərən bu və ya digər problemlər, çətinliklər müzakirə mövzusu olurdu.

Biz bilirik ki, onlar həmçinin ictimai-siyasi həyatda yaxından iştirak etməklə yanaşı, ailədə üzərlərinə düşən vəzifələri yerinə yetirir, övlad dünyaya gətirir, böyüdür, onu bir şəxsiyyət kimi formalaşdırırlar.

Əgər dönüb tariximizə baxanda 1998-ci ildən bu yana keçən 25 il ərzində ölkəmizin haradan haraya gəldiyini görürüksə, bu prosesin əsas aparıcı qüvvələrindən birinin məhz Azərbaycan qadınları olduğunun şahidi olarıq. Elə bu baxımdan da Prezident İlham Əliyev qurultay iştirakçılarına ünvanladığı məktubda bu 25 il ərzində ölkəmizin keçdiyi inkişaf yolunda qadınların rolu xüsusi vurğulandı. Onu da qeyd edim ki, qurultay iştirakçıları bu müraciəti çox yüksək əhval-ruhiyyə ilə qarşıladılar. Bu məktubda möhtərəm cənab Prezidentimizin qadınların ölkə həyatındakı yerinə və roluna verdiyi qiymətlə yanaşı, onların qarşısına yeni və daha ciddi öhdəliklər qoyması gələcək fəaliyyət istiqamətləri üçün də bir platforma və zəmin oldu.

Siz bilirsiniz ki, qurultay 4 paneldə müxtəlif mövzular ətrafında müzakirələr apardı və onun nəticələrinə uyğun qətnamə qəbul etdi. Bu qətnamədə bir sıra istiqamətlər üzrə bizim qarşımızda duran vacib vəzifələr əksini tapdı.

Bunlardan biri də qurultaylararası dövrdə, yəni növbəti qurultayadək fəaliyyəti əlaqələndirmək üçün müvafiq  işçi qrupunun yaradılması idi. Biz bunu işçi qaydada edəcəyik.

- Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlarda gender bərabərliyinin təminatı üçün görülmüş və görüləcək işlər, o cümlədən formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi qurultayın ciddi diqqət yetirdiyi məsələlərdən idi. Bu məsələyə də Sizin münasibətinizi bilmək istərdim.

- Əlbəttə, qadınların məşğulluğu dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ona görə biz həm beynəlxalq öhdəliklərimizin, həm də milli qanunlarımızın müəyyən etdiyi qaydalara uyğun bu işi aparmalıyıq və aparırıq da.

Bilirsiniz ki, Azərbaycanda gender bərabərliyinin təminatlarına dair qanunumuz var. Və biz artıq 4-cü ildir ki, bu qanunun icra vəziyyətinə dair Milli Məclisə məlumat təqdim edirik. Bu yaxınlarda növbəti məlumatı təqdim edəcəyik və bunun ətrafında plenar iclasda müzakirələr olacaq. Biz hər il bu istiqamətdə vəziyyətin necə dəyişdiyini elə təkcə o məlumatlara diqqət yetirməklə görə bilərik. Əldə etdiyimiz son nəticələr göstərir ki, həm dövlət, qeyri-dövlət orqanları, həm də sahibkarlıq sahəsində qadınların məşğulluğunun təmin edilməsi sahəsində ciddi addımlar atılır.

Məlumdur ki, ölkədə məşğul əhalinin əksəriyyətini kişilər təşkil edir. Ancaq qadınlar da bir sıra sahələrdə üstün mövqe tuturlar. Məsələn, təhsil və səhiyyə kimi sahələrdə qadınlar aşkar üstünlüyə malikdir. Dövlətin gender bərabərliyini təmin etmək istiqamətində siyasətinin məzmunu isə  disbalansı aradan qaldırmaqdır. Qurultayda da vurğulandı ki, sahələr üzrə bərabərsizliyi aradan qaldırmaq üçün bəzi stimullaşdırıcı tədbirlər görmək lazımdır.

Ümumilikdə əmək bazarında qadınların yüksək  əməkhaqqı ödənilən sahələrdə az iştirakının özü onların  orta əməkhaqqının kişilərin orta aylıq əməkhaqqının cəmi 68 faizindən bir az artığını təşkil etdiyini göstərir. Ona görə də bu fərqi minimuma endirmək  üçün görülən tədbirlərdən biri məhz qadınların işləməsinin məhdudlaşdırıldığı  peşələrdə qadağaların aradan götürülməsidir.

Artıq bu istiqamətdə qanunvericiliyə edilən dəyişikliklərə uyğun olaraq  qadınlar getdikcə daha çox bu sahələrə cəlb olunacaqlar. Bu da onların həm əmək bazarında bərabər təmsilçiliyinə, həm də orta aylıq əməkhaqqı arasındakı fərqin aradan götürülməsinə gətirib çıxaracaqdır.

Eləcə də ölkədə sahibkarlıq sahəsində qadınların iştirakını stimullaşdıran tədbirlər həyata keçirilir. Son statistik məlumata görə, ümumi sahibkarlar içərisində qadınlar 22 faiz təşkil edir. Bu, əlbəttə, əvvəlki illərə nisbətən irəliləyişin olduğunu ortaya qoysa da, ümumilikdə daha çox iş görülməsinə ehtiyac olduğunu sübut edir. Bu məsələ ilə bağlı biz də  bəzi işlər  görməyə çalışırıq.

Ailə təsərrüfatlarının yaranmasına komitənin göstərdiyi yardımları misal çəkə bilərəm. Xüsusilə onu vurğulamaq istəyirəm ki, 17 regionda bizim Qadın Resurs mərkəzlərimiz var. Biz həmin mərkəzlərin xətti ilə qadınların  fərdi sahibkarlığa cəlb olunmasını təşviq edirik, onları maarifləndiririk, lazım gələrsə, bu və ya digər layihələrini maliyyələşdirmək üçün donorlar tapırıq.

 Təbii ki, digər dövlət qurumları da bu sahədə ciddi  addımlar atmaqdadırlar. Təsadüfi deyil ki, bu məsələ qurultayda da xüsusi olaraq  vurğulandı. Daha intensiv şəkildə olması üçün bundan sonra da mütəmadi işlərin görülməsi qarşıya məqsəd kimi qoyuldu.

Bilirsiniz ki, ölkəmiz artıq postmüharibə şəraitindədir. Hazırda azad olunmuş ərazilərdə reinteqrasiya məsələləri, insanların ora köçürülməsi, həmin ərazilərdə məşğulluğun təmin olunması prosesi gedir. Xüsusən qadınlarımızın o ərazilərdə məşğulluğunun təmin olunması  hazırda gündəmdə olan məsələlərdəndir. İnanıram ki, qısa müddətdə bu sahədə də xeyli müsbət nəticələr əldə olunacaq.

- Bahar xanım, dövlət gender siyasətinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolunu necə dəyərləndirirsiniz? Bu sahədə həmkarlar ittifaqları ilə rəhbərlik etdiyiniz komitənin əməkdaşlığı barədə nə deyə bilərsiniz?

- Həmkarlar ittifaqları yarandığı vaxtdan işçi hüquqlarını qoruyan bir təşkilat olub. Düşünürəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) əsas missiyasını bu gün də inamla yerinə yetirir. 

Bu gün AHİK beynəlxalq həmkarlar ittifaqları təşkilatılarının bir sıra birliklərinin və komitələrinin üzvüdür, rəhbər heyətlərə  daxildir. Bunun özü həmkarlar ittifaqı təşkilatının müstəqillik dövründə nə qədər nöyük  inkişaf yolu keçdiyinin göstəricisidir. Əlbəttə ki, sovet dönəmindəki həmkarlar ittifaqı təşkilatı ilə müstəqillik dönəmindəki həmkarlar ittifaqı təşkilatının arasında müqayisə aparmaq mümkün deyil, heç düzgün də deyil.

Əvvəla, onu deyim ki, bu gün xeyli say

da özəl şirkət yaranıb, mülkiyyət münasibətləri dəyişib. Onların da həmkarlar ittifaqlarına üzvlüyə cəlb olunması istiqamətində işlərin görüldüyü barədə məlumatım var. Yeni şirkətlərdə də həmkarlar təşkilatlarının  yaranması  iqtisadi və təşkilati baxımdan İttifaqın  inkişafına dəstək verəcək. Çünki yüksək əməkhaqqı alan işçilər həmkarlar ittifaqlarına yüksək də üzvlük haqqı ödəyir. Üstəlik də, onun sıraları genişlənir. Və nəzərə alsaq ki, həmkarlar ittifaqı hökumət və ayrılıqda dövlət  orqanları ilə kollektiv müqavilələr imzalanmasının təşkilatçısı və iştirakçısıdır, bu onun nə qədər əhəmiyyətli bir birlik olduğunu göstərir. Və ümumilikdə işçi hüquqlarını qorumaq - işəgötürənlə işçi arasındakı münasibətlərdə balansı saxlamaq  həmkarlar ittifaqlarının üzərinə düşən öhdəliklərdir. Bütün bunlarla yanaşı, qadınların işçi hüquqlarının və beynəlxalq qanunvericiliklə qadın hüquqlarının qorunmasına dair normativ aktların, qanunverici bazanın inkişafına da  böyük töhfə verir.

 Hər il təşkilatların gender bərabərliyinin təminatları üçün gördüyü işə dair məlumatlar bizə daxil olur. Və onun təhlili mənə imkan verir söyləyim ki, həmkarlar ittifaqı təşkilatları bu sahədə maarifləndirmə işinə daha çox vaxt və vəsait ayıran, eyni zamanda həm həmkarlar ittifaqı təşkilatlarının özündə, həm də onun rəhbər heyətində qadınlarla kişilərin bərabər iştirakına daha çox diqqət yetirən bir sahədir. Bunu Milli Məclisdəki çıxışlarımızda da dəfələlərlə vurğulamışıq. Mən çox istərdim ki, həm rəhbər, həm də işçi heyətdə qadın-kişi bərabərliyi digər sahələrdə də həmkarlar ittifaqında olduğu kimi diqqət mərkəzində olsun.

Bundan başqa, dövlət qulluğuna qəbuletmə sahəsində də seçim zamanı gender bərabərliyinə riayət edilməsi, əlbəttə, arzuolunandır. Bunun üçün biz müvafiq  qaydalar toplusunu  və  təlimatları  müvafiq qurumlara təqdim etmişik. Hər halda işə qəbul zamanı bunlara əməl edilməsi çox yaxşı olardı.

Bir məsələni də vurğulamaq istəyirəm ki, əmək hüquqlarının və ya digər hüquqların pozulması ilə bağlı müraciət edənlərin içərisində nə qədər qadın, nə qədər kişi olması da bizim üçün maraqlıdır. Burada boynumuza almalıyıq ki, müraciət edənlərin içərsində qadınların sayı azlıq təşkil edir. Görünür, onlarla aparılan iş daha ciddi xarakter almalıdır ki, onlar müxtəlif instansiyalara, qurumlara müraciət edib öz hüquqlarını daha yaxşı qoruma imkanlarından istifadə etsinlər. Hər halda mən həmkarlar ittifaqı təşkilatlarının bu sferadakı üstünlüyünü vurğulayıram və düşünürəm ki, bu, yaxşı bir örnəkdir.

Hazırda   rəhbər vəzifələrdə fəaliyyət göstərən kifayət qədər qadınlarımız var. Bu gün millət vəkilləri içərisində qadın deputatlarımızın sayı az olsa da, fəaliyyətləri danılmazdır. Elə bunun özü  çox yaxşı bir nümunədir ki, növbəti seçkilər zamanı partiyalar namizəd irəli sürərkən qadınlara kifayət qədər üstünlük versinlər.

 Qadınlarımıza da məsləhət görərdim  ki, təklif olunan vəzifələri qəbul etməyə qərarlı olsunlar, “öhdəsindən gələ bilmərəm” deyib geriyə çəkilməsinlər. Özlərini ən ciddi vəzifələrə hazırlamalı,  layiq bilməlidirlər və onun üçün də mübarizə aparmalıdırlar. Çünki qarşımızda bizim çox gözəl örnək qadınlarımız var. Hər halda mən getdikcə vəziyyətin yaxşılığa doğru dəyişdiyini vurğulamalıyam. Çünki əvvəllər gender  bərabərliyi mövzusu bu qədər aktual deyildi. İndi daha çox insanlar bərabərliyin əldə edilməsinin  vacibliyini vurğulayır. İstənilən tədbirdə, mediada, ictimai təşkilatlarda, ictimai nəzarəti həyata keçirən digər orqanlarda bu məsələlərə daha çox diqqət yetirirlər.

 Xüsusilə indi bilirsiniz ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa görə, bütün qurumların yanında ictimai şuralar yaradılıb. Elə o ictimai şuraların özünün tərkibi, onların məsələlərə münasibəti çox şeyi dəyişir və biz əgər nəticə istəyiriksə, dəyişmə prosesinə daha çox müdaxilə etməliyik və özümüzü ona daha çox hazırlamalıyıq. Hər halda, Dövlət Komitəsi olaraq,  biz proseslərin axarında öz öhdəliyimizi görürük. Qadınları təlimləndirməyə, bacarıqlarını artırmağa, rəqabətədavamlı olmaları üçün öz üzərlərində işləməyə təşviq etməyə çalışırıq.

 

Müsahibəni hazırladı:

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: