Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bəs inflyasiyanın birrəqəmli ədədə qədər azalması necə mümkün olacaq?

idxal inflyasiyası ümumi inflyasiyanın əhəmiyyətli hissəsini təşkil edir

25.10.2023 13:53
124
A+
A-

Ölkə Prezidentinin hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır.

Maliyyə Nazirliyinin “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsaslanaraq bildirilir ki, ölkəmizdə 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.

Eyni zamanda qeyd olunur ki, respublikamızda inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı, əhalinin sosial rifahına da müsbət təsir edəcək. Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106 milyard manata çatacağı, xərclərinin isə 102,6 milyard manat olacağı proqnozlaşdırılır.

Bəs inflyasiyanın birrəqəmli ədədə qədər azalması hansı  tədbirlər sayəsində mümkün olacaq?  Günbəgün artan qiymətlərin qarşısı necə alınacaq? “Liberal iqtisadiyyatdır, qiymətlər idxaldan asılı olaraq dəyişir” deyən sahibkarların qarşısına hansı rıçaqlar təqdim olunmalıdır?

Suallarımızı cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov dedi ki, son dövrdə biz anti-inflyasiya tədbirlərinin gücləndirilməsinin şahidi oluruq. Xüsusən də birrəqəmli inflyasiyanın əldə edilməsi əsas hədəfimizdir. Mərkəzi Bank da bütövlükdə illik inflyasiyanın birrəqəmli olacağını proqnozlaşdırır. Hazırda rəsmi statistikaya əsasən, 11 faizlik qiymət artımları müşahidə olunur. Amma 2024-cü ildə birrəqəmli inflyasiyanın əldə edilməsi imkanları kifayət qədər böyükdür. Çünki gələn il regionda və dünya bazarında inflyasiya səviyyəsinin azalması və idxal inflyasiyasının minimumlaşması gözlənilir. Nəticə etibarilə idxal inflyasiyasının azalması, həm də istehlak bazarındakı qiymətlərə təsir göstərəcək. İstehlak bazarında bu kontekstdən qiymətlərin müqayisəli şəkildə azalmasını müşahidə edəcəyik: “ 2023-cü ildə inflyasiya səviyyəsi 2022-ci illə müqayisədə səngisə də, sözsüz ki, ikirəqəmli ədəddə qalması narahalıq doğurur. Ona görə bu istiqamətdə işlərin davam etdirilməsi çox vacibdir”.

Millət vəkili dedi ki, inflyasiyaya təsir göstərən faktorlar həm də bizim məhsul idxal etdiyimiz bazarlardakı qiymətlərdən asılıdır. Çünki idxal inflyasiyası ümumi inflyasiyanın əhəmiyyətli hissəsini təşkil edir.

- Vüqar müəllim, ölkə daxilində iqtisadi baza yaradılması, dövlət ehtiyatlarının formalaşması haqqında qanun layihəsinin müzakirəsi, qəbulu və icrası problemin həllinə necə təsir göstərəcək?

- Hesab edirəm ki, bununla da artıq ərzaq məhsulları üzrə strateji ehtiyat fondu yaranacaq. Ehtiyatın yaranmasının isə  istehlak bazarına, xüsusən də strateji məhsulların qiymətlərinin optimallaşdırılmasına və tənzimlənməsinə müsbət təsiri olacağını düşünürəm. Məsələn, strateji məhsulların qiymətlərində kəskin artım olan zaman ehtiyatda olan məhsulları bazara çıxarmaqla bolluq yaradılması, qiymət artımının qarşısının alınması və ya optimallaşdırılması reallaşacaq.

- İnhisarçılığa qarşı hansı addımlar atılmalıdır ki, indiyə qədər görülən və istənilən nəticəni verməyən tədbirlərin təkrarı olmasın?

- Təbii ki, burada ən önəmli nüanslardan biri  süni qiymət artımlarının qarşısının alınmasıdır. Bunun üçün ilk növbədə monitorinqlərin davamlı şəkildə aparılmasıdır. İkinci, idxalın əvəzlənməsi prosesinin sürətlənməsi çox önəmlidir. Belə ki, yerli istehsal hesabına tələb ödənilməlidir. Bu zaman qiymətlərin optimallaşdırılmasına nail ola bilərik.

- Bu sahədə Rəqabət Məcəlləsinin qəbulu haqqında da danışıqlar gedirdi, Məcəllənin qəbulu gözlənilirmi?

-Rəqabət Məcəlləsinin qəbulu edilməsi hökumətin mövqeyi ilə bağlı sədlərin müəyyənləşməsinə və bütövlükdə bazarda rəqabətin müdafiəsinə imkan verəcək. Bu məcəllənin qəbulu  inhisarçılığın qarşısının alınması üçün də önəm daşıyır. Məsələ ətrafında müzakirələr gedir.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: