Sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığortaolunan öldükdə onun uşaqlarına birdəfəlik sığorta ödənişi verilirmi?
Zəminə ALLAHVERDİYEVA, Beyləqan rayonu.

Sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığortaolunan öldükdə onun uşaqlarına birdəfəlik sığorta ödənişi verilirmi?
Zəminə ALLAHVERDİYEVA,
Beyləqan rayonu.
- Sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığortaolunan həmin hadisənin səbəb olduğu haldan öldükdə, aşağıdakı əsaslardan ən azı birinin mövcud olması şərtilə, həmin əsaslarda nəzərdə tutulmuş faydalanan şəxslərə qanunvericiliyə uyğun qaydada hesablanmış birdəfəlik sığorta ödənişi verilir:
- sığortaolunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər müəyyən edildikdə;
- sığortaolunanın ölümündən sonra uşağı doğulduqda;
- sığortaolunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü müəyyən edildikdə;
- sığortaolunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər müəyyən edildikdə;
- yuxarıda qeyd edilmiş hər hansı şəxs mövcud olmadığı halda, sığortaolunanın digər ailə üzvləri müəyyən edildikdə.
Qanunla uşaqların sayına görə analara güzəştli pensiya varmı? Əgər varsa, bunu izah edin.
Zərifə MƏCİDOVA, Gəncə şəhəri.
- “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilər (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılmaqla hazırkı dövr üçün kişilərin yaş həddi 65-dir) və 60 yaşına çatmış qadınların (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bu dövr üçün, yəni 01.07.2024-cü il müddətində qadınların yaş həddi 63 yaş yarımdır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
Yaşa görə əmək pensiyasına çıxmaq üçün qadınlar 01.07.2024-cü ilədək 25 il sığorta stajına və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmalı və 63 yaş yarım yaş həddini tamamlamalıdırlar.
Lakin Qanunda çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası hüququ qazanmasında güzəştlər müəyyən edilmişdir.
Adıçəkilən qanunun 8-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş qadınların 7-ci maddəyə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Deməli, çoxuşaqlı ana (5 və daha çox uşaq) 25 il sosial sığorta stajına malik olmalı və ya qeyd olunan pensiya kapitalını toplamalıdır ki, pensiya yaşı aşağı salınsın. Bu şərtlər mövcud olarsa, onda 01.07.2024-cü ilədək 5 uşağı olan (axırıncı uşağın 8 yaşı tamam olmalıdır) ana 63 yaş yarımda yox, 58 yaş yarımda yaşa görə əmək pensiyasına çıxa bilər. Bu güzəşt 5-dən az uşağı olanlara tətbiq edilmir. Lakin uşaqlardan 8 yaşa çatıb sonra vəfat edən varsa, həmin uşaq da müvafiq sənədləri təqdim etməklə 5 uşağın say tərkibinə daxil olur.