Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hərbi Qənimətlər Parkında bir gün

“...Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında”.  Prezident İlham Əliyev

06.11.2023 12:05
232
A+
A-

Əsli TELMANQIZI

Zəfər günü ərəfəsində ziyarət edəcəyimiz məkanlardan biri də Hərbi Qənimətlər Parkıdır.  Parka səhər saatlarında üz tutdum. Həftəsonu olmadığı və səhər yenicə açıldığı üçün  çox adamın olacağını düşünmürdüm.  Parka çatanda   yanıldığımı gördüm. Qrup-qrup məktəblilər, bağça yaşlı uşaqlar həm hərbi formaları, həm də əllərindəki bayraqları ilə parkı bəzəyirdilər. Şagirdlərdən bəziləri eksponatlar haqqında kiçik lövhələrdə yazılmış informasiyaları oxuyur, önündə şəkil çəkdirir, bəziləri təəccüblə tankları, hərbi maşınları incələyirdilər.

   Bu parkın digərlərindən fərqi əraziyə addımını atan kimi, həm Zəfər, həm də döyüş ab-havasına bürünməyindir. Sanki müharibədə döyüşən mübarizlərlə həmsöhbət olur, onların keçirdiyi həyacan, qürur, fəxr dolu hissləri müəyyən qədər mən də  yaşayırdım. Hərbi qənimətlər düzülmüş cərgələrin arası ilə, özümdən asılı olmayaraq, başımı dik tutub, məğrur, inamlı addımlarla irəlilədiyimi hiss edirdim.

Yanlarından ötəndə  məktəblilər arasında bir uşağın “mənim atam da döyüşürdü, düz müharibə qurtarana kimi evimizə gəlmədi, sonra bildim ki, hətta atam əsir düşübmüş ” dediyini eşitdim. Yoldaşları isə ona “doğrudan deyirsən, Rauf?”, -deyə sual dolu gözlərlə baxırdılar. Müəllimləri təsdiqləyərək, “Bəli, uşaqlar, Raufun atası müharibədə iştirak edib, Zəfərin qazanılmasında rolu olan igidlərimizdəndir”, -dedi. Balaca dostları gözlərini böyüdərək Raufa qibtəyə bənzər təəccüblə baxırdılar.

Birdən diqqətimi I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın milli qəhrəmanı, yəhudi əsilli  Albert Aqarunovun idarə etdiyi tankın qarşısında balacalara kövrək səslə nəsə izah etməyə çalışan müəllim çəkdi. Yanılmırdım, onun gözləri dolmuşdu. Üzündəki ifadədən müharibənin onda daha dərin, sağalmaz izlər qoyduğunu hiss etdim. Ona yaxınlaşdım, tanış olduq. Mehriban Axundova 117 saylı bağçada müəllimə işləyir. “Uşaqlara ilk növbədə Vətəni sevməyi öyrədirik”,-dedi.  Vətəni sevən insanlar cəmiyyətə daha çox yararlı olurlar. Uşaqlar Qənimətlər Parkında bu sevginin nələrə qadir olduğunu gözləri ilə görür, ruhları ilə duyur, qəlblərinə əbədi hopdururlar”. Müəllimə mənimlə söhbətinə ara verib dedi ki, balacalar şeir söyləmək istəyir. Gəlin birlikdə dinləyək.

Müəllimin  göstərdiyi şirin bala hələ sözləri düzgün tələffüz edə bilməsə də, əlini sinəsinə qoyub  şeir deməyə başlayır...

Uca olan o Cənnətə,

Qismət deyil  hər kəs yetə.

Vəd olunan bu nemətə,

Yetənlərə salam olsun!

 

Bu torpağı Vətən edən

Cənnətilə kama yetən

Çiyinlərdə məğrur gedən

Şəhidlərə salam olsun!

Digər uşaqlar da  vətənpərvərlik hissləri ilə yazılmış şeirləri səsləndirdikdən sonra ürəyi dolu olan müəllimə qardaşı Məzahir Əbilovun 23 yaşında “Çekist” ləqəbi ilə I Qarabağ müharibəsində döyüşdüyünü dedi.  "Döyüş yoldaşları hələ də onun necə qəhrəmanlıqla, igidliklə vuruşduğundan danışırlar. Biz Ağdamda yaşayırdıq.  Qardaşım könüllü olaraq xocalıların harayına getdi və  orada da  itkin düşdü.  Bu gün də onun yoxluğu ilə barışa bilmir, hər birimiz, xüsusilə də anam onun yolunu gözləyirik..." Mehriban müəllimə köks ötürərək davam edir... "Düzdür, 30 il ərzində ağrı-acılarımız çox oldu. Bu gün şəhid ana-bacılarının, övladlarının nə hisslər keçirdiyini çox yaxşı anlayıram. Amma bugünkü vəziyyətimiz- dünya miqyasında ölkəmizin bütün maneələrə rəğmən öz gücünü göstərməsi, Qarabağ müharibələrində şəhid olan oğullarımızın qanının töküldüyü torpaqlarımızın azad edilməsi, övladlarımıza, gələcəyimizə “Azad Azərbaycanın” miras qoyulması hamımız üçün təsəllidir, fəxrdir, qürurvericidir! Bu, hər şeyə dəyər!

 Bu gün mən əsgər anasıyam. Oğlum  Rafiq Axundov Sərhəd Qoşunlarında hərbi xidmətdədir. İndi həm ana kimi qürurluyam ki, oğlum Vətənin keşiyində dayanıb, həm də rahatam. Ürəyim əmindir ki, artıq əvvəlki kimi, atəşkəsin pozulması halları, müharibə vəziyyəti yaranmayacaq”.  Mehriban müəllimənin hüzün,  həsrət dolu sözlərlə başladığı söhbət  qürur və fəxr dolu fikirlərlə sonlandı.

Hər birimiz Ali Baş Komandan İlham Əliyevə, onun  rəhbərliyi ilə bu şanlı tarixi bizə yaşadan Silahlı Qüvvələrimizə, qazilərimizə, şəhidlərimizə və onların ailələrinə, mübariz xalqımıza ömür boyu minnətdar olacağıq.