Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Biz əgər bu yüksəkliyi götürməsəydik, Füzulini azad edə bilməzdik

Füzuli 17.10.2020

06.11.2023 14:58
16
A+
A-

Füzuli 17.10.2020

 

Bəlkə də II Qarabağ müharibəsinin ən ağır döyüşlərinin getdiyi və ən çox itki verdiyimiz rayonumuzdur Füzuli. Bunu Füzulidə döyüşmüş, xalq arasında “əfsanə tabor” sayılan “Yaşma”nın hərbçisi olan İbrahim Həsənov bizimlə müsahibəsində bildirir. Əslən Füzulidən olan II Qarabağ müharibəsi qazisi İ.Həsənovda düşmənə nifrət hissi elə uşaqlıqdan yaranıb. O, I Qarabağ döyüşlərində öz yurd-yuvasından didərgin düşür. O vaxt hələ 7 yaşı olan İbrahim və ailəsi həyatlarının ən ağır günlərini yaşayır. Doğma torpaqlarından, ev-eşiklərindən olduqları yetmirmiş kimi, üstəlik, 6 ay da çadırda yaşamaq məcburiyyətində qalırlar. O vaxtdan ürəyi qisasla döyünən həmin 7 yaşlı uşaq böyüyür və didərgin düşmüş torpaqlarına yenidən qayıdacağı günün ümidilə yaşayan, buna görə də 15 il müddətində XTQ hərbçisi kimi yetişən mərd, qorxmaz bir qəhrəman olur...

İbrahimin döyüş yolu Kəlbəcərdən başlayır. Murovdağın ən yüksək zirvəsi olan Camışdağın sol və sağ istiqamətlərində 4 gün ağır döyüşlərdə iştirak edir. Sonra onlara döyüş istiqamətinin dəyişilməsi əmri verilir. Bu dəfə Cəbrayıla üz tuturlar. Ora da bayraq sancdıqdan sonra strateji əhəmiyyət daşıyan Füzuli rayonunun götürülməsi əmri alırlar. Füzuli düz 14 günə işğaldan azad olunur.

Müsahibim həmin günləri bu cür nəql edir: “Füzuli alınmaz qala idi. Ərazi olaraq o qədər böyük yerdir ki, təsəvvür edin, 14 gün orda döyüşlər getdi. Və deyərdim ki, II Qarabağ müharibəsində ən çox şəhid verdiyimiz rayonlarımızdan biri məhz Füzuli oldu. Biz orda xeyli sayda itki verdik. Bəli, yuxarıda da dediyim kimi, Füzuli alınmaz bir qala idi. Ermənilər üçün Füzulini itirmək elə məğlubiyyətin başlanğıcı demək idi...

Biz axşamdan 50 kilometr məsafədə arxadan düşmən tərəfə keçdik. Və oradakı bir postu götürdük, bir gecə qaldıq o postda. Daha sonra ora düşmən tərəfdən iki UAZ maşını yaxınlaşdı. Təsəvvür edin ki, elə bir əməliyyat aparmışdıq, düşmənin ruhu belə duymamışdı ki, biz onların içindəyik. Həmin o iki UAZ maşınının içərisində də düşmənin yüksək rütbəli hərbçiləri var idi. Yerləşdiyimiz posta tərəf gəlirdilər. Onları pusquya saldıq və hamısını məhv etdik. Onu da deyim ki, düşmənin artilleriya və aviasiya xidməti həmin postdan hardasa 50 kilometr arxada yerləşirdi. Biz onların arxa tərəfinə keçərək basqın etdik. Orda 20-yə yaxın düşmən əsgəri var idi. 5-6 saat döyüş getdi, şəhidlərimiz oldu. Və nəhayət, oktyabrın 12-13-də ən strateji yüksəklik olan Məngələnata yüksəkliyinin ələ keçirilməsi uğrunda şiddətli döyüşlər başladı. Bu yüksəkliyə həm də “720” yüksəkliyi deyilir. Təsəvvür edin ki, düşmən bu yüksəkliyi verməsin deyə bütün qüvvəsini sərf etmişdi. Biz əgər bu yüksəkliyi götürməsəydik, Füzulini azad edə bilməzdik. Çünki burda olmaq bütün Füzuliyə nəzarət etmək demək idi. Ümumiyyətlə, düşmənlərimiz heç cür qəbul edə bilmirdilər ki, Füzuli əllərindən çıxır.

Onların xeyli hərbçisi orda mühasirəyə düşmüşdü. Oktyabrın 16-sı mən özüm də elə həmin döyüşdə ağır yaralandım. Məndən başqa 6 nəfər də yaralı döyüş yoldaşım var idi. 5-6 saat müddətində özümdə olmadım. Daha sonra rabitədən eşitdim ki, düşmən həmin yüksəkliyin geri alınması üçün əks hücuma keçib. Tank və BTR ilə yüksəkliyə qalxmaq istəyirlər. Təsəvvür edin, əlimizdə heç bir ağır texnika yox, özümüz də yaralı. Düşündük ki, onlar buranı alsalar, biz əsir düşəcəyik. Əsir düşməkdənsə, ölməyi daha üstün bildik. Həm də düşmən oranı təzədən geri almasın deyə, komandirimiz rabitə vasitəsilə özümüzünkülərə dedi ki, bizim olduğumuz ərazini artilleriya ilə vursunlar. Biz o qədər qələbə hissi ilə irəli gedirdik ki, əldə etdiyimiz əraziləri itirmək əvəzinə şəhid olmağı daha üstün tuturduq. Ancaq, təbii ki, bizim generallarımız, yüksək rütbəli hərbçilərimiz bütün qüvvələrini verərək ora lazım olan qədər əsgər və texnika göndərdi. 3-4 saat ağır döyüşlər getdi. Bir məqamı da qeyd etmək istəyirəm. Ordumuzun bura girdiyindən xəbərimiz yox idi. Düşünürdük ki, düşmən tərəfindən artıq mühasirəyə alınmışıq. Üstümdə əl qumbarası var idi. Artıq hazır vəziyyətdə saxlamışdım ki, gəlsələr, yaxınlaşan kimi partladım. Fikriləşirdim ki, həm özüm əsir düşmərəm, həm də bir xeyli sayda düşmən əsgərini məhv etmiş olaram.

Oktyabrın 16-sı günorta saat 12-dən axşam saat 10-a qədər başımda qəlpə - yaralı vəziyyətdə gözlədim. Nəhayət, həmin yüksəklik düşməndən tam azad olunduqdan sonra biz də ordan tərxis olunduq. Bizə ilk tibbi yardım Füzuli xəstəxanasında olundu. Və bu qədər əziyyətin ən gözəl yanı o oldu ki, oktyabrın 17-də cənab Ali Baş Komandan Füzulinin işğaldan azad olunduğunu elan etdi. Bu azadlıq mübarizəsinin bir parçası olmaq nəyə desəniz, dəyərdi”.

Müsahibimə sonda sual verdim: “Siz düşmənin xəbəri olmadan onların içərisinə necə keçə bilirdiniz?”. “Havayı yerə demirlər ki, “Yaşma” düşmənin qorxulu röyasıdır”.

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: