Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Onların sayəsində  illərdir həsrətində olduğumuz doğma torpaqlarımıza qovuşduq

Zəngilan 20.10.2020

06.11.2023 15:03
10
A+
A-

Zəngilan 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.  27 illik işğal müddətində  Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib. Nəhayət, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı  nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Bu böyük tarixi zəfər  Ali Baş Komandanımız İlham Əliyevin  rəhbərliyi ilə qəhrəman əsgərlərimiz tərəfindən qazanıldı. Onların sayəsində  illərdir həsrətində olduğumuz doğma torpaqlarımıza qovuşduq.

Torpaqlarımızın azadlığı uğrunda yorulmadan döyüşən igid oğlanlarımızdan biri də Vətən Müharibəsi Qəhrəmanı general-mayor Babək Ələkbərovdur. Xudafərin körpüsünə və Zəngilan şəhərinə bayraq sancan, cənab Prezidentə bu barədə məruzə edən şəxs məhz odur. Hətta müharibədə yaralansa da, döyüş meydanını tərk etməyib. Vətənini mənfur düşməndən azad etmək arzusu  ona canından da şirin gəlib. 15 gün yaralı vəziyyətdə vuruşub.

B.Ələkbərov deyir ki,  biz bir çox döyüş əməliyyatında iştirak etdik. Xüsusən Cəbrayıl istiqamətində bizim bəzi hazırlıqlı qruplar hərəkət etdi. Hadrut, Şuşa istiqamətində də uğurlu döyüş əməliyyatları həyata keçirdik.

 Mühüm döyüş əməliyyatlarımızdan biri də Araz çayı boyunca İran - Azərbaycanı sərhədindəki 132 kilometrlik ərazidə aparıldı. Xudafərin körpüsü  istiqamətində düşmənin arxasına sızma tapşırığı almışdıq. Onu da uğurla həyata keçirdik.

 Bir neçə gün sonra Ali Baş Komandandan  Zəngilan şəhərinin işğaldan azad olunması tapşırığını aldıq və bu tapşırıq İkinci Qarabağ müharibəsi dövründə ən itisürətli tapşırıq kimi yadda qaldı.  1 sutka ərzində bu tapşırığı yerinə yetirdik. Zəngilan şəhərini düşməndən  təmizlədik. Çünki  Zəngilanın azad olunması Qarabağın taleyinin həll olunması hesab edilirdi. Bu baxımdan Zəngilanın 2020-ci il 20 oktyabr tarixində azad edilməsi şanlı zəfər tariximizin silinməz səhifələrindən oldu. Səhərisi gün düşmənin əks hücumunun qarşısını aldıq. Ümumiyyətlə, bu ərazilər boyunca nəzarəti ələ keçirdiyimiz bütün yüksəkliklərə düşmən tərəfdən əks hücumlar oldu və  qətiyyətlə hamısının qarşısı alındı.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: