Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azad edilmiş ərazilərdə çalışan sahibkarlara

kreditlər necə və hansı şərtlərlə veriləcək?

15.11.2023 14:51
8
A+
A-

Hökumət yaxın günlərdə işğaldan azad edilmiş ərazilərdə biznesin dövlət zəmanəti əsasında kreditlərlə təmin edilməsinə başlayacaq. Artıq həmin ərazilərdə sahibkarlıq fəaliyyəti üçün zəruri iqtisadi imkan və infrastrukturlar yaradılıb. Belə ki, 771 min hektar ərazidə elektron kadastr işləri, 594 min ha ərazidə torpaq tədqiqatı işləri, 424 min ha ərazidə geobotaniki tədqiqat işləri yekunlaşıb. Nəticədə bu ərazilərin torpaq ehtiyatlarının istifadəyə, xüsusilə də kənd təsərrüfatı məqsədilə dövriyyəyə cəlb edilməsi üçün iqtisadi-hüquqi təminat yaranıb. Bundan sonrakı mərhələdə sahibkarların təqdim etdiyi biznes layihələrinin maliyyələşdirilməsinə başlanılacaq.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun söz

lərinə görə, azad edilmiş ərazilərdə çalışan sahibkarların maliyyə və kreditlərlə təmin olunmasına birbaşa dövlət tərəfindən dəstək veriləcək. Belə ki, sahibkarlara verilən kreditlərin 90%-dək hissəsi dövlət zəmanəti ilə təmin olunacaq, biznes icmasının banklardan aldığı kreditlərin faizlərinin isə 10%-ni dövlət subsidiyalaşdıracaq.

Vergi və gömrük güzəştləri, eləcə də kommunal xidmət tarifləri üzrə azadolmalar bu ərazilərdə sahibkarların marağına səbəb olub və 2023-cü ilin yanvar-sentyabr aylarında azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edənlərin sayı 2000-ə yaxınlaşıb. Onların sırasında biznes layihəsi müsbət dəyərləndirilənlər olub və artıq bir neçə aydır ki, Zəngilan, Ağdam, Qubadlı, Füzuli, Laçın, Kəlbəcər və Cəbrayılda onlar sahibkarlığın müxtəlif növləri ilə fəaliyyətlərini davam etdirilər. Xüsusilə də kənd təsərrüfatı üzrə layihələrdə fəallıq müşahidə edilir. Bu rayonlarda artıq 128.8 min ha əkinəyararlı ərazinin, 1,7 min ha isə çoxillik əkmələrin icrası təmin olunub və əkinə yararlı torpaq sahələri kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. Eyni zamanda Kəlbəcər və Laçın rayonlarının yay otlaqlarına 300 min baş xırdabuynuzlu, 60 min arı ailəsinin köç etməsi üçün müvafiq tədbirlər görülüb.

2023-cü ilin ötən aylarında Sahibkarlığın İnkişafı Fondu tərəfindən azad olunmuş ərazilərdə çalışan sahibkarların, illik 5 faizədək olmaqla, 1-10 milyon manat arasında güzəştli kreditlərlə çıxışı da təmin edilib. Bu dövr ərzində bir neçə sahibkarın 4 layihəsinə 6 milyon manatadək güzəştli kredit verilib. Kreditlər əsasən yeni istehsal, emal müəssisələrinin yaradılması, eləcə də mövcud müəssisələrin genişləndirilməsi və modernləşdirilməsinə yönəldilir. İşğaldan azad olunmuş ərazilərə indiyədək verilən kreditlər də daha çox sənaye məhsullarının istehsalı və emalı, eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalı sahələrinin payına düşür.

Yaxın vaxtlarda isə bu ərazilərdə çalışan sahibkarlara daha geniş və əhatəli kredit xətti istifadəyə veriləcək. Biznesin İnkişafı Fondu tərəfindən dövlət zəmanəti ilə təmin ediləcək həmin kreditlərin verilməsi qaydaları müəyyənləşib və Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilmə işləri yekunlaşmaqdadır.

Qaydalara əsasən, sahibkarların əldə edəcəkləri biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti veriləcək və həmin kreditlərin 10 faizi 36 ay müddətinə subsidiyalaşdırılacaq. Məlumdur ki, sahibkarların kredit əldə edən zaman qarşılaşdıqları ən böyük çətinliklərdən biri girov, zəmanət məsələsidir. Subsidiyalaşdırma mexanizminə əsasən, dövlət sahibkarın təminat yükünü öz üzərinə götürəcək, nəticədə bankların sahibkarlara biznes kreditləri vermək üçün bəhanəsi qalmayacaq. Ümumilikdə dövlət sahibkara 36 ay ərzində, illik 15 faiz olmaqla, ən yüksək məbləğ kimi 5 milyon manat kredit əldə etməyə imkan yaradacaq,  həmin 15 faizin 10 faizini dövlət özü ödəyəcək, sahibkar cəmi 5 faizini ödəyəcək. Kreditlərin ümumi məbləğinin 90 faizinə dövlət zəmanəti veriləcək ki, burada da zamin rolunda Maliyyə Nazirliyi (MN) çıxış edəcək. Nazirlik həmin pulu “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”ndan ayıracaq.  Yəni sahibkar hansısa bankdan 1 milyon manat kredit aldıqda həmin vəsaitin 900 min manatına Maliyyə Nazirlyi həmin Fond qismində zamin duracaq və sahibkar krediti müəyyən edilmiş müddətdə banka geri ödəmədikdə bank da həmin pulu nazirliyə ödəməyəcək. Bir sözlə, sahibkarın bank qarşısında öhdəliyi, cavabdehliyi olmaycaq, bu öhdəlik MN-in üzərində qalacaq. 

Ona görə də azad edilmiş ərazilərdə sahibkarlara dövlət zəmanəti ilə kredit verilərkən onların etibarlılığı və intizamlılığı da nəzərə alınacaqdır.

Həmçinin sahibkarların kredit aldıqdan sonra həmin vəsaitləri işğaldan azad edilmiş ərazilərdə xərcləməsinə də ciddi nəzarət olunacaq. Çünki elə sahibkar var ki, həmin ərazidə vergi ödəyicisi kimi qeydiyyatdan keçdikdən və kredit aldıqdan sonra bu vəsaiti Bakıda və digər bölgədə başqa biznes üçün xərcləyə bilər. Belə hal olsa onun kreditləri dərhal geri alınacaq. Eləcə də sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50  faizdən çox olduqda ona kredit verilməyəcək.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: