Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müasir aludəçilik :

sosial şəbəkələr

15.11.2023 15:00
9
A+
A-

 “Bu günlərdə gənclər tamamilə nəzarətdən çıxıb. Kobud və səliqəsiz şəkildə yemək yeyir, yaşlılara hörmət etmirlər. Valideynlərini dinləmir, müəllimlərini əsəbiləşdirirlər.” Bu sözləri e.ə 335-ci ildə Aristotel deyib.

Dünyamız müasirləşdikcə insanlar arasında səmimiyyət, eləcə də ünsiyyət azalır. İkili münasibətlər hansısa şablon qəliblərlə pərçimlənir və insanlar bir-biriləri ilə danışmaq əvəzinə, müxtəlif internet platformalarından istifadə edirlər. Bu, bəzilərimiz üçün önəmli bir məsələ kimi görünməsə də, primitiv insani instinktlərin atrofiyasına, hətta məhv olmasına gətirib çıxarır. Bu prosesi tarix boyu olduğundan qat-qat sürətləndirən isə sosial mediadır. Adından da bəlli olduğu kimi, bir çox sosial şəbəkəni özündə ehtiva edən bu ümumi platforma insanların sosiallaşmasına xidmət etmək üçün yaradılıb. Amma günümüzdə qarşılaşdığımız mənzərə bunun tamam əksini göstərir.

Bəs sosial şəbəkələrin zərəri  nədən ibarətdir?

Məlumdur ki, nəinki bu məsələ ilə bağlı məqalə hazırlayan jurnalistlər, hətta bu platformaların ən böyük tənqidçiləri də sosial şəbəkələrdən istifadə edir. İş o yerə gəlib çatıb ki, sosial şəbəkələrdən istifadə etməyən insanlar cəmiyyət tərəfindən “geridəqalmış” hesab edilir və müəyyən ölçüdə xor görülür. Sosial şəbəkələr dövrün libasına çevrilib və zəmanənin tələblərinə cavab vermək üçün bu libası geyinmək lazımdır. Amma bu libası geyinərkən bir çoxumuz həqiqi kimliyimizi unuduruq.

Bu sosial şəbəkələrdən biri də “Instagram”dır. Məqaləni hazırlayarkən bu sosial platformanı  xüsusi araşdırmaq qərarına gəldim. Buna səbəb isə  bu sosial şəbəkənin 1 milyard istifadəçisinin olmasıdır. Bu isə dünya əhalisinin təxminən 1\8-i deməkdir. Qarşıma çıxan rəqəmlər isə, sözün həqiqi mənasında, qorxuncdur. Ümumiyyətlə, “Instagram” platformasında ən çox vaxt keçirən ölkə Türkiyədir. Bu, təxminən bir nəfər üçün ay ərzində 21,4 saatdır. Gün ərzində 3 saatdan çox vaxt ayırdığımız bu sosial şəbəkə bizə nə təklif edir?

Ekspertlərin rəyinə görə, başda “Instagram” olmaqla, bütün sosial şəbəkələr insanların psixologiyasına birbaşa təsir edir. Bu təsir, sadəcə, keçici əhval-ruhiyyə dəyişikliyi ilə yekunlaşmır. Belə ki, bu şəbəkələrdə qarşımıza çıxan paylaşımlar insanlarda daimi, qalıcı psixoloji travma və problemlər yaradır.

Məsələni daha dərin izah etmək üçün dünyanın öndə gedən psixoloqlarının hazırladığı örnəklərə nəzər salaq. Onların əksəriyyətinin iddiasına görə, birinci növbədə yaranan problem hərislik və paxıllıqdır. Belə ki, insanlar sosial şəbəkələrdə bahalı, dəbdəbəli həyat tərzlərini gördükcə özlərinin yaşayış normalarını bəyənməməyə başlayırlar. Bu, bəzi insanlarda dərin travmalara səbəb olur. Statistika göstərir ki, belə insanlardan bir çoxu işlərini, evlərini, hətta yaşadıqları şəhər və ölkələri tərk edib yeni bir başlanğıc etmək istəyir və nəticədə müflisləşir.

İkinci örnək ailə-məişət problemlərinin, ikili münasibətlərin sosial şəbəkələr vasitəsilə cəmiyyətə təqdim edilməsidir. Belə ki, ailədaxili problemlərin insanlara təqdim edilməsi hər zaman ibrət təşkil etmir. Bu tipli yazı və videolarla qarşılaşan insanlar şübhə və qorxuya düşür, həmin problemlərin öz ailələrində olub-olmadığını düşünməyə başlayırlar. Burada söhbət əsasən xəyanət və bu kateqoriyaya daxil olan problemlərdən gedir. Vəkil və psixoloqların sözlərinə əsasən, boşanma saylarının artmasına səbəb olan amillərdən biri də “Instagram”dır.

İşin ən qəribə tərəfi budur ki, insanlar sosial şəbəkələrdə paylaşım etmək üçün istər xarici, istərsə də daxili görkəmlərini dəyişirlər. Fotoların üzərində oynamalar edərək fərqli görünməyə çalışan bu insanlar yazdıqları yazılarla heç özlərinin də sahib olmadıqları dəbdəbəli həyatlara hərislik yaradırlar. Xüsusilə gənclər bu paylaşımlardan sonra oxumaq və özlərinə gələcək qurmaq fikrindən daşınır, xəyali dənizlərə yelkən açırlar.

İnsanlar üz-üzə danışmağı unudur, ümumiyyətlə, ünsiyyət qurmaqdan qaçırlar. Özlərini olmadıqları biri kimi təqdim etməyə çalışır, ruhlarından, mənəviyyatlarından uzaqlaşırlar. Bu isə bir neçə qəlibin içində sıxılıb qalmış robot insanların yaranmasına gətirib çıxarır. Bu, aludəçiliyin müasir və daha təhlükəli növüdür. “Layk” aludəçisi şəxslərdə yaradıcılıq və insani hisslər məhv olur.

Əlbəttə, bu örnəkləri davam etdirmək mümkündür. Sosioloqların fikrincə, bu, dayandırılması mümkün olmayan prosesdir. Təəssüflər olsun ki, zaman keçdikcə bu aludəçilik daha da artacaq və bizi indiki halımızdan da uzaqlaşdıracaq. Bəlkə də indi yaşlı nəsildən keçmişlə bağlı öyüd-nəsihət, tövsiyə alan gənclər, gələcəkdə zəmanənin korlandığını məhz elə bu sosial şəbəkələrlə insanlara çatdırmağa çalışacaqlar.

 

İmran ƏLİYEV

 

ETİKETLƏR: