Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Güzəştli mənzili niyə öz kəndimizdən deyil, Bakıdan alırıq?

.

15.11.2023 15:20
6
A+
A-

Rayonlarda yaşayan vətəndaşlarımızı narahat edən suallardan biri də odur ki, güzəştli mənzili  niyə öz kəndimizdən deyil, Bakıdan alırıq? Bölgələrdə əhaliyə güzəştli mənzil təklif oluna bilərmi?

Bir neçə gün əvvəl  deputat Siyavuş Novruzov da Milli Məclisdə çıxışı zamanı insanların öz rayonlarında güzəştli şərtlərlə ev ala bilmədiyinə görə narazılığını bildirmişdi. O, ipoteka şərtlərinin dəyişdirilməsini, güzəştli mənzillərin təkcə Bakıda deyil, rayonlarda da tikilməli olduğunu vurğulamışdı.

Ekspertlər isə deyirlər ki, bunun iki əsas səbəbi var. Birincisi, MİDA-nın güzəştli şərtlərlə satdığı mənzillərin əsasən Bakı şəhərində və Abşeron yarımadasında olmasıdır. İkincisi isə, Bakıda ev alan rayon sakinlərinin riskləri düşünmələridir. Onlar fikirləşir ki, ödəniş qabiliyyətini itirərsə, Bakıda aldığı mənzili kirayə verib, pul qazana biləcək.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) verilən məlumata görə, Bakı şəhəri ilə yanaşı, Gəncə, Lənkəran, Şirvan və Yevlaxda layihələndirmə aparılıb. Bəzilərində layihələr başa çatdırılıb, bəzilərinin isə üzərində hazırda iş gedir.

Daşınmaz əmlak  üzrə ekspert Elnur Fərzəliyev Azərbaycanın böyük şəhərlərində, xüsusən Bakı, Sumqayıt, Gəncədə daşınmaz əmlakların satış qiymətinin digər bölgələrə nisbətən daha yüksək olduğunu vurğuladı. Əlavə etdi ki,  xüsusən paytaxt Bakı şəhərində daşınmaz əmlakların qiyməti hətta region və digər qonşu ölkələrin əmlak bazarına nisbətən daha baha qiymətə təklif olunur və alıcı qüvvəsi yetəri qədər çoxdur.

Onu da qeyd edim ki, güzəştli mənzillər müəyyən kateqoriyalı insanlara şamil olunur ki, bu kateqoriyadan olan insanların  böyük əksəriyyəti Bakı, Sumqayıt və Gəncə şəhərlərində  yaşayırlar. Bu baxımdan bu tip layihələr  daha çox böyük şəhərlərə təklif olunur və belə layihələrin böyük şəhərlərdə aparılmasında əsas məqsəd  paytaxt, həmçinin  böyük şəhərlərdə əmlakların satış qiymətlərinin yüksək olmasıdır.

E.Fərzəliyev dedi ki, güzəştli şərtlər ilə mənzil alan şəxslər 4 faizli ipoteka kreditləri əldə edə bilərlər.  Bu baxımdan həmin mənzillərin satış qiymətlərinin ucuz olması ilə bərabər, digər tərəfdən onların illik faiz dərəcəsi 4 faiz təşkil edir.  Çalışmalıyıq ki, Qəbələ sakini Qəbələdə, Tovuz sakini Tovuzda və sair güzəştli mənzilini ala bilsin. Lakin biz bölgələrdəki qiymətlərə baxsaq, Azərbaycanın rayonlarında əmlakların satış qiyməti paytaxt Bakı,  Sumqayıt və Gəncə şəhərinə nisbətən daha ucuzdur. Xüsusən də güzəştli kateqoriyalara şamil olunan insanlar yaşadıqları ərazilərdəki banklarda, əmlakların qiymətləri ucuz olduğuna görə, güzəştli kredit alaraq öz rayon və kəndlərində əmlak əldə edə bilərlər.

Bəzi bölgələrdə əmlakların satış qiyməti Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təqdim etdiyi mənzillərdən daha ucuzdur. Əlbəttə, bölgələrdə yaşayan vətəndaşlarımızın öz seçdikləri ərazilərdən daha uyğun qiymətə mənzil almaları məqsədəuyğun olar.  Yaxın gələcəkdə  Azərbaycanın digər bölgələrində tələbat daha çox olan bu tip layihələr gerçəkləşdirilə bilər. Bu layihələrin əsas məqsədi aztəminatlı və həmin güzəştli kateqoriyalara şamil olunan insanların ev problemini aradan qaldırmaqdır ki, bu layihələrə də tələbat artdıqca, digər bölgələrdə də bu tip layihələr reallaşdırılacaq.

 

Gülöyşə MƏMMƏDLİ

 

ETİKETLƏR: