Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Məktəbli rəssamın fərdi sərgisi

“Daha çox  qrafika janrında və təxəyyülümdə canlandırdığım,  təsəvvür etdiyim mənzərəni çəkməyi sevirəm”

22.11.2023 12:55
126
A+
A-

Əsli ƏHMƏDOVA

 

Noyabrın 18- də Xətai Sənət Mərkəzində T.İsmayilov adına 6 saylı məktəb-liseyin 6-cı sinif şagirdi Yasmin Müseyibovanın “Mənim rəngli dünyam” adlı fərdi rəsm sərgisi keçirilib. Yasmin əlinə qələm aldığı andan fərqli, rəngarəng rəsmlər çəkməyə başlayıb. Son 2-3 il ərzində isə o, “Esmeralda” yeniyetmə və uşaq studiyasında rəssam Esmeralda Tağı-zadədən dərs almağa başlayıb. Bir neçə sərgi və müsabiqələrdə iştirak edib.

“Daha çox  qrafika janrında və təxəyyülümdə canlandırdığım,  təsəvvür etdiyim mənzərəni çəkməyi sevirəm”,- deyən Yasmin az yaşına və təcrübəsinə baxmayaraq, rəsmləri ilə ətrafdakı insanların rəğbətini qazanıb. Sərgidə təbiətdən bəhs edən, milli və müasir üslubda işlənmiş naxışlı rəsmlər çoxluq təşkil edirdi. Onun ən böyük arzusu dövlətimizi, xalqımızı öz yaradıcılığı vasitəsilə dünyaya tanıtmaqdır.

Tədbirdə Rəssamlar İttifaqının üzvü, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov da  iştirak edirdi.  Xalq rəssamı son illərdə gənc rəssamların fərdi sərgilərinin çoxaldığını dedi: “İllər öncə hər kəsin evində musiqi çalğı alətləri, xüsusilə də pianino olardı. Əksər ailələr övladlarını musiqiyə yönləndirirdi. Dövrümüzdə isə rəsm də artıq musiqidən geri qalmır. Demək olar ki, əlavə məşğuliyyət kimi rəsm dərslərinə müraciət edənlərin sayı günbəgün artır. Bunun, əlbəttə, dolayısı ilə cəmiyyətimizə böyük xeyri var. O demək deyil ki, rəsmlə məşğul olan hər kəs gələcəkdə peşəkar rəssam olmalıdır. Bunun üçün individual xarakter, yaradıcılıq  lazımdır. Lakin rəsmlə və ya hər hansı sənət növü ilə məşğul olan gənclərin bu yöndə  istedad və bacarıqları üzə çıxarılır, düşüncələri, yaradıcılıq qabiliyyəti inkişaf edir, eyni zamanda vaxtlarını daha səmərəli keçirir, pis vərdişlərdən uzaq dururlar.

Qeyd edim ki, Arif müəllim  pedaqoq kimi daim gənclərin yanındadır, onlara sənətin sirlərini öyrətməklə yanaşı, estetik zövqlərinin formalaşması, klassika ilə müasirliyin ahənginin yaradılmasında incəsənət qanunlarının qorunub saxlanılması istiqamətində dəyərli tövsiyələrini verir. Elə bu gün də o, istedadlı şagird Yasmin haqqında fikirlərini bildirdi. Dedi ki, əvvəlki rəsmlərini  son dövrlərdə çəkdikləri ilə müqayisə etdim.  Yasmin balamızın rəsmləri ilbəil təkmilləşib. Özünə də bildirdim ki, beş il sonra bundan da mükəmməl olacaq. Sənət budur. Daim inkişaf etməlisən.

Tədbirdə çıxış edən qonaqlar da  gənc rəssamın əl işlərini bəyəndiklərini birdirdilər, ona yaradıcılıq uğurları arzuladılar. Yasminin müəllimləri, valideynləri çıxış edərək ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından danışdılar, belə sərgilərin uşaqların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğuladılar.

 

ETİKETLƏR:

Foto