Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pensiya qanunvericiliyində edilmiş dəyişikliklərə dair maarifləndirici tədbir

A.Dadaşov sonra Azərbaycan həmkarlar ittifaqları üçün də xüsusi önəm kəsb edən tədbirin əhəmiyyətindən və mövzunun aktuallığından danışıb

22.11.2023 13:18
55
A+
A-

Noyabrın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK)  “Son illər pensiya təminatı sistemində aparılmış islahatlar və qarşıda duran hədəflər” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə AHİK sədrinin müavini Aqil Dadaşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Aparatının Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov, Nazirliyin Aparatının Sosial sığorta və pensiya siyasəti şöbəsinin pensiya siyasəti sektorunun müdiri Amin Hümbətov, Nazirliyin Aparatının Sosial sığorta və pensiya siyasəti şöbəsinin aparıcı mütəxəssisi Elvira Süleymanova və həmkarlar ittifaqı təşkilatlarının üzvləri iştirak ediblər.

ƏƏSMN-in və onun tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü və AHİK-in  təşkilatçılığı ilə baş tutan tədbir “2023-2025-ci illər üçün Baş Kollektiv Saziş”in tələblərindən irəli gələrək pensiya qanunvericiliyində edilmiş dəyişikliklərə dair məlumat kampaniyasını davam etdirmək, həmkarlar ittifaqı fəallarını yeniliklərlə məlumatlandırmaq məqsədi daşıyıb.

Tədbiri açan AHİK sədrinin müavini A.Dadaşov müstəqilliyimizə gedən yolun əsas mərhələlərindən biri olan 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə iştirakçıları təbrik edib. Həmin dövrün tarixi əhəmiyyəti haqqında məlumat verib. Həmçinin bildirib ki, Ümummilli Lider Heydər Əliyevin milli dövlət quruculuğu sahəsində qəbul etdiyi mühüm qərarlar Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi gələcək fəaliyyətinin siyasi və ideoloji əsaslarını müəyyən edib. Həmin dövrdə xalqda milli özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar atılıb. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olunub, tarixi qərarlar qəbul edilib.

A.Dadaşov sonra Azərbaycan həmkarlar ittifaqları üçün də xüsusi önəm kəsb edən tədbirin əhəmiyyətindən və mövzunun aktuallığından danışıb. Deyib ki, ölkədə həyata keçirilən pensiya islahatı nəticəsində əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində uğurlu fəaliyyət aparılır.

AHİK sədrinin müavini Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Saziş haqqında da məlumat verib. Bildirib ki, 2023-2025-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişin mühüm əhəmiyyət kəsb edən bəndlərindən biri də sığorta-pensiya sisteminin davamlı və dinamik inkişafına nail olunması məqsədilə islahatların və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi və müzakirələrin aparılmasıdır. Hökumət tərəfindən sosial tərəfdaş kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iştirak edir. Bugünkü tədbir də son vaxtlar aparılan pensiya islahatları ilə bağlı məlumatların nazirliyin əməkdaşları tərəfindən diqqətinizə çatdırılması və müzakirələrin aparılmasına həsr olunub.

Sonra çıxış edən Elnur Abbasov pensiya qanunvericiliyində son illərdə aparılmış dəyişikliklər və onun mahiyyəti, bu istiqamətdə həyata keçirilmiş islahatların əsas hədəfləri və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib.

E.Abbasov bildirib ki, təmsil etdiyi qurum vətəndaşların pensiya təminatının daha da yaxşılaşdırılması, uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsi, sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafı məqsədilə tədbirlərin işlənib hazırlanmasını və işlərin təşkil olunması, eləcə də pensiya sistemində maliyyə dayanıqlılığının möhkəmləndirilməsi üçün müvafiq təkliflərin hazırlanmasını həyata keçirir. Son illər aparılan pensiya islahatları haqqında cəmiyyətə müxtəlif informasiya resursları vasitəsilə dolğun məlumat verilib. Bugünkü tədbirdə də əsas istəyimiz odur ki, sizin vasitənizlə çoxsaylı həmkarlar ittifaqı üzvləri də bu dəyişikliklərdən agah olsunlar və onları işlərində tətbiq etsinlər.

Nazirliyin şöbə müdiri sonra pensiyanın mahiyyəti, qazanılması yolları və sosial sığorta haqqında məlumat verib. Pensiya sisteminin bazar iqtisadiyyatı prinsipləri əsasında formalaşdığını deyib. Ölkəmizdə tətbiq olunan pensiya sisteminin mütərəqqi xarakter daşıdığını və bazasının daha da möhkəmləndirilməsinin önəmliyini qeyd edib. Pensiya islahatının əsas hədəflərini sadalayıb: “Son 4-5 ildə pensiya islahatı ilə bağlı 25-ə yaxın dəyişiklik həyata keçirilib. Yeni çağırışlara cavab verən pensiya sisteminin qurulması əsas hədəfimiz olaraq qalır. Məqsədimiz sosial müdafiənin daha da artırılmasıdır”.

E.Abbasov vahid indeksasiya metoduna keçidin üstün cəhətlərini də diqqətə çatdırıb. Həmçinin e-sistem üzərindən, müraciət olunmadan, sənəd təqdim edilmədən, proaktiv qaydada aparılan pensiya təyinatı haqqında da məlumat verib. Nəzərə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

Nazirliyin rəsmisi qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımdır.

Sonra nazirliyin əməkdaşları mövzuya dair iştirakçıların suallarını cavablandırıb, rəy və təkliflərini dinləyiblər.

 

A.MUSTAFAYEV

ETİKETLƏR:

Foto