Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şuşanın ruhu var...

Çoxdandır axşamüstü nə uzaqdan, nə də yaxından havalanmırdı Xanın səsi, duyulmurdu Qarabağın şikəstəsi. Ta ki...

08.11.2023 14:14
90
A+
A-

Şuşanın ruhu var...  Sanki körpəlikdən bu ruhu damarlarında axan qanda hiss etmək, azərbaycanlı olmağın, milli mənsubiyyətimizin ən özünəməxsus xüsusiyyətlərindən biridir. Məhz bu səbəbdən hər bir azərbaycanlı bir az da şuşalıdır. Şuşa həm də ruhumuzun dərinliklərindən boy verən Vətən sevgisinin, mədəniyyətimizin, elə o mədəniyyətə bağlılığımızın da simvoludur... Çoxdandır axşamüstü nə uzaqdan, nə də yaxından havalanmırdı Xanın səsi, duyulmurdu Qarabağın şikəstəsi. Ta ki...

Şuşaya tuşlanan bu dəfə, Milli Qəhrəmanımız Albert Aqarunovun bir atəşlə məhv etdiyi, “442” nömrəli erməni tankının lüləyi deyildi. Azərbaycan Ordusu Böyük Zəfər yürüşünün ən önəmli mərhələsi üçün məhz bura – Şuşaya köklənmişdi. Bu yürüşü “əfsanə tabor” – “Yaşma” igidləri başa çatdırmalı idi. Onlar quşkeçməz qayaları qarış-qarış, pəncə-pəncə yenidən Vətən torpağına qaytarırdı. O sıldırım qayaların hər qarışına Azərbaycan əsgərinin qanı hopub.

“Əfsanə tabor”un əfsanəvi komandiri, polkovnik-leytenant Nizami Əliyev müsahibimdir. İnsan özündən asılı olmadan, bu təqdimatın qarşısında farağatda durmaq istəyir. Onu dinləmək, Vətən müharibəsinin gedişatını onun gözündən izləmək əvəzsiz təcrübədir. Ondan soruşmaq istədiyim yüzlərlə sual olsa da, içlərindən bir neçəsini seçə bildim.

Əlbəttə, Vətənin hər qarış torpağı bizim üçün əzizdir. Lakin həm işğal, həm də işğaldan azad olunma mərhələsində Şuşa Azərbaycan xalqının xüsusi diqqət və həssaslıqla gözlədiyi şəhər idi. Bəlkə də ordumuzun Şuşa uğrunda döyüşlərdə qeyri-adi fədakarlığı daha çox bu amildən qida alırdı?

Şuşanın hərbi qulluqçular üçün xüsusi, fərqli bir rolu var. Şuşanın alınması elə müharibənin başlanğıcından əsas məqsəd olub. Necə deyim, əgər biz Qarabağı azad etmək, qardaşlarımızın qisasını almaq, analarımızın, bacılarımızın namusunu təmizləmək istəyirdiksə, ilk növbədə Şuşanı düşmən tapdağından qurtarmalı idik. Amma Şuşaya gedən yol təkcə kəskin, sıldırım qayalı dağlardan keçmirdi. Əsas məqsədimizə - Şuşaya çatmaq üçün irəlilədiyimiz bu yolda qarşımıza bir çox maneə çıxdı. Bu, ilk növbədə düşmənin 30 ilə yaxın müddət ərzində qurduğu müdafiə xətti idi. Bəlkə də “müdafiə xətti” ifadəsi bir çox insan üçün sadə, asan görünür. Amma burada söhbət təkcə qazılan səngərlərdən, ön xətdən getmir.

Əslində burada ən uyğun söz “müdafiə sistemi”dir. Bu sistemə bir çox müdafiə mexanizmi daxildir. Səngərlər, əlaqə yolları, əsas və ehtiyat mövqelər, texnika və silahlar üçün nəzərdə tutulan mövqelər bu sistemin bir hissəsidir. Sığınacaqlar, bunkerlər, maneə sədləri, hansı ki, bura tel maneə sistemi, mina maneə sistemləri daxildir. Düşmən əraziyə minaları elə pərakəndə şəkildə yerləşdirmişdi ki, heç özü də yerini dəqiq bilmirdi. Uzun sözün qısası, bu sistem, birinci, ikinci və üçüncü olmaqla, üç eşelondan ibarət idi. Düşmənin ən güclü müdafiə sistemi ikinci eşelonda idi. Azərbaycan əsgəri bu sistemi yarmaq məcburiyyətində idi. Çünki Şuşaya gedən yol məhz buradan keçirdi.

Dağlıq ərazidə döyüşmək hər nə qədər çətin, ağır olsa da, müsbət tərəfi də var. Bu isə ondan ibarətdir ki, dağlıq ərazidə düşmən görmədən hərəkət etmək, mövqe dəyişdirmək və düşmənin arxasına keçmək üçün daha çox imkan var. Lakin bu imkanlar həm də olduqca təhlükəli və çətindir.

“Əfsanə tabor”un Şuşaya qədər uzanan yolu haradan başladı?

Ümumiyyətlə, Şuşanın işğaldan azad edilmə prosesini, sadəcə, bu şəhər uğrunda gedən döyüşlərlə məhdudlaşdırmaq düzgün deyil. Bu proses mənim taborum üçün Qaraxanbəyli kəndindən başlayıb. Əfsanəvi tabor 124 nəfərlik şəxsi heyətlə döyüşə qatılmışdı. Növbəti günlərdə mənim xüsusi əməliyyat taborum digər xüsusi əməliyyat taboru ilə birləşərək Lələtəpə - Hadrut istiqamətində əməliyyata başladı. Hadrutdan sonra bir neçə kiçik kənd var idi. Bu yol bizi Şuşaya aparırdı. Dediyim kimi, əsas məqsəd Şuşanı almaq idi.

Mən bu müharibəni iki əsas mərhələyə bölürəm. Burada birinci və ən əsas mərhələ ön xəttin yarılması prosesidir. Ön xəttin yarılmasında əsas rol “əfsanə tabor”un idi. Bu, ümumilikdə İkinci Qarabağ müharibəsinin ən önəmli mərhələsi hesab edilir. Bunu yenicə rinqə çıxan, gücü, qüvvəti yerində olan iki boksçudan birinin rəqibini sarsıdan ilk sarsıdıcı zərbəsinə bənzədirəm. Belə ki, ön xəttin yarılması həm Milli Orduya stimul verir, həm də düşmənin dizlərini titrədirdi.

Yəqin qələbədə şəxsi heyətin psixoloji və mənəvi hazırlığı da mühüm rol oynayıb?

Təbii ki, şəxsi heyətin əhval-ruhiyyəsinin, psixoloji və mənəvi vəziyyətinin yaxşı olması ordunun ümumilikdə vahid məqsədə xidmət etməsi ilə əlaqəlidir. Birinci növbədə Vahid komandanlıq. Vahid komandanlıq çox vacib bir faktordur. Bu isə Ali Baş Komandanın ordunun başında olmasıdır. Sıravi əsgərdən zabitlərə qədər hər kəs bilirdi ki, ordunu cənab Ali Baş Komandan idarə edir və onun burada gedən hər bir prosesdən şəxsən xəbəri var. Hər kəs bu komandanlığa arxalanırdı. Bir bu, ikincisi isə şəxsi heyətdə amalın olması ən önəmli faktorlardan biridir. Bizim ordumuzda istisnasız hər kəs nə uğrunda döyüşdüyünün fərqində idi. Torpaqlarımızı işğaldan azad etmək, tökülən qanların, ələlxüsus Xocalıda qırılan körpələrin qisasını almaq... Bütün bunlar bir yerə toplanaraq şəxsi heyətə stimul olur, onlara məqsəd verirdi. Bu məqsədlərdən də biri Qarabağın rəmzi Şuşanı azad etmək idi.

Yaxşı xatırlayıram. Noyabrın 8-də hər kəs səhər tezdən Prezident İlham Əliyevin çıxışını gözləyirdi. Bütün gözlər televiziya ekranlarına dikilmişdi. Azərbaycan xalqı sanki vahid bir vücuda, ruha bürünüb “Şuşa işğaldan azad edildi” kəlmələrini gözləyirdi. Hiss edirdik. Kimisi yüksək səslə Şuşa deməyə cəsarət edir, kimisi sehri pozmaq istəməyib, sadəcə, gözləyirdi. Yazının əvvəlində qeyd etdiyim o ruh, yenidən vücuda qayıtmışdı. Prezident İlham Əliyevin seçdiyi o ilk söz, hər birimizin qəlbindəki atəşi böyük bir nəvaziş və həssaslıqla cilovladı. “Əziz Şuşa...”  Həmin gün təkcə Azərbaycan xalqının yox, elə Şuşanın da bu nəvazişə ehtiyacı var idi...  

 

İmran Əliyev

 

 

 

ETİKETLƏR:

Foto