Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Avtomobil qəzalarında həlak olanların sayına görə Avropada birinci üçlükdəyik...

Başqa sözlə desək, il ərzində gündə orta hesabla azı 2 nəfər yol qəzasının qurbanına çevrilir.

29.11.2023 12:36
169
A+
A-

Mütəmadi olaraq reydlər keçirilir, qanunları pozan sürücülər cərimələnir, maarifləndirmə işləri aparılır...  Amma avtomobil qəzalarında ölənlərin, zədə alanların sayı barədə, demək olar ki, hər gün acı xəbərlər eşidirik. Özü də bu sahədəki statistika gündən-günə artır. İş o yerə çatıb ki, Azərbaycanın adı avtomobil qəzalarında həlak olanların sayına görə, Avropada birinci üçlükdə çəkilir. Belə ki, bu il avtomobil qəzalarından 627 nəfər həlak olub, azı iki dəfə çox insan da xəsarət alıb.

Başqa sözlə desək, il ərzində gündə orta hesabla azı 2 nəfər yol qəzasının qurbanına çevrilir.

Səbəbləri nədədir?

 Nəqliyyat eksperti Elməddin Muradov səbəbi sürücülərin məsuliyyətsizliyində, avtomobillərin texniki vəziyyətinin nasazlığında və yolların texniki baxımdan standartlara cavab verməməsində görür. Mütəxəssis dedi ki, istənilən bir qəza, toqquşma, aşma, maşının yanması və s. sürücülərdən mütləq birinin, bəzən də hər ikisinin də günahı ucbatından baş verir. Qəza şəraiti və ya qəza yaradan sürücülərdə məsuliyyətsizliklə bərabər, lazımsız özgüvən hissləri var. “İllərin sürücüsüyəm, mənə zaval yoxdur”, “Kəmər taxmıram, sıxılıram” tipli fikirləri olur. Polis, radar, kamera yoxdursa, onlara elə gəlir ki, nəqliyyatı ürəkləri istədikləri sürətlə idarə edə bilərlər. Burada bir nüansı mütləq qeyd etməliyəm, bu qəbil sürücülər Avropada, qonşu Gürcüstanda sükan arxasında oturanda tam diqqətlə qayda-qanuna riayət edirlər. Bilirsən nəyə görə? Sürücü fikirləşir ki, ölkəmizdə yol qaydalarını pozsa, cəriməsini ödəyəcək, vəssalam. Amma Avropada və ya digər ölkələrdə onu dəlixanaya salacaqlar ki, normal insan işıqforda səhv keçməz, hər hansı qəzanın yaranmasına şərait yaratmaz. Təəssüflər ki, yanaşma belə formalaşıb.

- Elməddin müəllim, yol infrastrukturunun da qəzalarda rolunun böyük olduğunu vurğuladınız, buradakı problemlər nələrdir?

-İşıqlandırılmayan, təhlükəli, rəngləndirilməyən yollarımız çoxdur. Belə ki, yollar xətlənir, bir-iki aydan sonra o boyadan əsər-əlamət qalmır. Bir balaca duman, yağış oldu, yolda çətinlik yaranır. Bütün, həmçinin məhəllədaxili yollar işıqlandırılmalıdır. İşıqdan danışmışkən qeyd edim ki,  bəzi sürücülər də işıqla bağlı siqnallardan düzgün istifadə etmir və nəqliyyatın faralarında led lampalardan istifadə edirlər ki, bu da qarşıdakı sürücünün gözünü qamaşdırır və idarəetməni itirməsinə səbəb olur. Qanunla ara məsafə 150 metr olanda uzaq vuran işıqlar yaxın vuran işıqlarla əvəzlənməlidir. Bəzi düşüncəsiz insanlar buna əməl etmir.

- Bu sahədə 2019-cu ildə qəbul olunmuş “Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dair” Dövlət Proqramı qəbul olunmuşdu...

- Bəli, cənab Prezident tərəfindən 2019-cu ildə imzalanmış “Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dair” Dövlət Proqramının icrasına baxsaq görərik ki, yol hərəkəti qaydalarına göstərilən münasibət dövlət proqramının icrasına qarşı da eynidir. Sənədin əsas mahiyyəti o idi ki, yol qəzalarının sayı minimuma, ən azı 30 faizə endirilməli idi. Lakin möhtəşəm bir sənəd doğru-düzgün icra olunmur.

Mütəxəssis qeyd etdi ki, avtomobillərin  köhnə olması da bəzən yüngül qəzaların faciəvi  sonluqla  nəticələnməsinə gətirib çıxarır. Yəni avtomobilin texniki vəziyyətinin sağlam olmaması da ölüm hallarının çoxalmasına şərait yaradır.

Bütün bu sadaladığım problemlərin üzərinə gedib həll edə bilsək, sürücülərin yol hərəkəti qaydalarına münasibəti dəyişsə, inanıram ki, yollarda ölüm sayının azalmasına nail ola bilərik. Ölüm sayı ötən il 804 nəfər, bu il, hələ ki, 627 olub. Növbəti ayları da nəzərə alsaq, təəssüf ki, yenə bu rəqəmin 800-ü keçəcəyi gözlənilir.

- Elməddin müəllim, ictimaiyyət arasında sürücülük imtahanlarının Dövlət İmtahan Mərkəzinə veriləcəyi barədə şayiələr dolaşır, bunun doğruluq payı nə qədərdir?

- Bu təklif haqqında artıq 10 ilə yaxındır ki, eşidirəm. Mövzu vaxtaşırı gündəmə gəlir-gedir. Amma hesab edirəm ki, imtahan prosesin son mərhələsidir. İlkin mərhələ sürücülərin peşə məktəblərinə formal yanaşmasıdır. Peşə məktəblərinə adlarını yazdırıb dərsə getmirlər. Saxta yolla sənəd alıb “oxudum, öyrəndim” deyirlər. Sonra isə ən yaxşı halda kitab alıb testin suallarını əzbərləyib imtahandan keçirlər. Rusiyanın təcrübəsinə əsaslanaraq qeyd edim ki, orada bu sahənin təkmilləşdirilməsi ilk növbədə sürücülük məktəblərindən başlandı. Sürücülük məktəblərinin hamısı, uzaq Sibirdən tutmuş Dağıstana qədər, ləğv olundu. Yeni formalı, regional, təhsil verən, saxtakarlığa yol verməyən normal məktəblər yaradıldı. Xəstə sürücü saxta sağlamlıq kağızı ala bilməz daha. Bu praktika bizdə də tətbiq olunmalıdır.Yoxsa sürücülük vəsiqəsini hansı orqanın verməsinin nə mənası var, heç nə dəyişməyəcək.

- Şəhərdə əksər vətəndaşlar sürücülüyü təlimçilərdən öyrənir. Sizcə, təlimçilər bu işin öhdəsindən gələ bilirmi? Onlara münasibətiniz necədir?

- Əminliklə deyirəm ki, onların böyük əksəriyyətinin özlərinin təlimə ehtiyacı var. Adlarını təlimçi qoyub pul qazanırlar. Şəhər naşı təlimçilərin sözdə “öyrətdiyi” sürücülərlə doludur. 5-6 ildir deyilir ki, ilk növbədə təlimçilər mütləq sertifikatlaşdırılmadan keçməlidir, daha sonra onlar təlim prosesində telefondan istifadə etməməlidirlər. Qanun bunu qadağan edir. Təlimçi təlim prosesində həm də sürücü funksiyasını yerinə yetirir. Onlar isə, xüsusən də xanım təlimçilər, təlim prosesində əllərində telefon canlı yayım edir, sosial platformalardan reytinq toplamağa, özlərini reklam etməyə çalışırlar.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: