Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Milli oyunlar üzrə ənənəvi spartakiada

Yarışlarda Qarabağ müharibəsi qaziləri də iştirak ediblər.

29.11.2023 12:50
33
A+
A-

Sabirabad Olimpiya İdman Kompleksində Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və “Məhsul” Kənd Könüllü Həmkarlar Kooperativ  İdman Cəmiyyəti  Respublika Şurasının birgə qərarı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunan XXXI Milli Xalq Oyunlarının Respublika Spartakiadası keçirilib.

Spartakiadanın əsas məqsədi itməkdə olan milli adət-ənənələrimizin qorunub saxlanılması, eyni zamanda Prezident İlham Əliyevin olimpiya hərəkatının respublikamızda daha da inkişaf etdirilməsi haqqında göstərişlərinin həyata keçirilməsidir.      

Noyabrın 24-26-da baş tutan final yarışlarında 15 rayondan 262 nəfər iştirak edib.

Spartakiada iştirakçıları  proqrama daxil olan daşqaldırma, gücsınama (kişilər və qadınlar), dirədöymə, çalağançardağı, kəndirdartma, nərd, xıy-xıy və milli güləş üzrə yarışlarda mübarizə aparıblar.

Yarışlarda Qarabağ müharibəsi qaziləri də iştirak ediblər.

Milli güləşdə Nadir  Əlizadə ( 54 kq.), Mirfədi Qafarlı (58 kq.), Savalan Muradov (68 kq.), Nurlan Ağazadə (69 kq.), Mirkamran Kərimov (76 kq.), Elnur Hüseynov (85 kq.), Cavan Qələndərov (97 kq.) və Xosrov Həsənov (125 kq.) birinci yeri tutublar.

Kəndirdartma yarışlarında Sabirabad birinci, Cəlilabad ikinci və Neftçala üçüncü yerə sahib olub.

Xıy-xıy yarışlarında ilk üç yerin sıralaması belə olub: Sabirabad, Cəlilabad və Zəngilan. Dirədöymə yarışında Sabirabad, Cəlilabad və Şamaxı rayonları ilk üçlükdə yer alıb.  Çalağançardağı yarışında Cəlilabad birinci, Sabirabad ikinci və Qubadlı üçüncü pillədə qərarlaşıb. Nərd yarışının qalibləri Süleyman İsayev (İmişli), Akif Kərimli (Zəngilan) və Nizami Həsənov (Neftçala) olublar.

Daşqaldırmada Fuad Qurbanov (Gəncə), Orxan  Süleymanov  (Neftçala), Tərlan Tağıyev (Sabirabad), Zamiq Hüseynov (Füzuli) və Mahir Əliyev çempionluq əldə ediblər.

Gücsınama (kişilər)  üzrə yarışda Fərid Vəliyev (Sabirabad),  Cavanşir Ağababayev (Sabirabad), Elvin Şəmilzadə  (Qax)   və İlqar Məmmədov (Sabirabad) birinci olublar.

Gücsınama (qadınlar) üzrə yarışda Sabirabad rayonunu təmsil edən  Səadət  Abbasova,   Balabikə Mustafayeva və Sona Abbasova fəxri kürsünün ilk pilləsində yer alıblar.

Spartakiadanın yekun nəticəsinə görə, Sabirabad  rayonunun komandası I yeri, Cəlilabad  rayonu II yeri, Şamaxı    şəhəri  III yeri, Qubadlı   rayonu IV yeri, İmişli   rayonu V yeri tutub.

Ümumkomanda yarışlarında fərqlənmiş idmançılar  diplomlarla  və hədiyyələrlə təltif edilmişlər.

ETİKETLƏR:

Foto