Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İqtisadiyyatın “yaşıllaşdırılması” üçün davamlı inkişaf

Suallarımı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri cavabladı.

10.01.2024 22:30
37
A+
A-

Dəyişən dünya və yeni çağırışlar. Hazırda yaşıl iqtisadiyyata keçid bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ekoloji və sosial siyasətin əsas hədəflərindən birinə çevrilməkdədir.

Qloballaşan dünyada enerji resurslarına tələbatın yüksəlməsi və ənənəvi enerji resurslarının məhdudluğu şəraitində karbohidrogen ehtiyatlarından istifadənin dünyada iqlim şəraitinə göstərdiyi mənfi təsirlər nəticəsində alternativ enerji ehtiyatlarından istifadəni qaçılmaz edib. Xüsusi olaraq qeyd etmək olar ki, zəngin karbohidrogen resurslarına malik ölkəmiz enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərini davamlı inkişafı dəstəkləyəcək istiqamətdə qurur və burada mühüm məqsədlərdən biri karbohidrogen resurslarına maksimal dərəcədə qənaət edilməsi yolu ilə ətraf mühiti qorumaq və ölkəmizin enerjiyə olan tələbatını yerli resusrlardan istifadə etməklə ödəməkdir.

Bəs, görəsən, Azərbaycanda yaşıl iqtisadiyyata keçidin vəziyyəti nə yerdədir? Və yaşıl iqtisadiyyata keçidin sürətlənməsi yolları hansılardır? Hansı addımlar atılıb, stimullaşdırıcı tədbirlər görülməlidir?

Suallarımı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri cavabladı.

Millət vəkili Məşhur Məmmədov bildirdi ki, qlobal iqtisadiyyatda ən vacib istiqamətlərdən biri yaşıl iqtisadiyyatın genişləndirilməsi və “yaşıl artım”a nail olmaqdır. Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat bunu şərtləndirən vacib amillərdir. Ekoloji təmiz texnologiyaların tətbiqinə önəmli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası, ekoloji baxımdan əlverişli yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsi yaşıl iqtisadiyyat çərçivəsində hədəflənən əsas işlərdir.

“Azərbaycanın dövlət siyasətinə ekologiyanın və ətraf mühitin qorunması prioritetdir. Ötən dövr ərzində görülən işlər də bu reallığı təsdiqləyir”. Bu fikirləri müsahibim millət vəkili Fatma Yıldırım bildirdi. Dedi ki, respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi də xüsusi vurğulanmalıdır. Dövlətimizin başçısı bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.

Bu il ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu baxımdan müstəsna əhəmiyyət kəsb edir.

 Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

F.Yıldırım xüsusilə vurğuladı ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyur. Bu prioritetlər qəbul edilənə qədər 2020-ci il yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı imzalanmış müqavilə əsasında 2022-ci il yanvarın 13-də “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. 2022-ci il martın 15-də isə Bakıda “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb.

Həmçinin 2022-ci il dekabrın 15-də Azərbaycanın Energetika Nazirliyi və Avstraliyanın “Fortescue Future Industries” (FFI) şirkəti arasında ölkəmizdə bərpaolunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpaolunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 qiqavatadək layihələrin araşdırılmasını və reallaşdırılmasını nəzərdə tutur. Beləliklə, Azərbaycan üç əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək.

Ötən il fevralın 3-də Bakıda keçirilən ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası ilə yanaşı, ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası baş tutub. Bu iclas Azərbaycanın bərpaolunan enerji istehsalı məsələsinə nə dərəcədə önəm verdiyini göstərir. Bununla yanaşı, Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Bütün bunlar ölkəmizin yaşıl iqtisadiyyata doğru hədəflərini aydın ifadə edir. İnanırıq ki, bu istiqamətdə qarşıya qoyulan vəzifələr uğurla yerinə   yetiriləcək.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: