Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Paytaxtda hər il 25 min iş yeri açılacaq

Bəs tələbat daha çox hansı sahələrədir?

11.01.2024 15:03
210
A+
A-

Bakının Baş Planı çərçivəsində çoxsahəli iqtisadi strategiyanın tətbiqi paytaxtımızda 372 375 yeni iş yerinin açılmasına imkan verəcək. Bu sənəddə uzunmüddətli perspektivdə neft və qaz sektorundan asılılığı azaldacaq innovativ və dayanıqlı iqtisadi sektorlar müəyyən edilib.

Qeyd edilib ki, Bakının iqtisadiyyatının əsasını təşkil etməyə davam edəcək formalaşmış sahələr konsolidasiya edilməli və modernləşdirilməlidir və Bakının Regional Bilik Mərkəzinə çevrilməsi üçün yüksək dəyər yaradan yeni sahələr və inkişaf etməkdə olan iqtisadi sektorlar da inkişaf etdirilməlidir.

Yüksək dəyər yaradan yeni sahələr və inkişaf etməkdə olan iqtisadi sektorlar əsasən hansılardır? Suallarımızı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov və İqtisad elmləri doktoru, professor Zahid Məmmədov cavablandırdılar. 

V. Bayramov dedi ki, Baş Planın hazırlanmasına yerli institutlar və ekspertlərlə yanaşı, beynəlxalq qurumlar da cəlb olunub. Xüsusən də Avropanı təmsil edən, bu sahədə aparıcı qurumların cəlb edilməsi sənəddə əksini tapan göstəricilərin əsaslandırılması baxımından da vacib idi. Çünki bu sənəddə  həm yerli reallıqlar, həm də beynəlxalq standartlar   nəzərə alınıb: “Qeyd edim ki, paraktiki olaraq burada söhbət 16 il ərzində 400 minə yaxın yeni  iş yerinin açılmasından gedir. Xidmət sektorunun da genişləndiyini və inkişaf etdiyini nəzərə alsaq, bu orta hesabla hər il 25 min yeni iş yerinin açılması deməkdir.

Millət vəkili dedi ki, gözləntimiz ondan ibarətdir ki, bütövlükdə Baş Planda nəzərdə tutulan iş yerlərinin yaradılması və hədəflərə nail olunması üçün Bakıda müqayisəli üstünlüyə və ya yüksək dəyərə malik olan sektorların,  eləcə də ixtisaslı kadrların işlə təmininə imkan yaradacaq sahələrin bu kontekstdən daha çox inkişafa və  yaxından dəstəklənməsinə şərait yaradılsın. Bakı və yaxın ətraf ərazilərdə iqtisadiyyatın fərqli sahələrinin, həm sənaye, xidmət və digər emaledici sektorların inkişaf imkanları var. Prioritet hədəflərə görə, Bakıda metro sistemi genişləndiriləcək, şəhərətrafı yerlərin cəlbediciliyi artırılacaq, köhnəlmiş mənzil fondu modernləşdirilərək yenidən qurulacaq, infrastruktur və xidmət təminatı yaxşılaşdırılacaq, çirklənmiş ərazilər bərpa olunacaq, ictimai yaşıllıqların sayı artırılacaq. Bütün bunların nəticəsində yaxın 20 ildə paytaxta investisiya qoyuluşları və turist sayı da artacaq.

“Dünya çox sürətlə inkişaf edir və dəyişir. Dünən tələb olunan ixtisaslar və şərtlər bu gün keçərli olmur. Bu dəyişiklikləri təqib etmək çox çətindir. Buna baxmayaraq artıq rəqəmsallaşma gedir. Hazırda və gələcəkdə daha çox rəqəmsal texnologiyaları bilənlərə böyük ehtiyac olacaq”.

Bunu professor Zahid Məmmədov bildirdi. Dedi ki, daha sonra xidmət sektoruna böyük tələbat var. Hesab edirəm ki, servis xidməti böyük inkişaf etməlidir. Əvvəllər insanlar məhsulu almaqla kifayətlənirdi, indi məhsulların necə paketlənməsinə, xidmətin keyfiyyətinə çox önəm verilir. Hətta görürsüz qonşu Türkiyənin bəzi tanınmış mağazalarından alış-veriş zamanı aldığımız məhsulun yanında kiçik hədiyə də göndərirlər. Yəni ölkəmizdə də  xidmətdə yaradıcılıq, rəqabət yaranmalıdır. İş yerlərinin açılmasına gəlincə professor əsas məsələnin iş yeri axtarmaq deyil,  iş yeri qurmaq olduğunu vurğuladı: “Bu prinsipə dayanaraq insanlara iş yeri axtarmaqdan çox, qurmaq , yaratmaq üçün dəstək verilməlidir. Məsələn, onları arendalardan qurtarmaq lazımdır. Yüzlərlə obyekti olan insanlar arendadan milyon qazanır, amma gecə- gündüz oranı işlədən vətəndaş baxır ki, qazandığı bütün vəsait obyektin aylıq ödənişinə  gedib. Ona görə birmənalı olaraq gərək bələdiyyələr o insanlara torpaq, yer ayırsın ki, onlar işləyə bilsinlər. Daha sonra peşəyönümlü sahələrin inkişafı və dəstəklənməsi lazımdır. Hazırda ən gəlirli işlər sırasında  santexnika, kombi, maşın təmiri və  digər ustalıq tələb edən sahələr də yer alır. Bu sahələri inkişaf etdirməklə yanaşı, həm məktəbyaşlı uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün, həm də əlavə sənət öyrənmələri üçün ödənişsiz  idman zalları açmalı, qabiliyyət tələb edən kurslar təşkil olunmalıdır. Bir sözlə, öyrənməyin əhatə dairəsi genişləndirilməli, sabah əmək bazarına girəcək olan insanlar bilməlidir ki, bu gün təkcə məktəb dərsləri ilə kifayətlənsələr, sabah, necə deyərlər, beş barmağında beş marifət olanlardan geri qalacaqlar.

 

ETİKETLƏR: