Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


53 yaşına çatmış qohumumun üzərinə patronaj təyin edilmişdir. Patronaj və qəyyum arasında fərq varmı? Bu onun hüquqlarını məhdudlaşdırır, ya yox?

Röya SƏLİMOVA, Gəncə şəhəri.

17.01.2024 11:07
41
A+
A-

- Qanunvericilik müstəqil olaraq öz hüquqlarını həyata keçirə bilməyən şəxslərin müdafiəsini diqqət mərkəzində saxlayır. Buna uyğun olaraq mülki qanunvericilik qəyyumluq və himayəçilik, həm də patronaj institutunu müəyyən etmişdir.

Birinci növbədə qəyyum (himayəçi) ilə patronaj arasındakı fərqi   Sizə izah etmək istəyirik. Qəyyumlar və himayəçilər fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti olan şəxslər üzərində təyin edilir. Həm də qəyyum 14 yaşınadək şəxslər, himayəçi isə 14 yaşdan yuxarı şəxslər üzərində təyin edilirsə, patronaj yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs üzərində təyin edilir.

Mülki Məcəllənin 39-cu maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi onun hüquqlarının məhdudlaşmasına səbəb olmur.

Patronaj müəyyən şəxsə qayğı göstərmək məqsədilə təyin edilir. Belə ki, 53 yaşına çatmış qohumunuz, qanunvericiliyin tələbinə uyğun olaraq, öz xahişi ilə onun üzərində patronaj təyin etməyi xahiş etmiş, qəyyumluq və himayə orqanı tərəfindən də ona həmin köməyi göstərməyi öhdəlik götürmüş şəxs (patron) təyin edilmişdir.

Üzərində patronaj təyin edilmiş şəxsin hüquqları qətiyyən məhdudlaşmır. Patronaj öz vəzifələrini vicdanla icra etməli və köməyə ehtiyacı olan şəxsin mənafeləri baxımından çıxış etməli, bu mənafeləri qorumalıdır. Öz vəzifəsini kifayət qədər icra etməməsi nəticəsində patronajda olan şəxsə dəyən zərər üçün patron məsuliyyət daşıyır.

Patronaj müstəqil hərəkət edə bilməyən, xəstəliyə görə özünə qulluq edə bilməyən, çox qocalmışlar və sair üçün müəyyən edilmişdir. Fəaliyyət qabiliyyətsiz şəxslərə, fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış şəxslərə əqli zəifliyə və psixi pozuntuya görə patronaj təyin edilmir.

Patronaj şəxsin öz xahişi ilə təyin edildiyi kimi, öz tələbi ilə, heç bir əsas olmasa da, ləğv edilir.

Bir halı da nəzərinizə çatdırırıq ki, patron öz üzərinə düşən vəzifələri layiqincə yerinə yeritirmədikdə, patronajdan tamah məqsədilə istifadə etdikdə, onu köməksiz vəziyyətdə qoyduqda vəzifəsindən azad edilir və bu qanunsuz hərəkətlərinə görə məsuliyyət daşıyır.

 

“Əmək veteranı” adı və vəsiqəsi necə verilir, hara müraciət etməliyəm? Bunun üçün hansı sənədlər lazımdır?

 

Surə SƏMƏDOVA, Beyləqan rayonu.

 

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, “Əmək veteranı” adı və vəsiqəsi yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilərin 40 ildən artıq, qadınların 30 ildən artıq əmək stajı olduqda) verilir. “Əmək veteranı” adı və vəsiqəsi verilməsi üçün vətəndaşlar aşağıda qeyd olunmuş təsdiqedici sənədlərlə iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət etməlidir. Şəxsin işlədiyi müəssisə ləğv edilmiş olduqda və ya iş yeri dövlət müəssisəsi deyilsə, bu zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir. Müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır:

1 Ərizə

2.Yaşa görə pensiyaçı olması barədə arayış

3. 3x4 ölçüdə 2 ədəd fotoşəkil

4. Şəxsiyyət vəsiqəsinin surəti

5. Əmək kitabçasının surəti

ETİKETLƏR: