Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hansı hallarda özəl pensiya fondlarına müraciət

edənlərin sayı çox olar?

17.01.2024 12:33
20
A+
A-

DSMF-nin 2023-cü il üzrə hesabat tədbirində “Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı normativ sənədlərin hazırlanması tam yekunlaşıb” barədə verdiyi məlumat əhali arasında geniş müzakirələrə səbəb olub. Əhalini əsasən aşağıdakı suallar maraqlandırır:

Fondun fəaliyyəti hansı formada nizamlanacaq? Fonda dövlət qarantı olacaqmı?

Ekspertlər özəl pensiya fondlarının dünya təcrübəsində geniş tətbiq olunduğunu qeyd edirlər. Bildirirlər ki, Qərb praktikasında adətən işçini işə götürərkən “iş təklifi paketi”ndə özəl pensiya sxemi də təklif edirlər. Amma iş yeri bu təklifi verməyəndə belə, işçi təqaüd üçün fonda müracət edə bilər. Yəni bu, məcburi deyil. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır. Bu fondlar əsasən vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir.

Qərbdə müxtəlif cür pensiya planları olur. Məsələn, pensiya yaşına çatdıqda ya məbləğ birdəfəlik verilir, ya da əlavə olaraq stabil bölünür. Yəni dövlətin verdiyi pensiyadan əlavə özəl pensiya da ödənilir. Bu, təqaüdçülərin hüquqlarının qorunması və gələcəkdə daha çox təqaüd alması üçün müsbət təcrübədir. Eyni zamanda özəl pensiya fondunun yaradılmasından sonra vətəndaşa həm dövlət, həm də özəl fondlar vasitəsilə ödəniş etmək imkanı veriləcək. Bu o deməkdir ki, vətəndaşlarımız iki mənbədən pensiya əldə edə bilər. Bir sözlə, ekspertlərin fikrincə, qeyri-dövlət pensiya fondlarının yaranması pensiya sığorta sistemində rəqabəti formalaşdırmaqla yanaşı, DSMF-nin dövlət büdcəsinin transfertlərindən asılılığını da azalda bilər.

“Dünya təcrübəsində özəl pensiya fondları bəzən həmin yığılan pensiya məbləğlərinə əlavə faizlər tətbiq edir və gələcəkdə pensiyaçılar bank depoziti kimi əlavə faizlər alır. O cümlədən pensiya kapitalının varisliyi təmin edilə bilir. Yəni insan müqavilə şərtlərinə uyğun, pensiya yaşına çatmasa da, həmin kapitalı öz varislərinə ötürmək imkanı əldə edir. Daha sonra təqaüd yaşına çatanda yığılan vəsaiti birdəfəlik və ya hissə-hissə götürə bilir. Ölkəmizdə də bu və ya bunun kimi imkanlar yaradılarsa, əlbəttə, özəl pensiya fondlarına müraciət edənlərin sayı çox olar. Amma, sözsüz ki, bu, özəl fondlarla müqavilə bağladıqdan  və pensiya yığımından 30 il sonra istifadə edilə biləcək uzunmüddətli prosesdir”.

İqtisadçı-ekspert Natiq   Cəfərli əlavə etdi ki, özəl pensiya fondunun yaradılması ilə bazarda rəqabətli mühit yaranacaq.

Özəl pensiya fondlarının yaradılmasının nə kimi müsbət və mənfi təsiri olacaq sualına cavab verən həmsöhbətim bildirdi ki, yaradılan fondun necə fəaliyyət göstərəcəyi əsasnamə və sənədlər təsdiq olunandan sonra tam bəlli olacaq.

- Natiq müəllim, fonda dövlət qarantı olacaqmı? 2008-ci il maliyyə böhranından sonra dünyada bir çox özəl pensiya fondlarının aktivləri dəyərsizləşib və öhdəliklərini yerinə yetirə bilməyiblər. Əksər ölkələrdə dövlətin dəstəyi ilə bu fondlar vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirsələr də, bir sıra ölkələrdə bu, baş tutmayıb və ciddi problemlər ortaya çıxıb. Ölkəmizdə də əksər vətəndaşlar özəl sektora uzunmüddətli dövrdə güvənmirlər.

- Dünyanın hər yerində belədir. Dövlət zəmanəti olmadan heç bir özəl fond fəaliyyət göstərə bilməz. Sosial məsələlərlə bağlı olduğu üçün onların iflas etməsi qəbuledilməzdir. Bu fondlar dövlət tərəfindən böyük həcmdə sığortalanır. Necə ki, əmanətlərin sığortalanması fondu var, özəl təqaüd fondlarının da sığortalanması nəzərdə tutulacaq. Bunun üçün narahatlığa əsas yoxdur.

DSMF ilə tipik, standart müqavilələr, özəl təqaüd fondlarında özəl müqavilələr bağlandığı üçün burada, çox güman ki, vətəndaşın istəyinə uyğun olaraq vərəsəlik məsələsi də orada qeyd olunacaq. Zatən ödənişlərlə bağlı da özəl yanaşma tətbiq olunacaq. İstənilən halda fərdi müqavilələr olacaqsa, o zaman varislik, pensiya yaşına çatanda vəsaitin hansı formada əldə edilməsi və s. məsələlər qeyd olunacaq.

Əsli TELMANQIZI

ETİKETLƏR: