Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qəhrəman oğul və qızlarımızın xatirəsi ehtiramla yad edilir

Həmin gecə baş verənlər tək faciə yox, həm də xalqımızın tarixinin şərəfli səhifələrindən biri, ictimai-siyasi təfəkkürümüzdə yaranmış təbəddülatlar günü, milli azadlıq hərəkatımızın zirvəsi idi.

17.01.2024 12:59
6
A+
A-

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.  Artıq qanlı Yanvar hadisələrindən 34 il keçir. Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Həmin gecə baş verənlər tək faciə yox, həm də xalqımızın tarixinin şərəfli səhifələrindən biri, ictimai-siyasi təfəkkürümüzdə yaranmış təbəddülatlar günü, milli azadlıq hərəkatımızın zirvəsi idi.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu cinayətkar hərəkəti nəticəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklərə yol verildi, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirildi, yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti aldı. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən Ümummilli Lider Heydər Əliyev oldu. Heydər Əliyev vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Baş verən hadisələri hüquqa, demokratiya prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi. 1994-cü ildə    20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gucləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu Öndər 31 mart 1998-ci il tarixdə         “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında fərman imzaladı. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə təsdiq edildi.  Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verildi.

Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.

Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar verib. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. İlham Əliyevin imzaladığı “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmana əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə Prezident təqaüdü verilir. Hazırda bu məbləğ 600 manat təşkil edir.

Ölkə başçısının “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə isə bu hadisədə əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

Müharibə əlilləri və şəhid ailələri kimi,     20 Yanvar əlilləri və şəhid ailələrinin də ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Şəhid ailələri üzvlərinin hər birinin yaşa görə əmək pensiyasına əlavə hesablanıb.

Həmçinin hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin edilir.

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin uşaqları da aylıq müavinətlə təmin olunur. Əmək, vergi və digər sahələrə dair qanunvericiliklərdə şəhid ailəsi üzvləri, eləcə də müharibə və 20 Yanvar əlilləri üçün bir sıra imtiyaz və güzəştlər əksini tapıb.

Azərbaycan həmkarlar ittifaqları da şəhid ailələrinə, qazilərə, həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsi iştirakçılarına daim dəstək olur, onların qayğıları ilə maraqlanır, lazımi köməklikləri göstərir.

Müstəqillik uğrunda mübarizəyə qalxan, Vətəni yadların tapdağından qurtarmağa çalışan qəhrəman oğul və qızlarımızın xatirəsi həmkarlar ittifaqı təşkilatları tərəfindən də hər il yad edilir.

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və AHİK-in kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri Şəhidlər xiyabanını ziyarət edirlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında və sahə həmkarlar ittifaqlarında müstəqillik uğrunda şəhid olan       Vətən övladlarının anım günü ərəfəsində bir sıra tədbirlər keçirilir.

AHİK İcraiyyə Komitəsinin qərarına əsasən, 20 Yanvar şəhidlərinin  ailələrinə birdəfəlik maddi yardım göstərilir. Bu maddi dəstək yüzdən çox şəhid ailəsini əhatə edir.

Eyni zamanda AHİK-in üzv təşkilatları tərəfindən şəhid ailələrinə yardım göstərilməsi, pulsuz yollayışlarla təmin olunması, onlarla görüşlərin keçirilməsi də həyata keçirilir.

Ümumilikdə 2018-2023-cü illərdə AHİK tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə 141 600 manat yardım verilib.

Bu dövrdə Vətən müharibəsi və ondan sonrakı dövrdə, Konfederasiya başda olmaqla, üzv təşkilatlar və onların xidmətində olan həmkarlar ittifaqı təşkilatları qəbul olunmuş qərarlarla Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 1 041 890 manat, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə 2 329 954 manat, şəhid və qazi ailələrinə 4 700 000 manat maddi yardım göstərib. Həmçinin 4 000 nəfərdən artıq şəhid ailəsi və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin sanatoriya-kurort müalicəsi təmin edilib. Bununla yanaşı, 51 915 şəhid, qazi və aztəminatlı ailələrə 4 840 000 manat dəyərində ərzaq yardımları göndərilib, “YAŞAT” və Qarabağ Dirçəliş fondlarının hesabına ümumilikdə 1 921 046 manat vəsait köçürülüb.

Konfederasiya bundan sonra da şəhid ailələrinin sosial problemlərinin yaxşılaşdırılması üçün müvafiq addımları davam etdirəcəyini qarşısına məqsəd qoyub.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR:

Foto