Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sağlamlığımızı necə qorumalıyıq?

.

24.01.2024 11:57
554
A+
A-

Xüsusilə son bir neçə həftədə, yaşından asılı olmayaraq, xəstələnən insanların sayında nəzərəçarpacaq artım müşahidə olunur.  Şiddətli öskürək, oynaq ağrısı, boğaz ağrısı və burun axması şikayətləri ilə həkimə müraciət edirlər.

 Qeyd etmək istəyirəm ki, tək bizim ölkədə deyil, qonşu ölkələrdə, xüsusilə qardaş Türkiyədə də  yuxarıda sadaladığım şikayətlərlə xəstəxanalara müraciət edənlərin sayında ciddi artım olduğu qeyd edilir. Yoluxmanın qarşısının alınması üçün isə qoruyucu tibbi maskalardan istifadə tövsiyə olunur. 

Mütəxəssislər eyni zamanda iki, bəzən üç virus infeksiyası aşkarlanan xəstələrin olduğunu da vurğulayırlar.

Bu günlərdə ölkədə qızılca xəstəliyi yayıldığı və qızılcanın da ilkin əlamətləri soyuqdəyməyə bənzədiyi üçün insanlar xəstəliyi müəyyən etməkdə çətinlik çəkir. Həkimlər qeyd edir ki, müraciət edənləri narahat edən başlıca səbəblərdən biri bu bilinməzlikdir . Onlar boğaz ağrısı ilə başlayan bu xəstəliyin əsasən  influenza virusu olduğunu qeyd edirlər.

 “Sağlam gələcək” klinikasının həkimi Aytən Bağırova bildirdi ki, soyuqdəyməni qızılca xəstəliyindən fərqləndirmək üçün qızdırması olan şəxsin ağız boşluğuna diqqət etmək lazımdır. Əgər ağız boşluğunda filatov-koplik ləkələr yaranarsa, deməli, qızılca olma ehtimalı yüksəkdir və ya səpgilər yoxdursa, yenə də ilk 3- 4 gün gözləmək lazımdır: “Qeyd etmək istəyirəm ki, bu günlərdə rastlaşdığımız ən başlıca problemlərdən biri xəstələrin  öz qərarları ilə antibiotik qəbul etmələridir. Antibiotik lazım olarsa, bunu, birmənalı olaraq,  həkim təyin etməlidir. Daha sonra xəstələnən şəxsin temperaturu yüksək ( 39-40) deyilsə, onu aşağı salmağa çalışmamalıdırlar. Çünki qızdırma 37-38 olan kimi qızıdırmanı aşağı salmağa çalışmaq, bədənin virusla mübarizəsinə müdaxilə etmək deməkdir”. 

A. Bağırova qeyd etdi ki, qrip əlamətləri hiss edirsizsə bol maye, adaçayı, cökə, kəklikotu, exinasiya, nanə-limon və yaşıl çay kimi isti bitki çayları içmək lazımdır.

Eyni zamanda toyuq suyu və ya bulyon şorbası soyuqdəymə üçün mükəmməldir. Duzlu su ilə tez-tez qarqara etməyi də xəstələrimə məsləhət görürəm. 

 Həkim qeyd etdi ki, ümumiyyətlə, bu günlərərdə limon, bal, sarımsaq, zəncəfilli, ballı və ya darçınlı süd içmək və “C” vitamini qəbul edərək immuniteti gücləndirmək lazımdır.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, hazırda ölkədə qış fəsli ilə əlaqədar mövsümi qrip, kəskin respirator virus infeksiyaları, koronavirus infeksiyası ilə yoluxma hallarına təsadüf edilir: “Ayrı-ayrı illər üzrə qeydə alınan xəstələnmə hallarının saylarını müqayisə etdikdə bu ildə, hələ ki, əhəmiyyətli fərqin olmadığını qeyd etmək olar. Nəzərə almaq lazımdır ki, qrip və digər respirator virus infeksiyalarına həm böyüklər, həm də uşaqlar yoluxaraq xəstələnir, lakin kiçikyaşlı uşaqlar, ahıl insanlar və ağır xroniki xəstəliyi olan şəxslər risk qrupuna daxildir və onlarda xəstəliyin gedişi ağır və fəsadlarla müşayiət oluna bilər. Respirator virus infeksiyalarından qorunmaq yolları universaldır. Əhali bu qaydalar barədə  kifayət qədər maarifləndirilir. Xüsusilə risk qrupuna daxil olan insanlar daha da diqqətli olmalı, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər uzaq durmalı, məsafə gözləməlidirlər. Bu, mümkün olmadıqda və xüsusən ictimai nəqliyyatda maskadan istifadə etməli, əl gigiyenası qaydalarına əməl etməlidirlər”.

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto