Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Depressiv gənc nəsil

Çıxış yolunu harada axtarmalıyıq?

31.01.2024 11:03
174
A+
A-

Günümüzdə gənclərin psixoloji sağlamlığı və mental durumu ən aktual problemlərdən biridir. Hətta ötən günlərdə Davos forumunda dünya liderlərini narahat edən məsələlərdən biri də məhz “Gənc nəslin depressiv” olmasıdır.

Bu məsələnin kökündə hansı səbəblər dayanır? Gənc nəslin psixoloji durumu və mental sağlamlığını təmin etmək üçün hansı addımlar atılmalıdır?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli qəzetimizə verdiyi müsahibədə bildirdi ki, gənclərin psixoloji sağlamlığında müəyyən bir depressiv durumun olması fikri ilə razılaşmamaq mümkün deyil. Millət vəkili səbəblərdən birini sosial əlaqələrin və qarşılıqlı olaraq cəmiyyəti təşkil edən fərdlərin bir-biri ilə əlaqələrinin, əvvəlki ailə münasibətlərinin, ailələr arasında gediş-gəlişin azalması ilə bağlı olduğunu söylədi. Yüksək texnologiyanın inkişafı, əslində keyfiyyətli ünsiyyətin müxtəlif rabitə vasitəsilə əvəzedilməsi gənclərin bir-biri ilə kontakt qurmasında daha sürətli və asan olduğuna baxmayaraq, təəssüf ki, real ünsiyyəti əvəz etmir.

“Beləliklə, təbii ki, depressiv durumların meydana çıxması da an məsələsidir. Bizim ata biləcəyimiz ən mühüm addımlar sosial tədbirləri daha çox keçirmək, Azərbaycan xalqı üçün xarakterik olan ailələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi, qohum-əqrəba arasında gediş-gəlişin təşviqi üçün çalışmaq və müxtəlif sosial tədbirlərdə gənclərin iştirakını təmin etməkdir. Bütün bunlar insanlar arasında münasibətlərin daha da yüksək səviyyəyə çatdırılması üçün mühüm məsələlərdir. Biz cəmiyyət olaraq həm özümüz üçün xarakterik olan mental dəyərlərimizi itirməməliyik, həm də onların inkişafına çalışmalıyıq. Gənclərin həyatında aktiv həyat tərzi, müxtəlif idman növlərinin rolu da ciddi əhəmiyyət kəsb edir. Biz də bu istiqamətdə daha intensiv və çevik davranmalıyıq ki, gəncləri stimullaşdıraq, cünki onlar bizim gələcəyimizdir”, - deyə M. Məmmədli söylədi.

Klinik psixoloq Leyla Məmmədova müasir gənclərin həqiqətən də  əvvəlki nəsillərə nisbətən ağır psixoloji vəziyyətlərə, depressiyalara, panik ataklara, təşviş həyəcan pozuntulara daha çox meyilli olduqlarını söylədi. Buna gətirib çıxaran bir çox səbəb var. İlk növbədə psixoloq düşünür ki, səbəb sosial şəbəkələr və texnoloji proqresdədir: “Amerikada hətta aparılan bəzi eksperimentlər göstərib ki, insanların sosial şəbəkələrdə keçirdiyi vaxt artdıqca depressiyaya düşmə ehtimalları da bir o qədər artır. Mənim də müşahidələrimə görə, gənclər həyatın böyük hissəsini telefonda keçirirlər. Bunun nəticəsində beynin inkişafı düzgün getmir, real ünsiyyət minimuma endirilir. Əfsuslar olsun ki, bu proseslər insanın normal şəkildə inkişaf etməsi, reallıqda baş verən problemlərlə, çətinliklərlə üzləşməsi və bunların öhdəsindən gəlmək üçün böyük bir əngəldir. Sosial şəbəkələrdə belə bir nüans var ki, insanlar orada özlərini mükəmməl, ideal, xoşbəxt göstərməyə çalışırlar. Reallıqda isə həyat təkcə pozitiv duyğulardan  deyil, həm də qəmginlikdən, aqressiyadan, kədərdən də ibarətdir. Gənclər isə bu reallığı qəbul etməməyə yönəlir. Hətta belə bir hisslərə məruz qalırlar ki, “mən yetərsizəm, həyatımda nələrsə çatışmır”. Sosial şəbəkələrdə başqalarının “xoşbəxt” obrazlarını izləyəndə insan özünü daha çox depressiv hiss edir. “Niyə onlar bacarır, niyə onlar daha uğurludur, mən isə yox?” Bunun bir çox neqativ təsirləri var. Özünü başqaları ilə müqayisə etmək daha çox təşvişli olmağa təsir edir”.

Psixoloq bildirdi ki, son 50 il ərzində dünyada o qədər sürətlə inkişaf gedir, dəyişimlər baş verir ki, nəticədə bizim beynimiz buna adaptasiya ola bilmir. Gün ərzində internetdən gələn informasiya bolluğu, neqativ məlumatlar, dezinformasiyalar, ümumiyyətlə, bizə heç lazım olmayan aşırı məlumatlar beynimizin şüuraltında yığılır və istər-istəməz gərgin və stresli olmağımıza səbəb olur.

Müasir həyatın tempi də gənclərin təşvişli, depressiv, tükənmiş olmasına gətirib çıxarır:”Müşahidə etdiyim qədəri ilə, gənclər daim tələsir, özlərinə yüksək tələblər təyin edir, dünya ilə ayaqlaşmağa çalışırlar. Bu, bəzən bizə ruhsal olaraq neqativ təsir göstərir. Düşünün, bədən daim stresdə olur, sanki biz yarış ərəfəsindəyik kimi, amma bu, qısamüddətli hazırlıq yox, daimi bir vəziyyətdir. Təsəvvür edirsiz?”

İnsan unudur ki, həyatı məhz bu anda yaşayır. Daha çox gələcəyə istiqamətlənir. Bu da istər-istəməz təşviş pozuntusuna yol açır: yuxu, qida, davranış problemləri. Günün sonunda tükənmiş insan “dopamin aclığından” özünü tez bir zamanda “xoşbəxt” hiss etmək istəyir. Dopamin - xoşbəxtlik hormonudur. Beləliklə, müxtəlif asılılıqlara yönəlir (alkoqol, qida, siqaret, serial və s.): “Çox vaxt gənclərdə onu müşahidə edirik ki, onlar ac olmasa belə, fərqində olmadan bir şeylər yemək istəyir ki, xoşbəxtlik hormonu ifraz olunsun”.

Psixoloq müasir dünyanın təhlükəli bir yer olduğu düşüncəsinin də səbəblərdən biri olduğunu qeyd etdi. Ölkəmizdə valideynlər narahatlıq hissi keçirir, uşaqlarını daima qorxu şəraitində böyüdür: “tək gəzə bilməzsən, səni oğurlayarlar, qapını heç kəsə açma və s.”. Bu həm də mentalitetimizə xas olan hiper-himayədən irəli gəlir. Valideynlər fərqində olmasa da, bunların hamısı gələcəkdə uşaqların psixoloji durumuna təsir edən bir izlər buraxır. Nəticə etibarilə daha təşvişli nəsil yetişmiş olur. Hər bir insanın baza ehtiyaclarından biri məhz təhlükəsizlikdir. Keçmişdə cəmiyyətdə hər hansı bir cinayət, neqativ hadisə baş versə də, bir çoxları bu informasiya haqqında xəbərsiz olurdu. Amma indiki informasiyanın sürətlə yayıldığı dövrdə bu, mümkünsüzdür. Beləliklə, daima qıraqdan bu tip neqativ informasiyaları eşitdikdə, gənclər bu halları özü ilə müqayisə edir. Bunu təsəvvür etmək belə təşviş durumunu artırır, depressiyaya meyilli edir və əsas mənəvi ehtiyaclardan biri - təhlükəsizlik ehtiyacı ödənilmir.

Paralel olaraq da valideynlərin övladlarından öz potensiallarına uyğun olmayan tələblərini müşahidə edirik. Həmin gözləntilər borc kimi gənclərin çiyinlərinə yüklənir. Bu da gənclər üçün mənəvi boşluqlara yol açmış ola bilir və ruhsal sağlamlığa olduqca neqativ təsir göstərir.

Digər vacib məqamlardan biri indiki gənclər, mənəvi təhlükəsizlik ehtiyacı ödənilməsə də, fiziki baxımından daha rahat şəraitdə böyüyürlər, daha az fiziki çaba və əziyyətə məruz qalırlar. Sizcə, bu nəyə gətirib çıxarır? Əslində fiziki məşğuliyyət ruhsal vəziyyətimizin yaxşılaşdırılması üçün mütləqdir. Kortizol hormonu - gündəlik stres, qorxu, həyəcan bədəndə yığılıb qalır və bədəndən çıxmadığı üçün panik ataklara gətirib çıxarır.

Psixoloq onu da xüsusilə vurğuladı ki, indiki nəsil tarix boyu bəlkə də ən çox empatiya quran bir nəsildir.

Bu vəziyyətin müsbətə dəyişilməsi üçün hansı  tədbirlər görülməlidir?

Leyla xanım hər şeyin ilk növbədə ailədən başladığını vurğuladı: ailədə sağlam ünsiyyət tərzi, sağlam ortam, rahat atmosfer bəlkə də problemlərin həlli üçün ən fundamental amillərdən biridir.

Psixoloq valideynlərin qınamadan, mənəvi və fiziki şiddət göstərmədən dinləmək bacarığının olduqca vacib olduğunu qeyd etdi. Valideynlər üçün qrup terapiyaların təşkil olunması olduqca effektivdir. Bizim cəmiyyətdə bu praktikaya ehtiyac duyulsa da, çox az müşahidə olunur. Məktəblərdə uşaqların psixi sağlamlığına daha çox diqqət yetirilməlidir, hətta bunun bir fənn olaraq, təhsil sisteminə daxil olması zəruridir. Uşaqlıqdan onlara özünüsakitləşdirmək, özünəyardım texnikaları, stabilizasiya və s. praktikaların həyata tətbiqi çox önəmlidir. Eyni zamanda müəllim və işçi heyəti üçün suisidə meyilli olan insanları müəyyən etmək üçün psixo-təlimlərin keçirilməsi labüddür.

L.Məmmədova orta məktəblərlə bərabər, ali təhsil müəssisələrində də fənn olaraq psixoloji qrup seansların keçirilməsini dəstəklədiyini söylədi. Tələbələrin daxili yaradıcılıq bacarıqlarını müəyyən etmək üçün əlavə məşğuliyyətlərə diqqəti və fokusu yönəldərək, mənəvi olaraq sağalma ehtimalı yüksəlir və ruhsal şəfalanma baş verir. Eyni zamanda bu həm də gəncləri sosial şəbəkələrdən və elektron cihazlardan uzaqlaşdırmaq üçün faydalıdır.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: