Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gənclərin  uğurları qədər problemləri də var...

hər bir azərbaycanlı ailə üçün mənzil çox vacib institusional parametrdir

31.01.2024 11:35
34
A+
A-

Sabah - 2 Fevral Gənclər Günüdür. Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Gənclərdən çox geniş yazı yazmaq olar: uğurlardan, nailiyyətlərdən, qəhrəmanlıqlardan və sairə. Ancaq bu gün gənclərimizin ən azı uğurları qədər problemləri də var. Bu problemləri kənara qoyub təkcə uğurları qələmə alsaq, o zaman sağlam gənclikdən danışa bilmərik. Ona görə də bu gün gənclərin ən böyük problemlərindən biri olan mənzil problemi məsələsini ortaya qoysaq, daha doğru olar.

Bu gün evlərin qiyməti hər kəsə məlumdur. 100 mindən aşağı, demək olar ki, ev yoxdur. Orta aylıq əməkhaqqını da nəzərə alsaq, həm normal şərtlərlə, həm də ipoteka ilə ev almaq mümkünsüz kimi bir şeydir. O zaman sual yaranır: gənclər necə ev sahibi olsunlar?

İqtisadçı-ekspert Rəşad Həsənov dedi ki, təəssüf ki, resursun iqtisadiyyata təsiri effekti nəticəsində qiymətlərin kəskin şəkildə bahalaşması, təklif qıtlığı və xüsusilə də Bakı və onun ətrafında sürətli daxili miqrasiya son nəticədə mənzil əlçatanlığını əhəmiyyətli səviyyədə aşağı salır: “Nəzərə alsaq ki, gənclər hələ yeni əmək bazarına daxil olurlar, sizin də qeyd etdiyiniz kimi, ölkədə orta aylıq əməkhaqqı səviyyəsi də aşağıdır və aşağı əməkhaqqı ilə çalışırlar, bu halda daha ciddi problem ortaya çıxır. İl ərzində ölkəmizdə orta hesabla 50-80 min gənc ailə həyatı qurur, amma bazarda təklif 30-35 min mənzil ətrafındadır. Yəni nəzərə alsaq ki, hər bir azərbaycanlı ailə üçün mənzil çox vacib institusional parametrdir, bu baxımdan da hər kəs mənzil sahibi olmaq istəyir. Və son nəticədə qiymətlər daha da artır və mənzil əlçatanlığı isə daha da zəifləyir. Düzdür, Azərbaycanda gənclər üçün mənzil təminatının gücləndirilməsi ilə bağlı mövcud mexanizmlər var ki, bunlardan biri də güzəştli ipoteka kreditlərinə çıxışla əlaqəli gənc ailələrə verilən güzəştli dövr və yaxud da tələblərin nisbətən yumşaq olmasıdır. Ancaq bu da bütövlükdə prosesi əhatə etmir, çünki təklifin özü bu istiqamətdə müəyyən qədər məhduddur. Belə ki, həm güzəştli kreditlər dövlət hesabına maliyyələşdirilir, həm də güzəştli şərtlərlə bazarda təklif olunan mənzillərin sayı məhduddur. Üstəlik, bu məsələdə sosial qruplar da düzgün müəyyən edilməyib. Onunla bağlı bizim təkliflərimiz olub. Əsas təkliflərimiz ondan ibarətdir ki, faktiki olaraq bu istiqamətdə hədəfli siyasət aparılmalı, mənzili olan şəxslərin dövlət vəsaiti hesabına maliyyələşdirilən güzəştli ipoteka, güzəştli mənzil layihələri ilə mənzil əldə etmək hüququ məhdudlaşdırılmalı, eyni zamanda orta aylıq əməkhaqqı müəyyən edilmiş limitdən yuxarı olan şəxslərə də bu hüquq məhdudlaşdırılmalıdır. Məsələn, deyək ki, bu gün ölkədə orta aylıq əməkhaqqı 950 manat civarındadırsa, ailə büdcəsinin gəliri 2000 manatdan yuxarı olan ailələrin buna çıxışı məhdudlaşdırılmalıdır. Amma, təəssüf ki, bugünkü qurulmuş mexanizm daha yüksək gəlirlilərin bu imkandan yararlanmasını təşviq edir. Bu da aşağı gəlirlilərin banklarla rəqabətdə uduzmasına və həmin məhdud saylı mənzillərin yüksək gəlirlilərə verilməsinə gətirib çıxardır.

Bundan başqa, mənzili son bir il ərzində özgəninkiləşdirmiş şəxslərə də məhdudiyyətlər tətbiq edilə bilər, çünki bu da bilərəkdən bəzən güzəştli şərtlərlə vəsaitlərin əldə edilməsi məqsədilə istifadə olunan imkanlardan biridir. Bu kimi yollarla da insanlar süni şəkildə bazarda yaradılmış imkanlardan istifadə etməklə 6-cı, 7-ci mənzilini alırlar. Ona görə də düşünürəm ki, biznes məqsədli mənzillərin alınması məhdudlaşdırıla, dolayısı ilə bu da gənclərin yolunu xeyli aça bilər”.

R.Həsənov maliyyə bazarlarında rəqabətin artırılması məsələsinə də toxundu. Dedi ki, bank sektorunda əgər daha böyük oyunçuların ortaya çıxması, yeni oyunçuların, xüsusilə də xarici bankların Azərbaycan bazarına sərbəst daxil olması üçün imkanlar yaradılarsa, bu, ortamüddətli dövrdə bankların öz vəsaiti hesabına təklif etdiyi ipoteka kreditlərinin də faizlərini ciddi şəkildə aşağı sala bilər. Və dolayısı ilə də gənclər üçün mənzil əlçatanlılığı arta bilər. Yəni dövlət tərəfindən verilən zəmanətin gənclərə münasibətdə ödənişsiz həyata keçirilməsi nəticəsində xərclər qismən aşağı düşər və bu kimi imkanları təmin etməklə əlçatanlığa nail olmaq olar: “Bir məsələni də nəzərə almaq lazımdır ki, əməkhaqqına münasibətdə ipoteka təyin edilməsi ilə əlaqədar məsələlərə də müəyyən dərəcədə aydınlıq gətirilməlidir. Məsələn, tutaq ki, hansısa faizdə ilkin ödəniş edildikdən sonra əməkhaqqı nəzərə alınmaya bilər. Çünki burda mənzil girovdur. Mənzil girovdursa, deməli, kreditin təminatı vardır. Yəni əməkhaqqının hansı səviyyədə olmasının o qədər də əhəmiyyəti yoxdur. Ona görə də gənclər üçün belə bir şərt qoyula bilər ki, əgər gənc ailə mənzilin dəyərinin 30 faizə qədərini və yaxud da 30 faizinin artığını ödəyirsə, bu zaman onun əməkhaqqının sorğulanmasına ehtiyac yoxdur. Çünki artıq girovun təminatı vardır. Və bu yolla da müəyyən mənada məsələni xeyli həll etmək olar. Və nəticə etibarilə nəzərə alsaq ki, Azərbaycanda əmək bazarının əhəmiyyətli hissəsi illeqaldır və insanlar qeyri-rəsmi çalışır və yaxud da ki, çalışdıqları yerlərdə gəlirləri tam rəsmiləşdirilmir, qismən rəsmiləşdirilir, bu kimi güzəştin də verilməsi müəyyən mənada vəziyyətin elastikliyini artırmaqla gənclərin mənzilə çıxış imkanını yaxşılaşdıra bilər”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: