Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əhalinin gəlirləri və xərclərində artım müşahidə olunacaq

Bu gəlir  2021-ci ildə 58,8 milyard manat idi.  2023-cü ildə 63,4 milyard manat, 2025-ci ildə isə  77 milyard manatdan çox olacağı gözlənilir.

15.09.2021 10:33
7
A+
A-

Maliyyə Nazirliyi tərəfindən “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” hazırlanıb.

Mütərəqqi beynəlxalq praktika nəzərə alınmaqla hazırlanan sənəd 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü,  millət vəkili Vüqar Bayramov məsələni şərh edərkən dedi ki, növbəti ildən dövlət büdcəsinin gəlirlərində artımların olacağı gözlənilir: “2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat ( qeyd edim ki, 2021-ci il üçün  dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat proqnozlaşdırılmışdı), xərclərinin 28 milyard 974 milyon manat, kəsirin isə 2 milyard 567 milyon manat olacağı təxmin edilir”.

V.Bayramov vurğuladı ki, büdcənin gəlirlər hissəsi ilə bağlı digər mühüm məqamlardan biri ondan ibarətdir ki, növbəti il qeyri-neft sektorunun gəlirlərində artım müşahidə olunacaq. Belə ki, formalaşacaq gəlirlərin tərkibində əgər 2021-ci ildə qeyri-neft sektorundan əldə edilən gəlirlər 45.8 faiz idisə, bu rəqəm 2022-ci ildə 47.6 faizə qədər yüksələcək. 2024-cü ildə isə Azərbaycanda ilk dəfə olaraq, xüsusən də neft gəlirləri dövlət büdcəsinə daxil olduqdan sonra büdcə gəlirlərində neftin payı 50 faizdən çox olacaq: “Həmçinin gələn  ildən sosial istiqamətdə, eləcə də əhalinin nominal gəlirlərində artım tempi davam etdiriləcək. Belə ki, gələn ildən etibarən orta aylıq əməkhaqqı 794,50 manat olacaq. 2021-ci il bu rəqəmin 742,80 manata çatacağı gözlənilirdi”.

V.Bayramov bildirdi ki, orta aylıq əməkhaqqı gələn il 7 faiz artacaq. Eyni zamanda artım tempi növbəti dövrlərdə də davam edəcək. 2023-cü ildə orta aylıq əməkhaqqının 838 manata, 2024-cü ildə 883 manata və nəhayət, 2025-ci ildə 935 manata çatacağı proqnozlaşdırılır. Orta aylıq əməkhaqqının mövcud artım tempini nəzərə alsaq, 2026-ci ildə artıq 1000 manata çatacaq.

Qeyd edim ki, əhalinin gəlirləri və xərclərində də 2022-ci ildən artım müşahidə olunacaq. Bu gəlir  2021-ci ildə 58,8 milyard manat idi.  2023-cü ildə 63,4 milyard manat, 2025-ci ildə isə  77 milyard manatdan çox olacağı gözlənilir.

Deputat dedi ki, gələn ilə dair  mühüm məqamlardan biri sərmayə qoyuluşunun artması ilə bağlıdır. Növbəti il 18.7 milyard manata çatacaq sərmayə qoyuluşları həm sosial baxımından, eyni zamanda iqtisadiyyatın inkişafı baxımdan vacibdir. Bu əvvəlki illə müqayisədə 3.7 faiz artım deməkdir.

Millət vəkili bildirdi ki, bütövlükdə növbəti il sosial istiqamətə birbaşa 3 milyard 584 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Əvvəlki illərdə olduğu kimi, 2022-ci ildə təhsilə ayrılan vəsait həcmində artımlar tempi davam  edəcək. Təhsil istiqamətində 3 milyard 740 milyon manat vəsait ayrılacaq.  Qeyd edim ki, bu sahəyə 2020-ci ildə 3 milyard 277 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu.

Növbəti il dövlət neft fondundan ayrılmalarda da azalmaların olacağı  gözlənilir. Belə ki, 2021-ci ildə Dövlət  Neft Fondu büdcəyə 12 milyard manatdan  artıq vəsait transfer etməli idisə, bu rəqəm 2022-ci ildə 11 milyard 860 milyon manata qədər azalacaq. Bu da təbii ki, dövlət büdcəsinin gəlirlərinin formalaşmasının Dövlət Neft Fondunun payının azalması və nəticə etibarilə də qeyri-neft sektorunun payının artması baxımından  vacibdir. Növbəti 2025-ci ilə qədər təqdim olunan paket göstərir ki, bu dövrədək büdcə gəlirlərinin diversifikasiyası əsas prioritet məqamlardan olacaq. Xüsusən də ÜDM-də olduğu kimi, büdcə gəlirlərində və eləcə də ümumi ixracatda qeyri-neft sektorunda payının artırılması ilə bağlı işlərin sürətlənəcəyi gözlənilir.

Vüqar müəllim vurğuladı ki,  müdafiə xərcləri yenə də prioritet xərclər sırasındadır. Milli təhlükəsizliyimizin gücləndirilməsi üçün bu istiqamətə  4 milyard 499 milyon vəsait manatın ayrılması nəzərdə tutulub

İşğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurma prosesi prioritet istiqamətlərdəndir.  Nəzərə alsaq ki, 2021-ci ildə bu istiqamətdə 2 milyard 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Bütövlükdə növbəti 2022-ci ildə də bu istiqamətdə dəstək davam etdiriləcək. Birmənalı şəkildə işğaldan azad olunmuş ərazilərdə müasir standartlara uyğun bərpa və yenidənqurma prosesinin dəstəklənməsi və maliyyələşməsi dövlətin əsas strateji istiqamətlərindən biri olaraq qalacaq. V.Bayramov bildirdi ki, həmçinin inflyasiya səviyyəsinin növbəti illərdə aşağı düşəcəyi proqnozlaşdırılır. Bu da təbii ki, əməkhaqları artımlarının reallığının qorunub saxlanması baxımından vacib hesab olunur. Əməkhaqqı artımları inflyasiya nəzərə alınmadan nominal artımlardır. Amma inflyasiya nəzərə alınmaqla real artımlar kimi proqnozlaşdırılır. 2021-ci ildə inflyasiya səviyyəsi 4.9 faizdirsə, 2022-ci ildə bunun 3,6 faiz, 2023-cü ildə 3,3, 2024 və 2025-ci illərdə isə 3.2 faiz  olacağı proqnozlaşdırılır.

Əsli ƏHMƏDOVA