Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Viruslardan qorunma və müalicə yolları haqqında maarifləndirici tədbir

.

14.02.2024 11:50
56
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) mövsümi xəstəliklər və kəskin respirator viruslara qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.

AHİK-in Sağlamlığın mühafizəsi və sosial təminat şöbəsinin əməkdaşları tədbir iştirakçılarına xüsusilə son zamanlar insanlar arasında yayılan viruslar, o cümlədən qızılca və Hepatit A xəstəlikləri, onların əlamətləri, qorunma və müalicə yolları haqqında ətraflı məlumat veriblər.

Şöbənin etimadlı həkimi Səbinə Paşayeva qeyd olunan xəstəliklərə qarşı ən effektiv profilaktik üsulun gigiyenik qaydalara əməl olunması və peyvəndlənmənin aparılması olduğunu diqqətə çatdırıb: “Bu virusların törətdiyi xəstəliklərin qarşısını almaq məqsədilə immuniteti gücləndirən, tərkibində dəmiri çox olan qırmızı ət məhsullarından, toyuq, balıq kimi ağ ət məhsulları ilə həftə ərzində rasional qidalanmaq, tərkibi fitonsidlərlə zəngin olan müxtəlif növ göyərtilərdən limitsiz istifadə etmək, bol-bol təmiz su içmək, C vitamini ilə zəngin olan limon, apelsin, mandarin, kivi kimi sitrus meyvələrdən və almadan, gündə bir ədəd olmaqla, qarışıq şəkildə günorta saatlarına qədər istifadə etmək olduqca vacibdir. Qida qəbulu ilə paralel olaraq immuniteti qaldırmaq məqsədilə əlavə olaraq immunomodulyatorlardan qida əlavəsi kimi istifadə etmək, ildə 3 dəfə D vitamini Ca ilə bərabər qəbul etmək, çay və yemək üçün mütləq şəkildə filtrasiyadan keçirilmiş sulardan istifadə etmək məsləhətdir”.

Səbinə həkim onu da qeyd etdi ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Xəstəliklərin Qarşısının Alınması Mərkəzinin hesabatına əsasən, bütün dünyada qızılcaya yoluxma halı 2021-2023- cü illər ərzində pik nöqtəyə çatıb. 2021- ci ildə bu xəstəliyə yoluxanların sayı 7.8 milyon idisə, 2023-cü ildə 9.2 milyonu ötüb. Qızılcadan ölənlərin sayı isə 136 min nəfərə çatıb.

Həkim bildirdi ki, qızılcanın ən təhlükəli ağırlaşması kəskin pnevmoniya  və baş beyinlə onurğa beynin kəskin iltihabı olan meningit və meninqoensefalitdir: “ Son dövrlərdə ölkəmizdə də bu xəstəliyin çox yayılması uşaqların  pandemiya dövründə peyvənd oluna bilməməsindən qaynaqlanır. Ona görə də peyvəndi xəstəliklərin keçirilməməsi və ya daha yüngül keçirilməsi üçün əsas şərtlərdən sayıram”.

Yoluxucu infeksiyalardan danışan Səbinə həkim təəssüflə bildirdi ki, bütün dünya 2025 -ci ildə böyük pandemiyaya hazırlaşır. Bu haqda  ÜST-ün Baş direktoru Tedros Qebreyesus İsveçrənin Davos şəhərində 16 ölkənin qatıldığı panel iclasda açıqlama yayıb. Təşkilatın rəhbəri sirli adlandırdığı “X” virusunun epidemiyaya çevriləcəyi ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, bu virus COVID-19 virusundan 20 dəfə artıq ölümcüldür. “X” virusunun laboratoriya analizlərinin nəticələrini də açıqlayan ÜST rəhbəri bildirib ki, bu virusun epidemiyaya çevriləcəyi təqdirdə 75 milyon insanın həyatını itirəcəyi ehtimal olunur və bu virus 5 ildən bir təkrar fəallaşacaq. T.Qebreyesus bildirib ki, 2024-cü ilin may ayında bütün dünya ölkələrinin ortaq düşmən olan pandemiyaya qarşı birgə mübarizə aparmaq üçün  razılığa gələcəyinə ümid edirəm.

Alimlərin apardığı araşdırmalara əsasən, “X” xəstəliyini koronavirus infeksiyasından fərqləndirən bir neçə əlamət mövcuddur. Koronavirusda qızdırma 37-38*C idisə, “X” xəstəliyində  bu hərarət 40*C-yə qədər yüksələcək. Əsasən boyunda, qoltuq altında, qasığda limfa vəzilərinin böyüməsi, qusma, ishal olacağı bildirilir. Ağciyər çatışmazlığı, əzələ və baş ağrıları da  xəstəliyin əlamətlərinə əlavə edilir.

S. Paşayeva viruslardan qorunmağın ənənəvi üsulları kimi şəxsi gigiyena qaydalarına əməl etmək, maskalardan istifadə, dezinfeksiyaedici məhlullarla əlləri yumaq, qapalı məkanlara getməməyi və evdə heyvan saxlamamağı tövsiyə edib.

Sonda mövzu ətrafında  iştirakçıların sualları cavablandırılıb.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: