Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ünvanlı dövlət sosial yardımı necə almaq olar?

Ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edilməlidir.

28.02.2024 11:42
29
A+
A-

Redaksiyamıza sorğu göndərən bir oxucumuz (62 yaşlı qadın) ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı məlumat verməyimizi xahiş edib. Deyib ki, əvvəllər özəl sahədə çalışıb. Bir gün yolda gələrkən yıxılıb sol qolu sınıb. Uzunmüddətli müalicə almasına baxmayaraq, qolunda aktiv fəaliyyət bərpa olunmayıb. Buna görə də iş yerindən çıxmalı olub. Artıq 3 ildən çoxdur ki, işsizdir. Himayəsində də bir azyaşlı (16 yaşlı) övladı var. Öyrənmək istəyir ki, pensiya yaşına qədər sosial müavinət ala bilərmi?

Vətəndaşın sorğusuna uyğun olaraq müraciət etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili bildirib ki, ünvanlı dövlət sosial yardımı-aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

Ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin səbəblərə daxildir:

-ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.

Ünvanlı dövlət sosial yardım ilə bağlı müraciət zamanı rəsmi iş yeri olmalıdır.

Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Müraciət etmək üçün ailə tərkibi haqqında arayış və ailə üzvlərinin razılığı əsasında notariusdan təmsilçilik ərizəsi əldə etmək lazımdır.

Ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edilməlidir.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

Vətəndaşın əmək qabiliyyətinin olmadığını təsdiq edən əlillik təyinatı aparıldıqdan sonra sosial ödənişlərlə təminat hüququ yaranır.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR: