Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Texniki müayinələrin məqsədi

Tərəfimizdən təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə işləri də aparılıb və dəfələrlə xəbərdarlıq olunub ki, qaydalara əməl etmək abonentlərin təhlükəsizliyi baxımından vacibdir. 

28.02.2024 11:44
25
A+
A-

Məlum olduğu kimi, bu ilin yanvar ayından etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların mənzillərində və sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunmasını yoxlamaq üçün texniki müayinələrə başlayıb.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, bu işə xüsusi diqqətin əsas və yeganə səbəbi abonentlərin qazdan təhlükəsiz istifadə etməsidir: “Texniki şərtdən kənara çıxma halları çoxdur. Buna misal olaraq, mətbəxin yerinin dəyişdirilməsi, qaza adekvat olmayan cihazların quraşdırılması, qaz cihazlarının növlərinin dəyişdirilməsi və bu kimi hallardır. Texniki müayinələrin məqsədi məhz bu kimi halları aradan qaldırmaq və abonent təhlükəsizliyini təmin etməkdir”.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi deyib ki, əməkdaşlarımız tərəfindən ən çox rast gəlinən “pitiminutka” deyilən düz axınlı qızdırıcıların istifadəsi ilə bağlı neqativ halların çox olmasıdır. Tüstü bacalarının qeyri-adekvat olması, standartlara uyğun gəlməməsi də diqqətçəkən məqamlardan biridir. Qeyd edim ki, havalandırma və ya təyinatı başqa olan şaxtalara quraşdırılmış tüstü bacaları dəm qazı yaradır və digər qonşulara, sakinlərə təhlükədir.

Eldəniz Vəliyev nəzərə çatdırıb ki, qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası “Qaz təchizatı haqqında” qanuna uyğun olaraq hazırlanıb və həyata keçirilməkdədir.

Həmin qərara əsasən, qazpaylayıcı tərəfindən ildə bir dəfə yoxlama aparılmalıdır. Qərarın 8-ci bəndinə əsasən, aparılan yoxlamalar zamanı nöqsanlar aşkar olunarsa, çatışmazlığın aradan qaldırılması üçün abonentə bir aydan çox olmayan möhlət verilir. Əgər nöqsanlar aradan qaldırılmazsa, bizim tərəfimizdən həmin cihaza gedən qazın təminatı dayandırıla bilər.

Vətəndaşlardan gələn sorğuların çoxu  vanna otaqlarında suqızdırıcı cihazların yerləşdirilməsinə icazə verilməməsi ilə bağlıdır. Xatırladım ki, 2009-cu ildə qüvvəyə minmiş “Qaz təchizatı. Layihələndirmə normaları”na əsasən, suqızdırıcı cihazların vanna otaqlarına qoyulmasına yol verilmir. Bununla bağlı Nazirlər Kabinetinin 2023-cü il tarixli, 215 saylı qərarı var.

Tərəfimizdən təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə işləri də aparılıb və dəfələrlə xəbərdarlıq olunub ki, qaydalara əməl etmək abonentlərin təhlükəsizliyi baxımından vacibdir. 

E.Vəliyev detektorlarla (qaz sızması və dəm qazını aşkarlayan cihazlar ) bağlı onu deyib ki, bu cihaz əvvəllər abonentlərə tövsiyə olunurdu. Amma son zamanlar bu da bir tələb kimi qoyulur. Çünki Nazirlər Kabinetinin təqdim etdiyi qaydalarda bu, məcburidir. Xüsusilə yeni qazlaşdırılan yaşayış binalarının mənzillərində detektorların qoyulması texniki şərtin verilməsi zamanı şərt kimi irəli sürülür.

Eyni zamanda köhnə binalarda texniki baxış keçirən əməkdaşlarımız tərəfindən bu cihazın quraşdırılması da abonentlərə tələb kimi qoyulur. 

 

Azər MUSTAFAYEV

ETİKETLƏR: