Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Valideynin vermədiyi, amma tələb etdiyi tərbiyə

Həyatda dəyişə biləcəyimiz tək bir nəfər var, o da özümüzük. Özümüz tərbiyəli olsaq, bəlkə övladımız da tərbiyəli olar...

28.02.2024 11:49
46
A+
A-

Yaşadığımız dövr və cəmiyyətdə valideyn məsuliyyətindən, həmçinin ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulmamasından yaranan və bu diqqətsizlik və məsuliyyətsizlik səbəbindən uşaq hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallara rast gəlinir.

Beynəlxalq araşdırmalar göstərir ki, 11 yaşa qədər 22% oğlan və 21% qız həmyaşıdları tərəfindən təhqirlərə məruz qalır (Bullinq - bu, bir uşağın başqaları tərəfindən təqib olunması, aqressiv davranışdır ki, son illərdə məktəblərdə tez-tez baş verir).

Son günlər sosial şəbəkələrdə şagirdlər arasında baş verən insidentin videosu böyük rezonansa səbəb olub. ABŞ Təhsil Departamentinin məruzəsinə əsasən, son təhsil ilində 12 yaşdan 18 yaşadək hər dörd uşaqdan biri bullinqin qurbanı olub.

Təhsil üzrə ekspert Kamran Əsədov mövzu ilə bağlı bildirdi ki, hazırda ölkə üzrə 4432 orta təhsil məktəbində 1.6 milyon şagird təhsil alır. Yəni 1.6 milyon fərqli xarakterə və xüsusiyyətə malik olan insan. Lakin, təəssüflər olsun ki, orta təhsil məktəblərində şagirdlərin şəxsiyyət kimi formalaşmasında ciddi boşluqlar və problemlər var. Belə ki, bizim orta təhsil məktəblərində şagirdlərin xarakteri məktəbdən daha çox, məktəbdən kənardakı mühitin təsirləri nəticəsində formalaşır. Pandemiya dövründə uşaqların onlayn dərslərə qoşulması üçün planşet, telefon, kompüterlərdən istifadə edilməsi geniş yayıldı. Şagirdlər isə dərs resurslarına yox, yaş kateqoriyalarına və psixologiyalarına uyğun olmayan informasiya, sayt və portallara üz tutdular. Beləliklə, bu gün uşaqlarımız, təəssüf ki, kitablarnan yox, seriallar, “Tik-tok” kimi “keyfiyyətsiz” sosial şəbəkələrlə böyüyür. Bu da onların xarakterlərinin formalaşmasına  öz mənfi təsirini göstərir.

Son hadisə göstərdi ki, gənc nəsil özünü hansısa serialların, mafiya  filmlərinin, oğru aləminin qəhrəmanlarının obrazlarına bənzətmək istəyir. Kamran Əsədov bu halların gələcək üçün ciddi təhlükə olduğunu bildirdi: “Bu gün özünü hansısa cinayətkar aləmin üzvünə oxşatmaq istəyən şagird sabahın anası, atasıdır, mütəxəssisidir. Onların hər biri ailədə, cəmiyyətdə potensial təhlükə mənbəyinə çevrilə bilər”.

Təhsil eksperti hesab edir ki, valideynlər mütləq şəkildə prosesə cəlb edilməlidir, məsuliyyətləri artırılmalıdır: “Təhsil mühitində yaranan bu cür xoşagəlməz hallar valideynlərin bu prosesdən kənarda qalmasından da irəli gəlir. Son zamanlarda valideynlər, ümumiyyətlə, övladlarının tərbiyə prosesindən uzaqlaşıb, bütün məsuliyyəti məktəblərin üzərinə atmaq istəyir. Ara-sıra keçirilən valideyn iclaslarına belə, bir çoxları gəlmir. Bir sözlə, məktəb-valideyn əməkdaşlığı və münasibətləri sıxlaşmalıdır.  Diqqəti çəkən odur ki, hadisənin yayılan vaxt - 9-18 fevralda Rumıniya Respublikasında məktəblilərin VIII “InfO(1)Cup” proqramlaşdırma  müsabiqəsində şagirdlərimiz 1 qızıl və 1 bürünc medal qazanıblar. Amma bu, diqqətdən kənar qaldı.  Düşünürəm ki, davranış qaydalarında ciddi dəyişikliklərə həqiqətən ehtiyac duyulur. Bu qaydaların müəyyən qədər sərtləşməsi zəruridir”.

Ekspert təəssüflə qeyd etdi ki, valideynlər sosial şəbəkələrdə vaxt keçirdikləri qədər övladları ilə vaxt keçirmirlər. Valideynlər əllərində telefon tutduqları qədər övladlarının əlini tutmurlar. Valideynlər sosial şəbəkələrdə başqaları ilə danışdıqları qədər övladları ilə ünsiyyətdə olmurlar.

Klinik psixoloq Leyla Məmmədova isə təəssüflə bildirdi ki, müasir uşaqlar bəzi hallarda digər insanlara qarşı aşırı aqressiv olurlar.

Bəs uşaqların aşırı dərəcədə aqressiv olmalarının səbəbləri nədir?

“Praktikamda müşahidə etdiyimə görə, bir çox hallarda səbəb ailələrdədir. Ailələri iki yerə bölürəm. Əfsuslar olsun ki, bəzi ailələrdə aqressiv davranışlar aktiv şəkildə tətbiq olunur: ailədaxili münaqişələr, ər və arvad arasında problemlər, onların bir-biri ilə yola getməmələri və qeyri-etik rəftar. Bura həm fiziki, həm də emosional şiddət aiddir. Belə ailələrdə artıq elə ortam yaranır ki, uşaq aqressiv və stres dolu şəraitdə böyüyür. Axı artıq hamıya məlum bir faktdır ki, aqressiya aqressiyanı törədir.

İkinci müşahidə etdiyim ailə modeli isə tamamilə əks davranış modeli göstərir: o ailələrdə uşaq ailənin mərkəzinə qoyulur, ona qarşı hiper-himayə göstərilir. Bütün dünya sanki o uşağın ətrafında fırlanır (istəkləri, ehtiyacları və kaprizləri). Həmin valideynlər uşağı aşırı səviyyədə qorumağa çalışır. Nəticədə bu nəyə gətirib çıxarır? Hiper-himayə altında olan uşaqlar istər-istəməz bu vəziyyətdən tükənirlər və nəticədə onlarda ağır aqressiv davranışlarla özünü göstərmək istəyi yaranır. Valideynlər balansa diqqət yetirməlidir. Nə aşırı dərəcədə hiper-himayə və uşağın hər kaprizini anında yerinə yetirmə, nə də aşırı dərəcədə aqressiv və sərt davranışlar uşağa qarşı tətbiq olunmamalıdır. 

L.Məmmədova onu da vurğuladı ki, avtoritar ailələrdə böyüyən uşaqlar əksər hallarda cəzalandıqları üçün nəticədə ondan zəif olanları cəzalandırmağı öyrənir. Heç bir mərhəmət hissi, yazıqlıq duyğusu hiss etmir.

Aqressiyaya səbəb olan daha bir məsələ isə valideynlərin uşaqlarının emosiyalarını basdıraraq böyütmə tərzidir. Yəni valideynlər uşaqlarına hər hansı bir neqativ emosiyalarını yaşamağa və büruzə verməyə icazə vermir. Bizim cəmiyyətimizdə bu, daha çox oğlan uşaqlarında müşahidə olunur. Nəticədə bu, emosiyalar üst-üstə yığılaraq zamanı gələndə artıq partlayış baş verir.

Həmsöhbətim daha bir məsələyə toxunaraq bildirdi ki, bəzən müəllimlər fərqində olaraq və ya bilmədən bir şagirdi seçib aşırı dərəcədə tərifləyərək sinifdə həmin uşağa qarşı qıcıq yaradır. Ya da bir uşağa qarşı alçaldıcı ifadələr işlədərək digərlərinə şüuraltı mesaj ötürmüş olur ki, bu uşağa bullinq göstərilə bilər.

L.Məmmədova bu problemlərin valideynlərin iştirakı olmadan həllinin mümkün olmadığını xüsusi qeyd etdi. Məktəblə, bütovlükdə siniflə psixo-təlimlərin keçirilməsinin də böyük önəm daşıdığını vurğuladı. Belə təlimlər uşaqları şiddətsiz ünsiyyət tərzinə fokuslaşdırır. Bildirdi ki, çox vaxt bullinqə məruz qalan uşaqlar böyüklərə bu haqda danışmırlar. Əfsuslar olsun ki, bu, valideynə güvənməməkdən irəli gəlir.

Valideynlər uşaqların emosional zəkasının inkişafına diqqət yetirməlidirlər. Emosional intellekt nədir? İnsanların şəxsi və başqalarının emosiyalarını tanıması,  onları idarə edə bilmə, mərhəmət hissi, anlayış duyğusu, özümüzü başqa insanların yerinə qoyma bacarığı formalaşdıran bir zəkadır. Empatiya sayəsində biz bunu həyata keçirə bilirik. 

Həyatda dəyişə biləcəyimiz tək bir nəfər var, o da özümüzük. Özümüz tərbiyəli olsaq, bəlkə övladımız da tərbiyəli olar...

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: