Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“İqtisadiyyatın qloballaşdığı dövrdə həmkarlar ittifaqının məsuliyyəti qat-qat artıb”

Konfransda 2023-cü ilin mart ayından 2024-cü ilin mart ayına qədər görülmüş işlərin və Təftiş-Nəzarət Komissiyasının hesabatı dinlənilib.

06.03.2024 11:28
25
A+
A-

Fevralın 29-da Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının (DMHİ) XXIV hesabat-seçki konfransı keçirilib.

Konfransda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin birinci müavini Əlirza Süleymanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov və ADY-nin müvafiq departament, idarə və şöbələrinin rəhbərləri, eləcə də Beynəlxalq Dəmiryolçular və Dəmir Yolu İnşaatçılarının Həmkarlar İttifaqları Konfederasiyasının (BDDYİHİK) Baş katibi Gennadi Kosolapov iştirak ediblər.

Konfransda 2023-cü ilin mart ayından 2024-cü ilin mart ayına qədər görülmüş işlərin və Təftiş-Nəzarət Komissiyasının hesabatı dinlənilib.

DMHİ-nin sədr müavini Fətəli Bəyimov hesabat dövrü ərzində görülən işlər haqqında ətraflı məlumat verib. O, “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin dəmir yolunun inkişafı istiqamətində göstərdiyi xidmətlərə həsr olunmuş tədbirlərdən, o cümlədən Nabranda yerləşən “Lokomotiv” İstirahət Mərkəzində görülmüş yenidənqurma işlərindən və dəmiryolçuların idman spartakiadasının uğurla keçirilməsindən söz açıb.

F.Bəyimov bildirib ki, dəmiryolçuların sosial mənafelərinin qorunması istiqamətində davamlı tədbirlər görülür, o cümlədən vətənimizin azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ailə üzvlərinin və müharibə iştirakçılarının sosial rifahının yüksəldilməsi daim diqqətdədir.

Daha sonra ADY sədrinin birinci müavini Əlirza Süleymanov çıxış edərək sahə işçilərinin əməyinin stimullaşdırılmasında, sosial ehtiyaclarının ödənilməsində, beləliklə, bütövlükdə istehsalat göstəricilərinin yüksəlməsində həmkarlar ittifaqı təşkilatının xüsusi önəm daşıdığını qeyd etdi.

Beynəlxalq Konfederasıyanın Baş katibi Gennadi Kosolapov da konfransda çıxış edərək DMHİ-nin gördüyü işləri yüksək qiymətləndirib. O, ADY-nin, işəgötürən olaraq, tərəfdaşları - həmkarlar ittifaqı ilə əməkdaşlıq şəraitində işləməsini uğurların açarı adlandırıb. ADY-də orta aylıq əməkhaqqının son illərdə gözəçarpan dərəcədə artması da bu əməkdaşlığın nəticəsidir, - deyib.

AHİK sədrinin müavini Cavanşir Alxasov çıxışına AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını və yeni seçiləcək heyətə təbriklərini çatdırmaqla başladı. Dedi ki, iqtisadiyyatın qloballaşdığı dövrdə həmkarlar ittifaqının məsuliyyəti qat-qat artıb, ittifaq üzvlərinin hüquqlarının qorunmasına daha çox ehtiyac yaranıb. Təbii ki, bu məsuliyyətin böyük hissəsi ilk təşkilatların üzərinə düşür. Bu işdə respublika komitələri öz təşkilatçılıq bacarığını yeni, modern üsullarla həyata keçirməli, dəstəyini gücləndirməlidir. Biz işçilərin maraqlarını istehsalat göstəriciləri arxasınca qaçan işəgötürənlərin istəklərinə qurban verə bilmərik. Təhlükəsiz iş şəraiti, layiqli əmək başlıca, alternativsiz şüarımız olmalıdır.

C.Alxasov Azərbaycan həmkarlar ittifaqının beynəlxalq həmkarlar ittifaqı hərəkatında iştirakına da toxundu. “AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin rəhbərliyi altında təşkilatımız beynəlxalq miqyasda nüfuz, həlledici sözə malik qurum kimi tanınır. Bunun ən yaxşı nümunəsi sahə Hİ Beynəlxalq Konfederasiyasının Baş katibi hörmətli Gennadi Kosolapovun sizin tədbirdə şəxsən iştirak etməsidir.

Konfransın gündəliyinə uyğun olaraq DMHİ-nin sədri, müavini və yeni Təftiş-nəzarət komissiyası üzvlərinin seçilməsi müzakirəyə çıxarıldı.

Açıq səsvermə ilə Vaqif Bədəlov yenidən DMHİ-nin sədri, Fətəli Bəyimov isə sədrin müavini seçildilər.

 

ETİKETLƏR: