Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ermənistanın alternativ yol xülyası

Mövzumuzla bağlı bu və ya digər sualları sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov cavablandırdı.

22.09.2021 10:58
85
A+
A-

Bir neçə gündür Azərbaycan polisinin Gorus-Qafan yolunun ölkəmizin ərazisindən keçən hissəsində qurulan postunda İrana məxsus yük maşınlarının yoxlanılmasına başlanılıb. Bunun səbəblərindən biri də İrandan gələn yük maşınlarının erməni nömrəsi taxaraq, Laçın dəhlizindən keçməklə Xankəndinə getməsidir. Qeyd edək ki, Azərbaycanın razılığı olmadan bəzi ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələrinin respublika ərazisinə daxil olması qanunsuzluqdur. Başqa sözlə, bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır. Yük maşınlarının Xankəndinə nə daşıdığı və nə üçün bu qanunsuzluğun edildiyi bəlli olmasa da, Azərbaycan tərəfindən artıq Rusiya sülhməramlı komandanlığına 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun davranması, İran maşınlarının Qarabağa buraxılmaması üçün müraciət edilib.

Azərbaycan ərazisindən keçən yollara nəzarətin gücləndirilməsi Ermənistanı alternativ yollar axtarmaq məcburiyyətində qoyur. Son vaxtlar mətbuatda verilən məlumatlara görə Ermənistan ərazisinə daxil olacaq üç yol ətrafında (Gürcüstan-Rusiya, Naxçıvan, Cənub-şimal dəhlizi) versiyalar səsləndirilir. Bu versiyalar nə dərəcədə real görünür?

Mövzumuzla bağlı bu və ya digər sualları sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov cavablandırdı.

Zaman-zaman Azərbaycan torpaqlarının işğalı və bu torpaqların mənimsənilməsi Ermənistana baha başa gəldi.Təbii ki, bir gün Ermənistan bunun bədəlini ödəməli idi. 44 günlük Vətən müharibəsində bunu əsaslı şəkildə, böyük itkilər verərək, ödəsə də, mənfur düşmən bu gün bu prosesi bir başqa formada davam etdirir. Artıq Azərbaycan öz torpaqlarını geri qaytarmaq və onlara sahib çıxmaq qədər bir güc nümayiş etdirib. Bu güc qarşısında aciz qalan Ermənistan nə edəcəyini bilmir. Hətta onun tarixi havadarları olan İran və Rusiya da ona kömək edə bilmir. Təbii ki, iqtisadiyyatı bilavasitə İran və Rusiyadan asılı olan, faktiki olaraq bu iki dövlətin əlində oyuncağa çevrilən bir ölkədə yaşananların sosial vəziyyəti bu gün olduqca acınacaqlıdır. Azərbaycan çox haqlı olaraq, öz torpaqlarından keçən yollarda hərəkət edən qonşu dövlət avtomobillərindən “torpaqbasdı” rüsumları tələb edir və alır. İndi Ermənistan haralardan alternativ yollar çəkə bilər deyə düşünür. Burada maraqları olan dövlətlər müxtəlif variantlı layihələr irəli sürsələr də, belə böyük layihələri reallaşdırmaq  həm iqtisadi cəhətdən, həm də zaman baxımından olduqca çətindir.Yəni bu, iki kəndin arasında yol çəkmək deyil ki. Bu, elə də asan olmayan magistral yolun çəkilməsidir. Bunun üçün milyardlarla vəsait tələb olunur. Bu gün sözün həqiqi mənasında, acından ölən, müflis həyatı yaşayan, ordusu tamamilə darmadağın olmuş Ermənistan lazım olan milyardları hardan tapacaq?! Bax budur Ermənistan üçün həlli yaxın gələcəkdə qeyri-mümkün görünən problemlər. Hesab edirəm ki, məcburiyyət nəticəsində, onlara çox baha başa gəlsə də, bütün imkanlarını bir araya gətirib, daxildən, xaricdən vəsait toplamaqla nəhayət bir yol tapıb çəkməyə səy göstərəcəklər. Amma bu yol çəkilənə qədər Ermənistana gələn yüklərin qarşısının alınması böyük itkilərlə müşahidə ediləcək. Onsuz da iqtisadiyyatı bərbad vəziyyətdə olan Ermənistanı bu itkilər daha da acınacaqlı vəziyyətə salacaq. Bu gün büdcəsi ölkənin daxili, sosial problemlərinin həllinə belə yetməyən bir ölkədə milyardlarla vəsait hardan tapılacaq? Elə bir enerji resursları, nefti, qazı və digər ehtiyatları olmayan ölkə üçün bu, olduqca çətin məsələdir. Ona görə Ermənistanın yeganə yolu Azərbaycan və Türkiyə arasındakı kommunikasiyaları açıb Azərbaycan və Türkiyədən imdad diləməkdir. Bu, Ermənistanın bir dövlət kimi mövcudluğu baxımından yeganə seçimdir. Ağılları olsa, bunu edəcəklər. Əgər olmasa, ağır durumda acınacaqlı vəziyyətdə yaşayan ermənilərin zaman keçdikcə bu torpaqları tərketmə, azərbaycanlılara satma prosesi baş verəcək. İllər boyu Azərbaycanın torpaqlarına girərək bu torpaqlarda müəyyən tikinti işləri aparmış, yollar çəkmiş, terror törətmiş Ermənistanın bu gün haqq-ədalətin bərqərar olduğu dönəmdə saysız-hesabsız problemlər yaşamağı təbiidir.

 

Əsli ƏHMƏDOVA

ETİKETLƏR: