Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Konfrans 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub.

01.05.2024 23:53
9
A+
A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib.

Konfrans 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasının 100 illik muxtariyyət tarixindən bəhs edib. O, muxtar respublikanın inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdırıb. Fuad Nəcəfli Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dinamik və hərtərəfli tərəqqisini, o cümlədən Naxçıvan MR-də davamlı inkişaf proseslərini qeyd edib. O, iqlim dəyişikliyinin fəsadlarını, iqlim dəyişmələri fonunda əməyin mühafizəsinin daha da aktuallaşdığını, bu baxımdan hazırda Naxçıvan şəhərində keçirilən bu konfransın önəmini diqqətə çatdırıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2024-cü ilin ən mühüm hadisəsi olaraq ölkəmizin COP29-a ev sahibliyi edəcəyini bildirib. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini diqqətə çatdırıb. Nazir iqlim dəyişikliyinin əməyin mühafizəsinə müxtəlif yollarla təsir etməsinin işçilərin sağlamlığı və təhlükəsizliyinin təmin olunmasını daha da aktuallaşdırdığını, hazırkı konfransın da cəmiyyətin, xüsusilə işəgötürənlərin bu mövzuya diqqətinin daha da artırılmasına xidmət etdiyini bildirib. O, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar cari il üçün müəyyən etdiyi devizin də “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” olduğunu qeyd edib.

Sahil Babayev ölkəmizin BƏT-in 60-a yaxın konvensiyasını, o cümlədən əməyin mühafizəsi ilə bağlı sənədlərini ratifikasiya etdiyini, sosial sahədə aparılan islahatları, rəqəmsallaşdırma proqramının uğurlarını diqqətə çatdırıb. Əməyin mühafizəsində işəgötürənlərə dəstək məqsədi daşıyan Əməyin Mühafizəsi Mərkəzinin yaradıldığını, əmək sahəsində standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyətini qeyd edib. Əməyin mühafizəsi ilə bağlı işçi və işəgötürənlər arasında aparılan maarifləndirmə işlərinin işğaldan azad edilmiş ərazilərimizi də əhatə etdiyini vurğulayıb.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışında bu əlamətdar günün həm də mənəvi əhəmiyyət daşıdığını qeyd etdi. Dedi ki, 1996-cı ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının istehsalatda həlak olmuş və ya xəsarət almış fəhlələrin xatirəsini yad etmək məqsədilə aprelin - 28-nin Ümumdünya Əməyin Mühafizəsi Günü kimi təsis olunması təşəbbüsünü irəli sürmüşdü. Bu təşəbbüs 2003-cü ildə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dəstəklənmişdir.

O, sonda dedi, Ümumdünya Əməyin Mühafizəsi Günü dünyanın yüzdən artıq ölkəsində qeyd olunur. Əsas məqsəd isə əməyin mühafizəsinə dair həll olunmamış problemlərə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, istehsalat qəzalarına, xəsarətlərə, peşə xəstəliklərinə dair məlumatları aşkarlamaq və əməyin mühafizəsi mədəniyyətinin artırılmasıdır.

Ulu Öndər      Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul olunmuş, Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyaları ratifikasiya edilmiş, zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu    Öndərin siyasətini uğurla davam etdirən ölkə prezidenti        İlham Əliyev digər sahələrlə yanaşı, işçilərin əməyinin və sağlamlığının mühafizəsinin gücləndirilməsi istiqamətində də mühüm qərarlar qəbul edib və edir.

Səttar Möhbalıyev bildirdi ki, Beynəlxalq Əmək Təşkilatı 2024-cü ildə Ümumdünya Əməyin Mühafizəsi Gününü “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” devizi altında qeyd etməyi tövsiyə edib.

Qlobal problemə çevrilmiş iqlim dəyişikliyi respublikamız üçün də aktualdır. Bu sahədə  mərkəz rolunu oynayan ölkəmiz onlarla beynəlxalq tədbirə ən ali səviyyədə ev sahibliyi edib. Sizə də məlumdur ki, bu ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək.

Ötən il dekabrın 15-də Azərbaycan hökumətinin  üzvləri ilə COP29 barədə ilk müşavirəni keçirən Azərbaycan Prezidenti         İlham Əliyev demişdi: “COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bzim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

Bilirsiniz ki, iqlim dəyişmələri məsələsi həmkarlar ittifaqının da fəaliyyətində aktual məsələlərdən biridir və biz də bu tədbirlərdə yaxından iştirak edəcəyik.

AHİK sədri daha sonra dedi, hər kəsə məlumdur ki, həmkarlar ittifaqlarının qarşısında duran önəmli vəzifələrdən biri də iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai nəzarəti həyata keçirməkdir.

2023-cü il ərzində əmək müfəttişləri, ictimai müvəkkillər 448 müəssisə və təşkilatda ictimai müayinə işi aparmışdır ki, onlardan da 12-si dövlət nəzarət orqanları ilə birgə keçirilmişdir. Aparılan müayinələr zamanı texniki əmək müfəttişləri tərəfindən 1641 (Naxçıvan MR üzrə 28) pozuntu aşkar edilmiş, işəgötürənlərə 274 (Naxçıvan MR üzrə 24) təqdimat verilmişdir. Aşkar edilmiş pozuntuların 86,59 faizi (Naxçıvan MR üzrə 92%) aradan qaldırılmışdır.

Layiqli iş şəraitinin təmin edilməsinə diqqəti cəlb etmək məqsədilə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən başlayaraq hər il “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqənin keçirilməsi ənənəyə çevrilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə yanaşı, eyni zamanda bu sahə üzrə çalışan şəxslərin məsuliyyətini artırmaq, işəgötürənlərin əməyin mühafizəsi məsələlərinə daha ciddi yanaşmalarına nail olmaqdır.

Cari ildə bu müsabiqədə iştirak etmiş 2560-dan artıq müəssisə, təşkilatdan 67-si qalib elan olunmuşlar.

Bildirməliyəm ki, ümumilikdə 15 il ərzində bu müsabiqəyə 25000-dən çox müəssisə və təşkilat qatılmış, onlardan 645-i bu yüksək ada layiq görülərək AHİK-in Fəxri Fərman və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.

Çox yaxşı haldır ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının bu müsabiqəyə təqdim etdiyi təşkilatlar arasında da qalib müəssisələr olmuşdur.

Səttar müəllim çıxışının sonunda qeyd etdi ki, əməyin mühafizəsi və təhlükəsizliyi, hüquqi, sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyenik, müalicə və profilaktik, reabilitasiya və digər tədbirlər daxil olmaqla, iş prosesində işçilərin həyatını, sağlamlığını mühafizə edən, onu qoruyan bir sistemdir. Biz də sosial tərəfdaşlarımızla - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə bu sistemi daha da inkişaf etdirmək, sağlam və təhlükəsiz iş yerlərinin yaradılması və genişləndirilməsi naminə var qüvvəmizlə çalışacağıq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov, Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsinin rəisi Muhammed Fatih Alodalı, İslam Əmək Təşkilatının Əmək Mərkəzinin Katibliyinin Baş direktoru Azər Bayramov, BƏT-in Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev çıxış edərək keçirilən konfransın əhəmiyyətini vurğulayıblar.

Daha sonra BƏT-in Əmək Administrasiyasının Əmək Müfəttişliyi və Əməyin Mühafizəsi bölməsinin rəhbəri Yoakim Pintado Nunesin konfrans iştirakçılarına videomüraciəti olub. Tədbirdə əməyin mühafizəsi sahəsində müsbət təcrübəyə malik işəgötürənlər və əmək-sosial hüquqlar barədə ictimai maarifləndirməyə töhfə verən QHT-lər təltif ediliblər.

“İqlim dəyişikliyi fonunda əməyin mühafizəsi şəraitinin təmin edilməsində mövcud çağırışlar” və “Naxçıvan MR-də əməyin mühafizəsi sahəsində perspektivlər” mövzularında panel müzakirələr aparılıb.

Konfransdan sonra “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olaraq Naxçıvan şəhərində əlilliyi olan şəxslərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Aksiya ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə, sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına, artırılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədi daşıyıb.

 

ETİKETLƏR:

Foto