Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Respublika baxış-müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin, eyni zamanda istehsalat qəzalarında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

10.05.2024 00:25
22
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilmiş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2024-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü - “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığına təsiri” devizi altında keçirilən tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Zakir Əzimov, BƏT-in Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev, AHİK-ə üzv təşkilatların sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərliyi və KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin, eyni zamanda istehsalat qəzalarında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AHİK sədri Səttar Möhbalıyev bildirib ki, layiqli iş şəraitinin təmin edilməsinə diqqəti cəlb etmək üçün AHİK-in təşəbbüsü ilə 2009-cu ildən başlayaraq hər il “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə artıq ənənəyə çevrilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, bu sahəyə məsul şəxslərin məsuliyyətini artırmaqdır.

Bildiyiniz kimi, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır.

Bu sərəncamla əlaqədar AHİK-in üzv təşkilatlarının xidmətlərinə daxil olan idarə və müəssisələrində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlər keçirilmiş, Ulu Öndər hörmətlə yad edilmişdir.

Bu müsabiqə də həmin silsilə tədbirlərin tərkib hissələrindən biridir.

S.Möhbalıyev demişdir, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul olunmuş, Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyası ratifikasiya edilmiş, zəngin qanunvericilik bazası yaradılmışdır. Bununla yanaşı, 1999-cu ildə qəbul edilən Əmək Məcəlləsində işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri, habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər müəyyənləşdirilmişdir.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan milli sosial-iqtisadi inkişaf modeli bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin inkişafı və vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində düşünülmüş genişmiqyaslı işlər görülür. Sosial müdafiə sistemi daim keyfiyyətcə yenilənir.

AHİK sədri sonra diqqətə çatdırdı ki, Azərbaycan həmkarlar ittifaqları keçən dövr ərzində işçilərin sosial-iqtisadi və hüquqi mənafelərinin qorunmasında xüsusi fəallıq göstərmiş, qanunvericiliklə həmkarlar ittifaqlarına verilən səlahiyyətlər çərçivəsində respublikada mövcud qanunların layihələrinə öz təkliflərini vermişdir.

Respublikamızda BƏT-in 59 Konvensiyası ratifikasiya olunmuş və bu konvensiyaların tələbləri Əmək, Mülki, Cinayət Prosessual, İnzibati Xətalar məcəllələrində öz əksini tapmışdır.

AHİK-in təklifi ilə BƏT-in 155 saylı “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” Konvensiyasının ratifikasiyası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanmış, məcburi hüquqi ekspertizadan keçirilmiş, müvafiq qurumlara təqdim olunmuşdur.

2023-cü ilin fevral ayının 1-də Prezident İlham Əliyev adıçəkilən konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalamışdır.

Bundan əlavə, “Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya”da “Əmək təhlükəsizliyinin və gigiyenasının təşviq edilməsinin əsasları haqqında” 2006-cı il tarixli 187 nömrəli konvensiya müzakirə edilmişdir. Tərəfimizdən bu konvensiyanın ratifikasiya imkanlarının araşdırılması üçün işçi qrupun təşkil edilməsi təklifi irəli sürülmüşdür. Artıq sosial tərəfdaşlarımızın nümayəndələrinin də tərkibinə daxil olduğu işçi qrupu yaradılmışdır. Hazırda bu istiqamətdə iş davam etdirilir.

S.Möhbalıyev bir daha xatırlatdı ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında duran əsas vəzifələrdən biri də iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olmaq, iş yerlərində işçilərin bədbəxt hadisələrlə qarşılaşmaması üçün öncədən lazımi tədbirlərin həyata keçirilməsi üzrə ictimai nəzarəti həyata keçirməkdən ibarətdir.

Hər il olduğu kimi, bu il də 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilmişdir.

Beynəlxalq Əmək Təşkilatı 2024-cü ildə Ümumdünya Əməyin Mühafizəsi Gününü - “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” devizi ilə qeyd etməyi tövsiyə etmişdir.

Ümumbəşəri problemə çevrilən iqlim dəyişikliyi respublikamız üçün də aktualdır. Azərbaycan artıq xeyli müddətdir dünyada siyasi, iqtisadi və digər mövzularda qlobal tədbirlərin keçirildiyi mərkəz rolunu yerinə yetirir. Məlumdur ki, bu ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək.

Bunu 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs, sadəcə, rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyidir, eyni zamanda gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Həmçinin bu, ölkəmizin yaşıl enerji iqtisadiyyatına verdiyi önəmin nəticəsidir. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir. Hesablamalara görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji üzrə 380 meqavatdır. Dağ çaylarının potensialı isə 520 meqavat həcmində qiymətləndirilir.

Səttar müəllim xüsusi qeyd etdi ki, iqlim dəyişmələri məsələsi həmkarlar ittifaqının da fəaliyyətində aktual məsələlərdən biridir. Bu istiqamətdə seminarlarda, yığıncaq və toplantılarda, dəyirmi masalarda müəssisə və təşkilatların həmkarlar ittifaqı fəalları ilə maarifləndirici söhbətlər aparılır.

22-23 avqust 2024-cü il tarixində Bakı şəhərində BƏT-in və AHİK-in iqlim dəyişikliyi ilə əlaqədar birgə konfrans keçirməsi nəzərdə tutulmuşdur. Konfransın keçirilməsində əsas məqsəd “Həmkarlar ittifaqlarının COP29-a təsirini və iştirakını gücləndirmək üçün əsas alət kimi effektiv kommunikasiya strategiyasını, COP29-dan əvvəl maarifləndirmə və səfərbərlik təbliğat kampaniyalarını hazırlamaq və həyata keçirmək, COP29 konfransı zamanı istifadə olunacaq iqlim dəyişikliyi və ədalətli keçidlə bağlı müəyyən edilmiş əsas prioritetlər üzrə əsas mesajlar və kommunikasiya nəticələrini hazırlamaq”dan ibarətdir.

Bundan əlavə, 2024-cü ilin 26-27 sentyabr tarixlərində yenə də AHİK və BƏT-in birgə iştirakı ilə “İqlim dəyişikliyi və ədalətli keçid, həmkarlar ittifaqlarının rolu və fəaliyyəti” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.

Bütün qeyd etdiklərimlə bərabər, həmkarlar ittifaqının texniki əmək müfəttişləri, əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə müəssisələrdə nəzarət-profilaktika işlərini mütəmadi olaraq həyata keçirir.

2023-cü il ərzində onlar 448 müəssisə və təşkilatda ictimai müayinə aparmışlar. Müayinələrin 12-də dövlət nəzarət orqanları da iştirak etmişlər. Aparılan müayinələr zamanı texniki əmək müfəttişləri tərəfindən 1641 pozuntu aşkar edilmiş, işəgötürənlərə 274 təqdimat verilmişdir. Pozuntuların 86,59 %-nin aradan qaldırılmasına nail olunmuşdur.

Nəticədə 59 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilmiş, 237 nəfərin iş şəraiti yaxşılaşdırılmışdır.

Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə 2023-cü il ərzində istehsalatda xəsarət alanların sayı 30,68 % azalaraq 88 nəfər əvəzinə 61 nəfər, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölənlərin sayı 9,37 % artaraq 18 nəfər əvəzinə 19 nəfər olmuşdur.

Həmin bədbəxt hadisələr insan sağlamlığına ziyan vurmaqla yanaşı, ölkənin iqtisadiyyatına da mənfi təsir göstərir.

Əməyin mühafizəsinə dair tədbirlərin həyata keçirilməsinə ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları, üzv təşkilatların texniki əmək müfəttişləri tərəfindən həyata keçirilən ictimai nəzarət sayəsində 818 tədbir keçirilmiş, attestasiya olunmuş iş yerlərinin sayı 2022-ci illə müqayisədə 11,89 %, tibbi müayinədən keçirilən işçilərin sayı isə 6,36 % artmışdır.

İşçilər müəyyən olunmuş normalar daxilində sanitar-məişət xidmətləri, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin olunmuşlar.

S.Möhbalıyev vurğulamışdır ki, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı) - 2023” adı uğrunda keçirilən müsabiqə zamanı əmək və istehsalat zədələnmələrinin vəziyyəti nəzərə alınmışdır. Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, peşə xəstəliklərinin və qəzaların qarşısının alınması üçün qabaqcıl təcrübənin, müasir vasitə və üsulların istehsalatda tətbiqi nəzərdə tutulur. Əməyin təhlükəsizliyi qaydalarına, norma və standartlara riayət edilməsinə nəzarət olunur.

Müsabiqəyə qoşulmuş müəssisələrdə əməyin mühafizəsinə ayrılan maliyyə vəsaiti əvvəlki müvafiq dövrlə müqayisədə 14,14 %, hər işçiyə görə isə 19,8 % artmışdır.

Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədilə yeni 8 əməyin mühafizəsi kabineti və 718 güşə yaradılmış, bununla da kabinetlərin sayı 61-ə, guşələrin sayı isə 2060-a çatdırılmışdır.

Ötən 15 il ərzində bu müsabiqəyə 25000-dən çox müəssisə və təşkilat qatılmış, onlardan 645-i bu yüksək ada layiq görülərək Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Bu o deməkdir ki, 25000-dən yuxarı müəssisənin işəgötürənləri müsabiqədə iştirak etmək üçün təşəbbüs və fəallıq göstəriblər. Müsabiqənin keçirildiyi müddətdə ölkənin bütün şəhər və rayonlarında 2331 nəfərin iştirak etdiyi seminar, yığıncaq, toplantı və dəyirmi masa keçirilmişdir. Hesab edirəm ki, bundan sonra da bu işin davam etdirilməsi həm bizim, həm də işəgötürənlərin xeyrinə olacaqdır.

2023-cü ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına iştirak üçün 2560-dan artıq müəssisə, təşkilat, sex və sahədən 291 sənəd daxil olmuşdur. Müsabiqə Komissiyasının iclasında daxil olmuş sənədlərin hamısı müzakirə edilmiş, yekdil qərarla 67 müəssisə, təşkilat, sex və sahə İcraiyyə Komitəsinin qərarı ilə müsabiqənin qalibi elan olunmuşdur.

Müsabiqənin keçirildiyi dövrdə ilk həmkarlar ittifaqı komitələrinin 396, əməyin mühafizəsi komissiyalarının 175 iclasında əməyin mühafizəsi və təhlükəsizliyi müzakirə mövzusu olmuşdur. Bu dövrdə işəgötürənlərlə işçilər arasında yaranmış 45 mübahisəli məsələ yerində həll edilmişdir.

Göründüyü kimi, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini vermişdir. Burada həmkarlar ittifaqları fəalları ilə yanaşı, çox sayda işəgötürənlərin nümayəndələrinin, aidiyyəti dövlət qurumlarının əməyi az olmamışdır və biz bu əməyi qiymətləndiririk.

Əldə olunan müsbət nəticələr AHİK və üzv təşkilatları, həmçinin işəgötürənlər tərəfindən bundan sonra da davam etdiriləcək və qarşıda duran problemlərin aradan qaldırılmasına birgə səy göstərəcəyik.

Çıxışımın sonunda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsi qaliblərini qazandıqları bu yüksək nailiyyətlərə görə tədbir iştirakçıları adından və şəxsən öz adımdan təbrik edir, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayım.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal      Nəsirli çıxışında əmək münasibətlərindən, əməyin mühafizəsindən, sağlam və təhlükəsiz əmək şəraitindən, işəgötürənlərin və işçilərin hüquqlarından, qanunvericilik bazasından və bu sahədə qarşıda duran vəzifələrdən söz açıb.

BƏT-in Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev isə təmsil etdiyi təşkilatla Azərbaycan həmkarlar ittifaqları arasında olan faydalı münasibətlərdən, qurumun konvensiyalarının əhəmiyyətindən, birgə əməkdaşlıq çərçivəsində qarşıda duran vəzifələrdən danışıb.

Sonda, müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da daxil olmaqla, sahələr üzrə həmkarlar ittifaqını təmsil edən 67 qalib müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR:

Foto