Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gənclik coşqusundan yoğrulan festival

Bir- birindən dəyərli, əsasən vətənpərvərlik mövzusunda sərgilənən musiqilər, göz oxşayan milli geyimlərdə təqdim  olunan rəqslər, şeirlər bir daha sübut edirdi ki, Ulu   Öndər Heydər Əliyevin Azərbaycan tarixində qoyduğu mədəni irs, gənclərə, gələcəyimizə göstərdiyi qayğı öz bəhrəsini verməkdədir.

10.05.2024 00:36
18
A+
A-

Mayın 7-də Heydər Əliyev Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunmuş bədii yaradıcılıq festivalının yekun konserti keçirildi.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə təşkil olunan festivalda 26 ali təhsil müəssisəsinin, o cümlədən Naxçıvan Dövlət Universitetinin tələbələrindən ibarət özfəaliyyət kollektivləri iştirak edirdi. Bu il festivalın 1 və 2-ci mərhələlərində iştirakçıların sayı 3 min nəfərdən çox olub.

“Tədbirin əsas məqsədi tələbələrə milli vətənpərvərlik ruhu aşılamaq, onları  mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, bədii-estetik səviyyələrini yüksəltməkdir. Sözsüz ki, Azərbaycanda bütün sahələrdə Heydər Əliyev irsi hiss olunur. Biz də Ulu Öndərin mədəniyyətimizə, incəsənətimizə, təhsilimizə göstərdiyi diqqət və qayğını, bu sahənin inkişafına töhfəsini unutmuruq və bu irsi davam etdirmək üçün əlimizdən gələni əsirgəmirik”.

Bunu festivalın münsiflər heyətinin üzvü, Xalq artisti Samir Cəfərov bildirdi. Dedi ki, bu tədbiri keçirməklə, biz mədəniyyət xadimləri, Elm və Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi gözəl bir ənənə yaşadırıq. Festival  mədəniyyətimizin ayrı-ayrı növləri üzrə istedadlı tələbə gənclərin üzə çıxarılmasına, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Münsiflər heyətinin üzvü kimi, müşahidələrim göstərdi ki, ümumiyyətlə, tələbələr festivala xüsusi  maraqla qoşulurlar. İstedadlı tələbələrə böyük şans verilir, onlar bu şansdan maksimum yararlanırlar. Heydər Əliyev Sarayı kimi möhtəşəm bir arenanın səhnəsindən çıxış etməyin özü elə böyük bir şansdır.

Xalq artisti sözünün sonunda dedi ki, bir neçə dəqiqədən sonra festival iştirakçıları səhnədə nəyə qadir olduqlarını nümayiş etdirəcəklər. Buyurun, özünüz də dediklərimin şahidi olun.

Tədbir tələbələrin coşqulu alqışları ilə başladı. Bir- birindən dəyərli, əsasən vətənpərvərlik mövzusunda sərgilənən musiqilər, göz oxşayan milli geyimlərdə təqdim  olunan rəqslər, şeirlər bir daha sübut edirdi ki, Ulu   Öndər Heydər Əliyevin Azərbaycan tarixində qoyduğu mədəni irs, gənclərə, gələcəyimizə göstərdiyi qayğı öz bəhrəsini verməkdədir.

Qeyd edək ki, Ümummilli    Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən hər il keçirilir. Qalibləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi mükafatlandırır.

Festivalda Azərbaycanın torpaqlarımızın azadlığı uğrunda mübarizədə əldə etdiyi uğurlar tərənnüm olunurdu.  “Eşq olsun Azərbaycan əsgərinə!”, “İgid əsgər, irəli!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Prezident-Xalq-Ordu birliyi sarsılmazdır” kimi vətənpərvər ruhlu mahnılar, rəqslər zalda da böyük coşqu ilə qarşılanırdı. Xüsusilə “Qarabağ Azərbaycandır!” rəqsi zalda əyləşmiş gənclərin sürəkli alqışları ilə müşayiət olundu. Zəfər yaşadığımız günlərdə olduğu kimi, tələbələri izlədikcə mən də qürur dolu hisslər yaşayırdım. Bir sözlə, festival gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsinin bariz nümunəsi idi.

Müsabiqədə iştirak edən Dillər Universitetinin tələbəsi Nərgiz Səfərli dedi ki, dekabr ayından festivala hazırlaşırıq: “Biz də bu tədbirdə dəfələrlə iştirak etmişik, həmişə ikinci yeri tutmuşuq. Əlbəttə, birinci yerdə olmağı da arzulayırıq. Amma müsabiqə o qədər maraqlı, əyləncəli keçir ki, birincilik iddiası o qədər də mühüm olmur, önəmli olan tədbirdə cani-könüldən, həvəslə iştirak etməkdir, öz üzərimizdə ildən-ilə daha çox çalışmaqdır.

Dedi ki, bizim universitetimizin həmkarlar ittifaqı komitəsinin sədri Zəhra Hüseynova  hər zaman müsabiqələrdə, istərsə də asudə vaxtımızın təşkili ilə bağlı universitet tərəfindən görülən işlərdə  bizə dəstək olur: “Qeyd etmək istəyirəm ki, bu müsabiqələrin, yarışların və digər aktivitələrin  keçirilməsində tələbə həmkarlar ittifaqı komitələrinin fəallığı çox önəmlidir. Çünki bu  tələbələrin asudə vaxtlarının səmərəli və mənalı təşkili ilə yanaşı, tələbə gənclərin mənfi hallara meyilinin qarşısının alınmasında da mühüm rol oynayır”.

Bakı Mühəndislik Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova isə festivala tələbələrin necə seçilməsindən danışdı. Dedi ki, hələ festivaldan xeyli əvvəl universitetimizdə fakültələr arasında bədii yaradıcılıq üzrə qabiliyyəti olan tələbələrlə görüş keçirdirik. Müəyyən məşqlərdən sonra onlar dəyərləndirilir. Münsiflər heyəti universitetimizə gələndə onlar öz bacarıqlarını nümayiş etdirirlər. Festival bu yöndə istedadlarını inkişaf etdirməyi planlaşdıran tələbələr üçün əsl motivasiya xarakteri daşıyır.

Tədbir Xalq artisti Samir Cəfərovun “Vətən” mahnısı və tələbələrin coşqulu alqışları  ilə yekunlaşdı.

Yekun konsertində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, sədr müavini Aqil Dadaşov, Katib-Aparat rəhbəri Həsən Cəfərov, Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, ali məkbəblərin rektorları, prorektorları və sahə Hİ Respublika Komitəsinin məsul işçiləri, festival-müsabiqənin münsiflər heyətinin üzvləri iştirak etdilər.

Əsli TELMANQIZI

 

ETİKETLƏR: