Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Məhkəmə qətnaməsini izah etmək haqqında məlumat verməyinizi xahiş edirəm.

- Mülki Prosessual Məcəllənin 230-cu maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.

22.09.2021 11:31
262
A+
A-

Məhkəmə qətnaməsini izah etmək haqqında məlumat verməyinizi xahiş edirəm.

    

İlkin MANAFOV, Bakı şəhəri.

 

- Mülki Prosessual Məcəllənin 230-cu maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.

Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir.

Qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir.

Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadı tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər.

Amma qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 269-cu maddəsinə uyğun olaraq şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır.Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə, bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

 

Özəl təhsil müəssisələri necə maliyyələşdirilir?

 

Sevinc ƏLİZADƏ, Şirvan şəhəri

 

- “Təhsil haqqında” qanuna əsasən, özəl təhsil müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir.

Özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq, sərbəst müəyyən edir.

Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

Qanunun 40-cı maddəsində qeyd edilir ki, özəl təhsil müəssisələri:

- təhsil xidmətlərinə görə əldə etdiyi vəsaitlər;

- təsisçilərin (himayəçilərin) vəsaitləri;

- qanunvericiliyə uyğun olaraq aldıqları qrantların və kreditlərin məbləğləri;

- hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr;

- təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə etdikləri vəsaitlər;

- qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər hesabına maliyyələşdirilir.

 

Hakim hansı hallarda əlavə qətnamə çıxara bilər?

    

Sabir HƏMİDOV, Daşkəsən rayonu.

- Mülki Prosessual Məcəllənin 229-cu maddəsinə əsasən, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər:

- işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa;

- hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə;

- məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə.

Onu da qeyd etmək lazımdır ki,əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur.

Əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər.

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə təhsil alması necə tənzimlənir?

Yavər VƏLİYEV, Bakı şəhəri.

- “Təhsil haqqında” Qanuna əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.

Lakin qeyd edək ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.

 

Hakim qətnamədə buraxılmış səhvləri düzəldə bilərmi?

 

Cəlal MƏMMƏDOV, Beyləqan rayonu.

- Bəli, Mülki Prosessual Məcəllənin 228-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.

Düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər.

ETİKETLƏR: