Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müharibə zamanı orduda xidmət etmişəm və döyüşlərdə olmuşam. Eşitmişəm, bu dövr pensiya hesablananda güzəştli hesab olunmalıdır, bu, doğrudurmu?

Nail İBRAHİMOV, İmişli rayonu.

15.05.2024 14:40
8
A+
A-

- Bəli, “Əmək pensiyaları haqqında” qanunun tələblərinə əsasən, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə -  ikiqat ölçüdə daxil edilir.

 

Çöl şəraitində işləyirik, daimi yaşayış yerimizə qayıda bilmirik. Müəssisə bizə əlavə vəsait verir. Bunun miqdarı qanunvericiliklə nə qədər nəzərdə tutulub?

Həsən ALIYEV,

Siyəzən rayonu.

-Bəzi müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə əlavə vəsait verilir. Ezamiyyə xərclərinin normalarına əsasən, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 20,0 manat əlavə vəsait verilir.

 

 

 

Uşağın maraqlarına toxunan ailə məsələlərində mediator hansı hərəkəti etməlidir?

Şəbnəm QURBANOVA,

Sumqayıt şəhəri.

-“Mediasiya haqqında” qanuna əsasən, uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır.

Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər.

Mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməyə borcludur.

Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 

ETİKETLƏR: