Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan “yaşıl maliyyə”

 layihələrinə start verir

22.05.2024 12:48
37
A+
A-

Mərkəzi Bank (MB) tərəfindən hazırlanmış Dayanıqlı Maliyyə üzrə Strateji Yol Xəritəsində müasir rəqəmsal və elektron maliyyə tətbiqləri, maliyyə xidmətləri çeşidlərinin artırılması, vətəndaşlar üçün daha əlçatan və asan maliyyə xidmətlərinin göstərilməsi, bank təhlükəsizliyinin gücləndirilməsi və digər hədəflər yer alıb. MB-nin sədri Taleh Kazımov bildirib ki, yeni strategiyanın mühüm prioritetlərindən biri də “yaşıl iqtisadiyyat” quruculuğuna əsaslanan maliyyə sektorunun “yaşıllaşdırılması”dır. Azərbaycan hökumətinin iqlim dəyişiklikləri ilə mübarizə strategiyasına uyğun olaraq maliyyə sektorunda da “yaşıl artım” alətlərinə xüsusi üstünlük verilməsi nəzərdə tutulur.

Qlobal çağırışlara uyğun olaraq Azərbaycanın bank və maliyyə sektorlarının, eləcə də sığorta bazarının “yaşıl iqtisadiyyat”a transformasiyası üçün addımlar atılacaq. Qlobal iqtisadiyyatın tamhüquqlu üzvü olan və hazırda COP29 kimi dünya miqyaslı nəhəng missiyanı üzərinə götürmüş Azərbaycan bu məsuliyyətli tədbirlər kursuna uyğun olaraq öz iqtisadiyyatını iqlim dəyişmələri ilə əlaqədar meydana çıxan problemlərdən qorumaq üçün “yaşıl iqtisadiyyat” layihələrinə sərmayələri artırmalıdır. Bu məsələdə, sözsüz ki, əsas yük Mərkəzi Bankın üzərinə düşür, çünki ölkədəki bankların və maliyyə təşkilatlarının beynəlxalq təcrübəni mənimsəməsi və “yaşıl texnologiyaları” tətbiq etməsində koordinasiya məsələləri MB-nin nəzarətindədir.

Bütün bu reallıqları nəzərə alan Mərkəzi Bank “yaşıl maliyyə” siyasətini bir neçə istiqamət üzrə fokuslaşdırıb.

Birinci istiqamət “yaşıl sərmayələr”dir. Hazırda qlobal miqyasda “yaşıl” ehtiyacların ödənilməsinin bir aləti kimi “yaşıl investisiyalar”dan geniş istifadə olunur. Son bir ildə ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinə xarici investorların cəlb edilməsi və bir neçə şirkətlə sazişlərin imzalanması artıq bu ekosistemin infrastrukturunun qurulduğunu təsdiqləyir.

İkinci istiqamət “yaşıl istiqrazlar”ın emissiyasıdır ki, bu qiymətli kağızların buraxılışı üçün xarici təcrübədən irəli gələn məsələlərin həlli məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsinə ehtiyac vardır. Bu plana əsasən, MB tərəfindən maliyyə və bank icmasının birgə iştirakı ilə aparılmış məsləhətləşmələrdən sonra, təkliflər nəzərə alınaraq, layihə hazırlanaraq hökumətə təqdim edilib. Əsas xətt “yaşıl istiqrazlar”ın tənzimləmə çərçivəsinin hazırlanmasından sonra bu kağızları qiymətli kağızlar bazarına inteqrasiya etməkdir.

Hazırda dünyada “yaşıl investisiya” portfelində dövlət və özəl maliyyələşmə sxeminin ən çox təsadüf olunan hissəsi “yaşıl istiqrazlar”dır. “Yaşıl istiqrazlar” iqlim dəyişikliyinə davamlı olan iqtisadiyyata keçid üçün əlavə resursları toplamaq məqsədilə istifadə edilən investisiya mənbəyidir və 100-dən çox ölkə bu maliyyə mənbəyinə daha çox üstünlük verir. Beynəlxalq Maliyyə Korporasiyasının hesabatına görə, 2022-ci ilə qədər ümumilikdə 250 milyard dollar həcmində “yaşıl istiqrazlar” buraxılıb ki, bu kağızların yarısı maliyyə institutları tərəfindən emissiya edilib. Bu istiqrazların təxminən 34 faizi bərpa olunan enerji mənbələrinə ayrılır.

Avropa İttifaqının bir çox ölkələrdə maliyyələşdirdiyi “Ətraf Mühit Naminə” proqramında da “yaşıl istiqrazlar”la bağlı layihələrdə təmsil olunan biznes icmasının sayı az deyil. Bu kağızlar əsasən iqlim dəyişikliyinə qarşı davamlı olaraq səylər göstərən, “yaşıl iqtisadiyyat”da təşəbbüskarlıq edən şirkətlərə aşağı faizlə və hədsiz dərəcədə sərfəli və güzəştli şərtlər əsasında verilir. Avropada həmin istiqrazlar təmiz ekoloji layihələrə, xüsusilə də elektroavtomobil sənayesi, bərpa olunan enerji mənbələri, kiçik su elektrik stansiyaları, enerjiyə qənaət edən sektorlar, hava, su və torpaq çirklənməsinin azaldılması, təkrar emal və tullantıların idarə olunması və təmiz nəqliyyat sahələri üzrə ixtisaslaşmış şirkətlər və biznes ailələri əldə edir.

Digər bir maliyyəlləşmə mənbəyi “yaşıl enerji subsidiya”larıdır. Bu model də Aİ ölkələrində geniş yayılmış maliyyə alətlərindən biridir. Belə ki, müxtəlif ekoloji fondlar, eləcə də BMT-nin ətraf mühitlə bağlı qurumları da Aİ ilə əməkdaşlıq çərçivəsində ekoloji subsidiyaların ayrılmasında fəal rol oynayır. Aİ ölkələrindən Norveç, Finlandiya, İrlandiya, Niderland daha çox “yaşıl subsidiya”lar üzrə tanınır. Kiçik biznes üzvlərinə verilən bu subsidiyalar əvəzsizdir və geri qaytarılmır.

Dünya ölkələrinin bank-maliyyə sistemində geniş tətbiq olunan digər maliyyə alətlərindən biri “yaşıl kredit”lərdir. Bu siyasət tədbirlərinin əsas məqsədi ekoloji layihələrə, bərpa olunan enerji mənbələrinə sərmayə axtaran biznes təşkilatlarına, ekoturizm sənayesinə, eləcə də təmiz kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli və asan kreditlərin verilməsini təşviq etməkdir. MB hesab edir ki, hazırda Azərbaycanın maliyyə sektoru tərəfindən verilmiş kreditlərin təxminən 50 %-i ekologiyaya həssas sektorları əhatə edir. Belə ki, krediti əldə edən təşkilatların icra etdiyi layihələr sırasında istixana qazlarını artıran sektorlar, kənd təsərrüfatı və tullantılar sektorları xüsusi yer tutur. Ancaq bununla belə, birbaşa təmiz ekoloji təminatlı sahələrin, o cümlədən aqrar sahədə təmiz kənd təsərrüfatı istehsalı təyinatlı biznes layihələrinin kreditlərə böyük ehtiyacı vardır, onlar neçə ildir ki, maliyyə sıxıntısı ucbatından bu cür istehsal-emal bölmələrini qura bilmirlər. Xüsusilə də regionlarda kiçik ailə təsərrüfatlarının təmiz məhsul istehsalı üçün biznes planları maliyyə ehtiyacı səbəbindən gerçəkləşə bilmir. Bu baxımdan “yaşıl kredit” siyasəti əlçatan və səmərəverici olduğu halda, Azərbaycanda təmiz qida sənayesinin formalaşması da gerçəkləşəcək.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: