Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əkiz uşağım var, amma qismən ödənilən sosial məzuniyyətə çıxmamışam. Rəhbərlik mənə uşaqları yedizdirmək üçün 30 dəqiqə  və yaxud bir saat fasilə verməlidirmi?

Solmaz İSGƏNDƏROVA, Şirvan şəhəri.

22.05.2024 16:10
12
A+
A-

Əkiz uşağım var, amma qismən ödənilən sosial məzuniyyətə çıxmamışam. Rəhbərlik mənə uşaqları yedizdirmək üçün 30 dəqiqə  və yaxud bir saat fasilə verməlidirmi?

Solmaz İSGƏNDƏROVA, Şirvan şəhəri.

 

- Əmək Məcəlləsinin 244-cü maddəsinə əsasən, yaşyarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaşyarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əməkhaqqı saxlanılır. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.

 

Əmək müqaviləsi ilə çalışıram. Uşağım 14 yaşındadır. İşəgötürən məni natamam iş gününə keçirə bilərmi? Həm də bilmək istəyirəm, uşağımı tibbi müayinədən keçirmək üçün aparanda əməkhaqqımdan tutulacaqmı?

Esmira QULİYEVA, Sumqayıt şəhəri.

 

- Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, hamilə, 14 yaşına çatmamış uşağı, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.

Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Azyaşlı uşaqları olan qadınlar üçün müəyyən edilmiş hüquqlar üzrə bütün təminatlar uşaqlarını müəyyən səbəbdən (uşaqların anası öldükdə, valideynlik hüququndan məhrum edildikdə, müəyyən müddət müalicə müəssisələrində və azadlıqdan məhrumetmə yerlərində olduqda) anasız təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına şamil edilir (ƏM, maddə 246).

 

Şəxs hansı hallarda ölmüş elan edilə bilər? Ölmüş elan edilən şəxsin olduğu yer sonradan  aşkar edilərsə və onun əmlakı başqalarına verilibsə, onda nə etmək lazımdır?

Zərifə CAVADOVA,

Bakı şəhəri.

 

- Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.

Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.

Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

Yuxarıda qeyd edilən hallarda məhkəmə şəxsin həlak olmasının güman edildiyi günü onun ölüm günü saya bilər.

Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir.

Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər.

Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin.

Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır.

ETİKETLƏR: